Sizin reklam burada
Sizin reklam burada
  • Sizin üçün darıxıram, UŞAQLAR...

    Sizin üçün darıxıram, UŞAQLAR... Onlar özləri də bilmədən, bir birinin həyatının tərkib hissəsinə çevrilmişdilər.
    Mayn RİD

    45 il əvvəl – Abşeronun beyin qaynadan yay günlərində tanış olmuşduq. 40 il əvvəl – ali təhsil haqqında diplom alaraq, bir-birimizə “Bu gün həmişəlik ayrılırıqmı?” – sualını verərək, küləyin əlindəki ağ buludlar kimi hərəmiz bir tərəfə dağılışmışdıq.
    ... Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu... Mədəni –maarif fakültəsi... Klub işinin təşkilatçı metodisti ixtisası... A və B qrupları... Əlli nəfər... Qiyabi şöbədə oxuduğumuza görə beş il tələbəlik illəri yaşamışdıq. Orta məktəbi elə həmin il – 1977-ci ildə qurtarıb ali məktəbə qəbul olanımız da var idi, mənim kimi orta məktəbi 71-ci ildə bitirib ali məktəbə 77-ci ildə qəbul olunan da. Məndən yaşlılar da var idi, bura gələnədək texnikum bitirənlər də.
    Əsas o idi ki, Tanrı bizi həmin il həmin ünvanda görüşdürmüşdü ki, 45 il sonra mən bu sətirləri yazım. Doğrudur, diplomumuzun 20 və 30 illiklərini də mətbuatda bacardığım səviyyədə işıqlandırmışdım. Amma indi... bacardığım səviyyədə söz deyəcəyimə inanmıram. Deyə biləcəyim ən böyük həqiqət ondan ibarətdir ki, Sizin üçün darıxıram, uşaqlar...
    Biz – həmin əlli nəfər arasından beşimiz elə seçilmişdik ki, hətta başqa fakültələrdə oxuyanlar və ya bizdən aşağı kurslarda təhsil alanlar da həmin seçimi “beşlər”, “beşlik” kini tanıyırdılar. O beşlikdə Nüsrət Nəsirov və Şamir Vəliyev məndən yaşca böyük, Pənah Süleymanov yaşıdım, İsgəndər Namazov isə bir az kiçik idi. Buna baxmayaraq, beşlik İsgəndərin orbitində fırlanırdı. Nüsrət olduqca təmkinli və səbrli, Şamir kifayət qədər savadlı və məlumatlı, Pənah heç zaman özündən çıxmayan, daim sülhə, əmin-amanlığa can atan idi. İsgəndər isə sanki bizi istənilən vəziyyətdən çıxarmaq üçün yaranmışdı.Onun şuxluğu, nikbinliyi, müsbət aura yarada bilmək bacarığı və hazırcavablılığı təkcə bizi məmnun etmirdi, müəllimlərimiz tərəfindən də müsbət qiymətləndirilirdi. Allaha şükür ki, bu gün də elədir.
    İnstitutu bitirən kimi Bakıda– ixtisasla yanaşı orta təhsil də verən peşə məktəblərindən birində “Estetikanın əsasları” fənnindən dərs deməli oldum. Hər dəfə dərsə girəndə elə bilirdim ki, partalardan birində bizim “beşlik”dən kimsə oturub. Diqqətlə baxırdım, yox idi. Qızlar qrupundakı dərslərim daha cansıxıcı olurdu. Orada Təranə Balayevanı, Saçlı Məlikməmmədovanı, Nanəgül Həmidovanı, Sinəxanım Məmmədovanı, Gülçöhrə Quliyevanı, Rahibə Seyidovanı görmək umurdum. Ali təhsilli Təranə gəlib peşə məktəbi auditoriyasında oturmalı deyildi ki...
    Hansısa tədbirdə iştirak edəndə, kimsə məni çağıranda elə bilirdim ki, indicə Nüsrət də çağıracaq: “Qaçayeeeev!” O, məni tələbəlik ilklərində elə çağırırdı. Hansısa məclisdə mənə söz veriləndə Şamirin səsi qulağıma gəlirdi: “Aha, indi yeni nə isə deyiləcək” – tələbəlik illərində bütün məclislərimizdə mənə söz veriləndə Şamir həmin ifadəni təkrarlayırdı. Kimsə mənə qarşı haqsızlıq edəndə Pənahın məzəmmət dolu gülümsər baxışı yadıma düşürdü, dözürdüm. İş bərkə düşəndə “Namazov, hardasan, bu danaya cavab verə bilmirəm!” –deyə qışqırmaq istəyirdim. Axır ki, götürüb bir yazı hazırladım: “Sizin üçün darıxıram, uşaqlar.”Heç bir qəzet vermədi. Çox sonralar dostum və həmkarım İlqar Həsənovun “Sizin üçün darıxmışam, uşaqlar!”adlı yazısı ilə tanış oldum.
    Beləcə, on il ötdü və institutu bitirəndən sonra Mədəniyyət Nazirliyi sistemində çalışan Təranə Balayevanın bir tədbirdə İdgəndər Namazovla görüşməsi, onların tələbə yoldaşlarımızı bir yerə yığmaq barədə razılaşması ünsiyyətimizin ikinci mərhələsinə start verdi. 2002-ci ildə toplaşdığımız ilk məclisimizdə otuza qədər tələbə yoldaşımız və iki müəllimimiz iştirak edirdi. Sizin üçün darıxıram, UŞAQLAR...
