Sizin reklam burada
Sizin reklam burada
  • Nümunəvi tibb ocağı

    Nümunəvi tibb ocağı Orxan Cəfərov: "Pandemiya bitdikdən sonra qarşıya xüsusi planlar qoymuşuq

    Bu gün Azərbaycan səhiyyəsinin inkişafı göz önündədir. Elə təkcə ötən ilin dekabrından dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı görülən operativ mübarizə tədbirləri və əldə olunan nəticələr buna bariz nümunəsidir.
    Ölkə rəhbərinin daim diqqət mərkəzində saxladığı bu sahə Ümumdünya Səhiyyə Təşkilatının da diqqətindən yayınmır. İxtisaslı tibb işçilərinin ölkə əhalisinin sağlamlığı naminə həyata keçirdikləri tibbi-profilaktik tədbirlər, müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tezliklə sağlam həyata qayıtmalarından ötrü göstərdikləri yüksək tibbi xidmətlər səhiyyəmizin bugünkü inkişafından xəbər verir. Azərbaycanda bir qədər fərqli, strateji və eyni zamanda nümunəvi tibb ocaqlarından biri də Respublika Narkoloji Mərkəz, publik hüquqi şəxsdir. Adından da göründüyü kimi, burada bir qədər fərqli pasiyentlər müalicə olunur və onlar xaraktercə cəmiyyətin ağrılı tiplərindəndir. Qeyd edək ki, xəstəxana son dərəcə müasir tibb qaydalarına tələb verən səviyyədə fəaliyyət göstərir. Əfsuslar olsun ki, yüksək maddi-texniki bazaya malik bu səhiyyə ocağının fəaliyyətinə kölgə salmaq istəyən “qələmbazlar” da meydana çıxır. Unutmamalıyıq ki, qərəz mərəz, həqiqət isə vicdan deməkdir. Dünyaya mərəz gözü ilə baxanlar təbii ki, orada hər nə varsa, hamısını baxdıqları qədər görəcəklər.
    Əsl həqiqəti görmək istəyənlər isə öncə cəhalət basmış gözlərinə su vurmalı, qaranı ağdan, ağı qaradan seçməyi bacarmalıdırlar.
    Əlqərəz… Haqqında söz açacağımız Respublika Narkoloji Mərkəzinin yaxın keçmişinə bələd olanlar, yəqin ki, bugünkü inkişaf temrindən, əldə olunan nailiyyətlərdən xəbərdardır. Odur ki, bəzi ağzıgöyçəklərin də daha müfəssəl məlumatı olsun deyə, qələm-kağızı götürüb üz tutduq Maştağaya…
    Məlumat üçün deyək ki, Narkoloji Mərkəzə yetərincə tibbi-psixoloji təcrübəyə, yüksək idarəçilik praktikasına malik gənc kadr Orxan Cəfərov başçılıq edir.
    Qısa təqdimat: Orxan Rasim oğlu Cəfərov 1984-cü ildə Bakıda anadan olub. Ali təhsillidir. Tibb Universitetinin Pediatriya fakültəsi üzrə bitirib. 2020-ci ilə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında həkim-psixiatr kimi şöbə müdiri vəzifəsində çalışıb.
    Ailəlidir, 2 övladı var.

    İnsafən qeyd etməliyik ki, rəhbər təyin olunandan bu yana əvvəlki illərdən yığılıb qalan çatışmazlıqları, nöqsanları aradan qaldırmaq, ilk növbədə isə pasiyentlərə tibbi xidmətin səviyyəsini yüksəltmək, onların digər problemlərinin həllinə nail olmaq, işçilərlə, kollektivlə münasibətləri balanslaşdırmaq, diqqət və qayğını artırmaq baş direktor Orxan Cəfərovun fəaliyyətinin əsas prioriteti olub. Hal-hazırda 350 nəfər pasiyentin müalicə aldığı bu səhiyyə ocağında çalışan işçilərin sayı 270 nəfərdir ki, onların da böyük əksəriyyəti ali təhsilli həkimdir.
    - Orxan müəllim, dağınıq kollektivi bir yerə yığmaq, sağlam kollektiv yaratmaq üçün işə necə başladız?
