Sizin reklam burada
Sizin reklam burada
  • CƏNNƏT QAPISI (Hekayə)

    Xaliyar SƏFƏROV,
    1983-cü ildə Özbəkistanin Qəşqədərya vilayəti Çırakçı rayonunda anadan olub.
    2005-ci ildə Səmərqənd dövlət üniversitisinin özbək filologiyası fakültəsini bitirib.
    Əsərləri “Şərq üldüzü”, “Gənclik” jurnalları və “Özbəkistan ədəbiyyatı və sənəti”, “Kitab dünyası” və digər nəşrlərdə dərc olunub. Əsərləri rus, türk, qırğız və qaraqalpaq dillərinə tərcümə olunub.
    “Aysız gecələr” (2010, hekayələr), “Qanadsız quşlar” (2015, povest və həkayələr), “Namus və həyat” (2019, povest və hekayələr), “Anamın yalanları” (2024, hekayələr) adlı kitabları nəşr olunub.
    Hazırda “Özbəkistan tarixi” telekanalının “Elmi-populyar telefilmlər” redaksiyasının baş redaktoru.

    CƏNNƏT QAPISI
    Hekayə

    Sübh namazını qurtaran Qulam müəllim iki tərəfə salam verərək artıq yerindən qalxmaq üzrə idi ki, adət üzrə yan otaqdan iniltini xatırladan bir səs eşidildi. Səccadəni qatlayıb arasına təsbehi yərləşdirdi və pəncərənin kənarına qoydu. Arxaya çevrildi: qızı hələ yatır. Əlinə aftabə alıb, ocaqayvana doğru getdi. Bir az əvvəl sübh üçün ocaq qalayıb su qızdırmış və qumqanı közün üstündə buraxmişdi. Aftabədə ilıq su hazırlayıb geri döndü və bayır qapısının yanında tərsinə çevrilmiş mis ləyəni götürüb səs gələn otağın qapısı önünə gəldi, dəstəyi tutduğu halda sanki uca bir kəlami oxuyurmuş kimi səssizcə donub qaldı. Sonra qapını asta-asta itələdi. Burnuna qəfil çirk qarışıq üfunətli qoxu doldu.
    – Ya Tanrı... – Qulam müəllim işığı yandırdı.
    Otaqda altmışı keçəndə arvadını itirmiş, ardınca iki ay keçməmiş insult keçirib çürümüş çöp kimi olmuş, qurumuş bibər tək əyilmiş, körpə kimi yüngül, gözləri görsə də qulaqları tutulmuş, yaddaşı əlindən getdiyi üçün özünü dərk etməyən atası uzanmışdı. Baş tərəfdəki divardan bir naxışlı işləmə asılmış, iki sıra taxça qaldırılmış, ortasına alçaq şkaf qoyulmuşdu. Üstündə dərman-dərman qarmaqarışıq. Onun yuxarısında təxminən əlli yaşlarında ər-arvadın şəkli asılmış. Onda qalın qaşlı, enli alınlı, qartalburunlu, gəniş qamətli bir kişi və arıq, xəstəhal, solğun bir qadın. Qapı tərəfdəki əlüstü masada televizor vardı. Çarpayının qarşısında yerə bir döşək salınmışdı. Qulam müəllim orada oturur bə gecələr bəzən elə orada qalırdı. Gecə-gündüz atasının yanında. İndi də oyaq, tavana hissiz-hərəkətsiz baxan atasının üfunət verən yorğanını qaldırıb altlığı dəyişdi. Köhnə pambıq köynəyi ilıq suya batırıb ayıb yerlərini təmizlədi, sonra çarpayının üstünə oturdub üz-gözünü yudu. Yumşaq dəsmalla ehmalca quruladı... Amma ata bunların heç birini hiss etmirdi... Baxışları naməlum bir nöqtəyə zillənmiş, bir tonda nəfəs alır, dodağının kənarı sallanmış, ağzından gücsüzcə nəm axırdı.
    – Ata?..
    Cavab yox, hiss yox. İki ildən çoxdur ki bu hal.
    Qulam müəllim gözlərini sıxıb boğazına yığılan kədəri içinə çəkdi və atasını yenidən yerinə uzatdı. Dəstcoy və aftabəni götürüb çölə çıxdı.
