Sizin reklam burada
Sizin reklam burada
  • İcra başçısı ənənəvi olaraq növbəti dəfə Şəhid məzarını ziyarət etdi


    Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən igid oğulların şəhadətə yüksəlmələrinin iki illiyi ilə əlaqədar Saatlıda anım mərasimləri keçirilir.
    Noyabrın 30-da şəhid Rəşidov Natiq Məmmədrza oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilat rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
    Mərasimdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Natiq Rəşidovun keçdiyi şərəfli döyüş yolundan danışılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
    Şəhidlərin ailə üzvləri və yaxınları qəhrəman vətən övladı ilə bağlı xatirələrini bölüşüblər.
    Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək bildirdi ki, torpağı qanı ilə vətən edən oğullarımız daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.
    Eyni zamanda bildirilib ki, qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyib, Azərbaycan xalqına qələbə sevinci bəxş etdiribdir. Məhz bunun nəticəsidir ki, Respublikamızın hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətli Azərbaycan bayrağı dalğalanır.
    Şəhidlərimiz hər zaman var olacaqdır və daima hörmətlə xatırlanacaqdır. Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərimizin əziz xatirəsini daima uca tutaraq, şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərir, onlara yüksək həssaslıqla yanaşırlar.
    Bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarna, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda yaşayacaqlar.
    Mərasimdə şəhidin yaxınları göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdilər.
    Rəşidov Natiq Məmmədrza oğlu 2 sentyabr 1991-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdır.
    21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunmuşdur. Natiq Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının dediyinə görə Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və bir neçə düşmən tankını məhv etmişdir. 30 noyabrda doğulduğu Dədə Qorqud kəndində dəfn edilmişdir.
    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il Sərəncamı ilə Natiq Məmmədrza oğlu Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının " Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il Sərəncamı ilə Natiq Məmmədrza oğlu Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
    Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