    - İlk öncə tanışlıq keçirdik, iş prinsiplərini izah etdim və sonra müştərək qaydada iş birliyi quraraq qarşılıqlı inzibati anlaşmayla, hər kəs öz işinin məsuliyyətini dərk edərək fəaliyyətə başladıq. Açığını deyim ki, bu gün bir rəhbər kimi kollektivin işindən çox razıyam. Onlar verilən tapşırıqları layiqincə yerinə yetirir, pasiyentlərlə davranış qaydalarından tutmuş tibbi xidmətədək nümunəvi fəaliyyət nümayiş etdirirlər. Çalışdım ki, mümkün qədər işimizi günün tələbləri səviyyəsində quraq və şükür ki, buna nail olduq.
    Mərkəzin nəzdindəki narkoloji dispanserlərimiz Gəncədə, Mingəçevirdə, Lənkəranda, Naxçıvanda fəaliyyət göstərir.
    - Rəhbərlik etdiyiniz Narkoloji Mərkəzdə hansı şöbələr fəaliyyət göstərir?
    - Burada 1 qadın şöbəsi, 5 kişi şöbəsi və bundan başqa məcburi müalicə şöbəsi var ki, o da 5 kişi şöbələrindən biridir. Orada məhkəmənin qərarıyla gələn narkoloji xəstəlikdən əziyyət çəkən xəstələr müalicə alır. Həmin məcburi müalicə şöbəsi ixtisaslaşmış şöbə sayılır. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq bu tip xəstələr 6 aydan 2 ilədək məhkəmənin qərarıyla məcburi müalicəyə cəlb olunur. Vəziyyətindən asılı olaraq yenidən məhkəməyə müraciət olunur və onların buraxılması məhkəmə tərəfindən növbəti qərar çıxdıqdan sonra təmin edilir.
    - İstərdim səhiyyəmizin müasir inkişaf predmetlərinə uyğun olaraq Respublika Narkoloji Mərkəzin iş prinsiplərindən söz açasız.
    - Ümumiyyətlə, ixtisaslaşmış şöbə istisna olunmaqla, ölkəmizdə narkoloji müalicə könüllülük prinsipləri əsasında həyata keçirilir; pasiyentlər könüllü olaraq müalicə olunmaq üçün qəbul şöbəsinə gəlib ərizə yazırlar və müalicəyə cəlb olunduqları müddət isə orta hesabla bir kurs, yəni 21 gün olur. Lakin müalicənin effektindən, sağlıq durumundan asılı olaraq zərurət olduqda vaxtından tez də çıxa bilərlər, vaxtlarını uzada da bilərlər. Qeyd etdiyim kimi, həkimlərimiz yetərincə təcrübəli narnoloqlardır.
    - Mərkəzin yaranma tarixinə qısa ekskurs etmək oxucular üçün də maraqlı olardı.
    - Mərkəz ilk dəfə 1986-cı ildə Respublika Narkoloji Dispanseri kimi fəaliyyətə başlayıb. Əvvəllər Zığda yerləşirdi. Orada baş verən məlum yanğın hadisəsindən sonra Maştağa qəsəbəsinə, hazırkı məkana köçürülərək tam müasir komplekslə təchiz və təmin olundu. Bir müddət Respublika Narkoloji Mərkəz kimi fəaliyyət göstərən tibb ocağı, bu ildən Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxs adlanır. Xəstələrə kifayət qədər yüksək tibbi xidmət olunur. Müalicə üçün qəbul olunan zaman həkim-məsləhət komissiyası tərəfindən diaqnoz qoyulur və yalnız bundan sonra 21 günlük kurs müalicəyə başlanılır. Həmin müddətdə xəstənin vəziyyəti normallaşdıqdan sonra evə yazılırlar və müəyyən tibbi tövsiyələr verilir. Təəssüf ki, bəzi pasiyentlər buna riayət etmir, evə yazıldıqdan sonra (söhbət sırf narkomaniyadan əziyyət çəkən pasiyentlərdən gedir – red.) onlar qaydaları pozaraq təkrar-təkrar xəstəxanaya qaytarılır...
    - Xəstəxanada hansı növ müalicə kursları fəaliyyət göstərir?