    – Ata, çayı dəmləyim?
    Qulam müəllim qızına “indi” deyirmiş kimi bir baxış atdı və həyətin arxa tərəfinə yönəldi. Zibili çalaya töküb aftabədəki su ilə dəstcoyi yudu. Geri qayıdarkən ətrafa baxdı. Sübh açılırdı. Dörd bir yandan sərçələrin civiltisi, itlərin hürüşü, qoyunların mələməsi, uşaqların səsi gəlirdi. Qəlbi sıxıldı.
    – Qaynana üzsüzlük eləməsəydi, indi iki bala da evin qabağında civildəşərdih
    Qayınatanın yatağa düşməsi gəlinə məlal gəldi, burnu qırışdı. Məhrəm işləri Qulam müəllimin özü görsə də ilıq su hazırlamaq, evi yığışdırmaq, yeməyinə baxmaq get-gedə ona ağır düşməyə başladı. Bir həftə keçməmiş açıq-aşkar dedi:
    – Mən sizə atanızın altını təmizləyim deyə ərə gəlməmişəm!
    – Ay, ağzını yum! – Onsuz da boğazına qədər dolmuş Qulam müəllimin qanı qaynadı. – Nədir, məlal gəlir? Öz payıma düşəni özüm edirəm axı!
    – Yenə də bacaramırıq! Axı başqaları da baxsın!
    – Nə, atama baxa bilmirəm deyə şəhərdəki qardaşıma aparım yoxsa bacılarıma atım?
    – Nə edirsiniz edin! Amma mən baxmayacağam!
    – Bu evin çörəyini-duzunu yeyirsənsə, mən deyə gəlmisənsə, baxacaqsan!
    – Mən siz üçün gəlmişəm, atanıza görə deyil! – hönkürüb ağladı arvadı. – Bu adam nə etdiyimizi bilmir, hiss etmir, hətta bizim kim olduğumuzu da tanımır axı!
    – Ay axmaq! Axı o mənim atam!
    – Belə adamı qocalar evinə vermək lazımdır!
    Bu söz əsəbi gəlinin ağzından necə çıxıb, Qulam müəllim necə onun üzərinə cumub, bilmir. Dünya gözünə qaranlıq oldu. Günahlar əzəldən qadın səbəbilə yaranıb. Yadda qalanı – ürəyi qaralmış, səbrsiz arvadının fəryad edib onları qarğaması, uşaqları “Gəlin hamınız, atanız üfunətin içində otursun! Bu evdə artıq rahatlıq yox!” deyə çəkib aparması oldu. İbtidai sinifdə oxuyan iki oğlu quzu kimi anasının dalınca düşdü. Təkcə böyük qızı Nəsibə yanında qaldı.
    – Getmirəm! Babama kim baxacaq?! – deyə hıçqıraraq ağladı.
    – Gedək! – qışqırdı qadın. – Bu ev artıq çürüyəcək... bir məsliqxanəyə çevriləcək!
    Nəsibə özünü atasının pənahına atıb, belindən qucaqladı. Müəllimin bütün vücudu sarsıldı və dodaqları göyərmiş qadına baxaraq hayqırdı:
    – Yox ol, atan lənətə gəlsin! Bir də üzünü görməyim!
    Qadın getdi, qız qaldı. Qəzəbi sərt imiş. Getdiyi gündən bəri görünmədi. Qulam müəllim də qürur edib arxasınca düşmədi. Məktəbdəki işindən də ayrıldı.
    – Başqa çarəm yoxdur... – dedi direktora. – Sizi anlayıram, mənə də pul lazım, amma artıq işləyə bilmərəm. Bir gün gəlib, iki gün gələ bilməsəm, hər şey ortalıqda qalacaq. Xalqın balasını aldadıb nə edim? Bu qədərinə güc-bəla dözürəm, bir it günü keçib gedir... Bu vaxt atamın yanında olmalıyam.
    O gündən bəri pensiya ilə dolanır. Qohum-əqrəba, qonum-qonşu hal-əhval tutmağa, aş-nan gətirməyə gəlir. Şəhərdəki qardaşı kömək edir, bacıları xəbər alır. Çörək bişirib gedirlər. İki-üç gün qalırlar, amma hər kəsin ağlında ayrı fikir var. Qardaşı “gəlini geri gətir” deyir. Bacıları isə “elə cəhənnəm yox olsun” deyir.