    Həmin toplantının nəticələrini kim necə qiymətləndirirsə, öz işidir. Mənim fikrimcə isə o görüşün ən başlıca nəticəsi yeni orbitimizin yaranması oldu. Belə ki, tələbəlik illərində biz İsgəndərin orbitində fırlanırdıqsa, 2002-ci ildən sonra Təranənin orbitində fırlanmalı olduq. İsgəndər bu statusdan imtina etmək istəməmişdi. Elə Təranə də belə bir statusa yiyələnmək arzusunda deyildi. Sadəcə həyat işləri bu məcraya yönəltmişdi. Ancaq Təranənin orbitində fırlansaq da, əsas məkanımız İsgəndər ocağı oldu. İsgəndər həmin ildən ta pandemiya başlayana qədər hər il bizi öz ocağı başına toplamaqdan ləzzət alırdı. Bizim hər birimizi həmin tədbirlərə Təranə toplayırdı.
    İyirmi illikdəki tədbirimizdən sonra hər il görüşdük və sıramıza starostamız, mərhum Adil Səlimov, Əməkdar artist, mərhum Telman Əliyev, Əməkdar artist Nazir Rüstəmov, Əməkdar artist Aslan Fətullayev, Səlahəddin Mürsəliyev, eləcə də cənub bölgəmizin tanınmış müğənnisi kimi ad çıxarmış Şakir Kərimov, Hafiz Abbasov və digər gənclik dostlarımız da qatıldılar. İstənilən görüşümüz əvvəlki təmaslarımızdan maraqlı olurdu. Eyni zamanda bütün görüşlərimizdə sıralarımızı vaxtsız tərk etmiş dostlarımızın, yoldaşlarımızın nisgilini yaşayırıq.
    Yeru gəlmişkən, sıralarımızı tərk edənlərin önündə gedən – “beşliyimizin” təşəbbüskar, savadlı və bir məsələdən başqa bütün məsələlərin yönünü bilən üzvü olmuş Şamir Vəliyevin əli və ya ayağı “yüngül” olmuşdu. Çünki lilli-bulanıq qara sellər Şamiri aparandan sonra ardınca Nemət Rzayev, Əlislam Səmədov, Əli Hüseynov, Adil Səlimov, Telman Əliyev, Həbib Rzayev, Zülfüqar Biləsuvarlı, Səlahəddin Mürsəliyev və digər həmsöhbətlərimiz getdilər. Nəhayət, bu ilin mart ayında Şakir Kərimov qəflətən dünyasını dəyişdi.
    Bu məqamda bir məsələni də qeyd edim ki, Şakirin vəfatından sonra mənə zəng edən İsgəndər Namazov dedi ki, Şakir haqqında bir yazı hazırla və sərlövhəsini də belə qoy: “Görəsən dünyaya nöş gəlib insan?” Söhbət ondan gedirdi ki, Şakir əksəriyyətimizin övladının toyunda sidq-ürəklə iştirak edir, “Görəsən dünyaya nöş gəlib insan?” adlı mahnı da daxil olmaqla bir neçə musiqi ifa edirdi. Allah rəhmət eləsin!
    İsgəndərə “yaxşı” dedim və artıq üç aydır ki, həmin yazını tamamlaya bilmirəm.
    Bu sətirləri bədbin, nisgilli notlarla tamamlamamaq üçün tələbəlik illərimizdə şahidi olduğumuz bir faktı yada salmaq istəyirəm.
    Bir dəfə Əlislam Səmədovla Vaqif Həsrətov Emin müəllimin dərsinə gecikmişdilər. Müəllim soruşdu ki, haradasınız, niyə gecikirsiniz?
    Əlislam boyca onlardan çox kiçik olan Aslan Fətullayev haqqında təsəvvür yaratmaq üçün əlini dizinə çatacaq qədər aşağıda tutub dedi: – Aslanla foto çəkdirirdik.
    Emin müəllim qayıtdı ki, çəkdirin, altında da yazın ki, “Aslan və iki öküz”. Əlislam məğlubiyyətlə barışmayaraq əlavə etdi: “O, bizim yanımızda Aslan ola bilməz”. Emin müəllim də davam etdi: – Deyirsən yəni, siz öküz ola bilərsiniz, o, aslan ola bilməz?”
    Qərəz, getdi o günlər. İndi İsgəndər Namazov məni tanıyan dostlarla görüşındə soruşur ki, 45 il qabaq, bizim oxuduğumuz patokda, ilk semestr imtahanında ilk “ 2”ni kim almışdı?
    Mən almışdım, Namazov! Həmin müəllimdən sonuncu kursun son imtahanında ilk “5”-də elə mən almışdım. Getdi o günlər...
    45 il əvvəl – Abşeronun beyin qaynadan yay günlərində tanış olmuşduq...

    İttifaq QAÇAYEV – Mirzəbəyli
    Əməkdar jurnalist, təşkilatçı metodist
    Xırdalan, may, 2022-ci il.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