    - Hazırda müalicə üsullarından reabilitasiya tədbirləri, psixoterapiya kursları fəaliyyət göstərir ki, pasiyentlərə müalicə müddətində əsasən, bu tip tibbi xidmətlərdən istifadə olunur. Buraya qrup terapiyalar və fərdi terapiya daxildir.
    - Postpandemiya dövründə yəqin ki, yeni planlarınız da olacaq.
    - Bəli, pandemiya bitdikdən sonra xüsusi iş planları qarşıya qoymuşuq. Qərara almışıq ki, müalicədən sonra, yəni xəstə evə yazıldıqdan sonra da bizim qrup terapiyalarımızı müşayiət etsinlər. Bunun üçün burda postpandemiya dövründə dərnəklər təşkil edəcəyik.
    - Doktor, təəssüflə qeyd etməliyik ki, sıralarımızda ağa qara deyən bəzi üzləniraq “qələm” adamları da var ki, onlar zaman-zaman üzdə olan, işinin öhdəsindən layiqincə gələn ziyalılarımızı kölgə altına alır, şər-böhtan xarakterli yazılarla çıxış edirlər. Şübhə etmirəm ki, bu qaragüruhlar sizdən də yan ötməyir.
    - Olur, bəli. Təbii ki, bir ailədə hamının eyni xasiyyətdə olması mümkünsüzdür. Kənar müdaxilələrlə bəzən qarşılaşırıq. Müəyyən şəxsi məqsədlərlə, maddi maraqlarla gəlib şər-böhtan xarakterli söhbətlərlə qanınızı qaraldırlar təəssüf ki. Əlbəttə, belə neqativ hallar xəstəxananın fəaliyyətinə, aparılan müalicə işlərinə, həkim-pasiyent münasibətlərinə mane olur, pasiyentlərə rahatsızlıq gətirir. Lakin bütün bunlara baxmayaraq, biz öz işimizin başındayıq, fəaliyyətimizdə pozitivliyi ön plana çəkirik. Eyni zamanda, bir əsas məsələni bəzi “ağzıgöyçək”lərin nəzərinə çatdırmaq istəyirəm. Narkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicə olunması könüllülüklə yanaşı, paralel qaydada həm də anonimlik xarakteri daşıdığından burada hər hansı şəxslərin icazəsiz foto və ya video çəkilişləri aparması qəti qadağandır. Elələri ya bu qanunları bilmirlər, ya da bilərəkdən qanunazidd hərəkətlər edirlər. Təbii ki, elə olan halda qanun pozuntuları yaradan şantajçılar barədə aidiyyatı orqanlara məlumat verilir.
    Məsələnin digər tərəfini götürsək, bura Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisəsidir. Onlar onsuz da zərurət yaranan vaxtlarda öz yoxlamalarını keçirir, digər məlumatları alır, bir sözlə, fəaliyyətimizə yetərincə nəzarət edirlər.
    Biz, eyni zamanda Səhiyyə Nazirliyinin diqqət və qayğısından da kənardan qalmırıq. Odur ki, kənar müdaxilələrə heç bir ehtiyac qalmır və yoxdur. Bizim hesabat verəcəyimiz yalnız bir orqan var; bu, Səhiyyə Nazirliyidir! Burada respublikanın demək olar ki, bütün bölgələrindən şöbələr üzrə müalicə alan xəstələr var. Hər şöbədə isə 70-75 xəstə yatır.
    - Metadon proqramının tətbiqi ilə bağlı nə deyə bilərsiz?
    - Bəli, bu Dövlət Proqramıdır. Müalicə məqsədi daşıyan bu proqram əsasən, SPİD-in qarşısını almaq üçün yönəldilmiş tibbi-profilaktik tədbirlərdən biridir və həkim-məsləhət komissiyası tərəfindən həyata keçirilir. Bunun qısamüddətli və uzunmüddətli formaları var. Əgər pasiyent özü könüllü olaraq Metadon proqramı ilə müalicə almaq istəyirsə, o zaman həkim məsləhət komissiyası onun sağlamlığı imkan verən təqdirdə bu proqrama yazır və aidiyyatı məntəqələrimizdə gəlib metadonu qəbul edir.
    - Orxan müəllim, söhbətin əvvəlində siz buraya rəhbər təyin olunandan bu yana bir sıra problemlərin aradan qaldırılmasından söz açdız. Lakin indi toxunacağım məsələ təbiət gözəlliyi, estetika ilə bağlıdır ki, bu da xəstəxana həyətində büsbütün müşahidə olunur. Açığını desəm, təbiət aşiqi olduğumdan xəstəxana qapısından həyətə daxil olanda diqqətimi çəkən ilk növbədə növbənöv güllər-çiçəklər, ağaclar, bir sözlə yaşıl sahə oldu.
    - Əlbəttə, görülən yenilik işlərindən xəstəxananın ərazisi, həyətyanı sahəsi kənarda qalmayıb. Tamamilə quru sahəni əhatə edən həyətyanı sahədə 100-ə yaxın ağac, eyni zamanda müxtəlif növ güllər-çiçəklər əkilib və şəxsən mənim nəzarətim altında onlara vaxtlı-vaxtında qulluq olunur, güllərin, ağacların normal inkişafı üçün kökləri bellənir, torpaq yumşaldılır, suvarılır. Bu işlərin daimi həllini tapması üçün xüsusi işçilər ayırmışıq. Təbii ki, pasiyentlərin belə mənzərəni seyr etməsi onların sağlamlığına bilavasitə xidmət edir. Təkcə pasiyentlər deyil, eyni zamanda valideynlərin, digər qonaqların zövq alması üçün bu bir estetik gözəllik deməkdir.
    - Xəstəxanada mülkü müdafiə, yanğından qorunma məsələləri ilə bağlı hansı tədbirlər görülür?
    - Bilirsiniz ki və bayaq etdiyim kimi, Respublika Narkoloji Mərkəzi bundan əvvəl Bakının Zığ qəsəbəsində yerləşirdi. 2018-ci ilin mart ayında yanğın baş vermişdi və orda 25 nəfər xəstə yanaraq vəfat etmişdi. Odur ki, mən buraya rəhbər təyin olunan gündən bütün bunları nəzərə alaraq ilk növbədə yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi ön plana çəkdim və yanğınsöndürən balonların sayına, onların işlək vəziyyətdə olmasına, habelə siqnalizasiya sisteminin bloklarının saz vəziyyətdə olmasına ciddi nəzarət edirəm. Başqa sözlə, Mərkəzdə Mülki Müdafiə məsələsi fəaliyyətimizin prioritet istiqamətidir. Çünki, kontingent xəstəxananın, ümumilikdə səhiyyənin spesifik sahəsidir. Burada müalicə alan xəstələr halsız-yuxulu vəziyyətdə olarkən müəyyən yanğın problemləri ola bilər, ona görə həm şöbələrdə işçilərə bu barədə mütəmadi olaraq təlim keçirilir, yanğın təhlükəsizliyinə ciddi nəzarət olunur, həm də eyni zamanda, yanğın təhlükəsizliyi sistemləri tam nəzarətdə saxlanılır.
    Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, əvvəllər burada ümumi vəziyyət heç də ürəkaçan olmayıb. Tamamilə nəzarətdən kənar qalan bu tibb ocağının giriş qapısından tutmuş həyətyanı sahəsi, şöbələr bərbad halda idi. Mənim rəhbərliyimlə Mərkəzin girişində xüsusi mühafizə təyin olundu, gecələr tamamilə qaranlığa qərq olan həyətyanı sahədə müasir elektrik dirəkləri quraşdırılaraq işıqlandırma sistemləri həllini tapdı. Uçulub, sökülüb, tökülmüş korpuslar dam örtüyündən tutmuş otaqlara qədər tamamilə müasir dəbdə təmirdən çıxdı. Bir sözlə, indi burada hər şey müasir tələblərə cavab verir. Hələ bu son deyil. Daha önəmli planlarımız qarşıdadır.
    Nümunəvi tibb ocağıNümunəvi tibb ocağıNümunəvi tibb ocağıNümunəvi tibb ocağıNümunəvi tibb ocağıNümunəvi tibb ocağı
    P.S. Biz isə öz növbəmizdə sözügedən səhiyyə ocağından ayrılarkən yol boyunca elə hey fikirləşirdik; görəsən özlərini qələm adamı sayan bədnam “həmkarlarımız” nə vaxtacan qələmi kələmlə dəyişik salaraq ağa qara deyəcəklər, hə?
    Nümunəvi tibb ocağı
    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