    – Bu qadının adını yanımda çəkməyin... – Qulam müəllim alışıb-yanır. – Könül verib, bir yastığa baş qoyduğum qadının bu sınaqda belə tərsinə dönməsini həzm edə bilmirəm. İndi mənim cənnətim də, cəhənnəmim də atamdır... Evdəki vəziyyət sizi utandırırsa, bu barədə düşünməyin. Bitdi, vəssalam!
    Vəziyyət o qədər gərgin idi ki, hansı tərəfdən baxsan, bütün anlayışlar, baxışlar böyük bir fikir kimi ataya bağlanır, Hhisssiz, yaddaşsız, aciz halda uzanan möhtərəm atanın xidmətində olmaq övladlardan fədakarlıq və cəsarət tələb edirdi. Müəllim isə bunların hamısını heç bir gileysiz yerinə yetirirdi...
    İndi də atasının yanına qayıdan kimi televizor altındakı masa üstündə duran süfrə və kiçik kasanı götürdü. Nəsibə çay dəmləyib gəldi. Qulam müəllim kasaya nəbat atdı və çay süzərək üstündən çörək doğradı. Sonra atasını yerindən qaldırıb qucağına alaraq süfrə başına oturtdu. Belə vaxtlarda qoca sızıldayar, inad edər, oğlu isə ehtiyatla, bəzən işarələrlə, bəzən alnını, gicgahlarını ovuşduraraq onu sakitləşdirərdi. İndi də atasının sözə baxmayan ayaqlarını yığıb belinə yastıq qoydu. Qoca bir az arxaya söykəndi, başını divara dayadı. Gözləri ətrafa dolaşa-dolaşa baxdı. Qulam müəllim onun yaxalığına dəsmal taxdı. Əvvəl su ilə dərman içirdi, sonra qaşıqla kasadakı isladılmış çörəkdən götürüb üfürdü, əvvəl özü dadına baxdı. İstisini yoxladıqdan sonra atasının ağzına uzatdı, amma qoca püskürtdü. İsladılmış çörək tikələri süfrəyə, bir qismi də boynundakı dəsmala töküldü. Nəsibə hamısını silib təmizlədi.
    – Sağ ol, qızım... – dedi və yenə atasının ağzına yemək uzatdı. Bu dəfə yedi, amma dörd-beş qaşıqdan sonra yenə püskürtdü. Yenə silindi. Qulam müəllim balaca uşağı oynadarmış kimi qaşığı əvvəl atası, sonra özü, sonra yenə atasının ağzına tutaraq kasadakı çörəyi axıradək yedirdi. Ürəyi rahatladı. Yenə dərmanını verdi, üstündən nəbatlı çay içirdi. Yenə ilıq, nəm bezlə üzünü-gözünü sildi.
    Qarnı doyduğundan qocanın üzündə təbəssüm işıqlandı. Bir müddət divara söykənib laqeyd oturdu, sonra özünü yana buraxdı. Hər an bir şey ola biləcəyinə alışmış müəllim atasını çiynindən tutub saxladı və qaldırıb yenidən çarpayısına uzatdı. Elə bu vaxt hava dəyişdi... Nəsobə sanki heç nə olmamış kimi süfrəni yığışdırdı, çaydanı-piyalələri götürüb otaqdan çıxdı.
    Qoca səhər yeməyindən sonra bir müddət tavana baxıb səssiz uzanır, bu arada Qulam müəllim çöldəki işlərini görüb qayıdır, qızını məktəbə yola salır, mal-heyvana baxırdı. İndi də çölə çıxanda Nəsibənin geyindiyini gördü.
    – Qızım, məktəbinə gedib gəl, – dedi.
    – Hə, gedirəm.
    – Hə, sənə inaniram. Yaxşı oxu. – Qulam müəllim onun başını sığalladı, amma içində nəsə qopub qırıldı.
    Nəsibə gedəndən sonra dəhlizdə duran arabacığı çölə çıxardı və gəlin kolyaskası düzəldirmiş kimi üstünə döşəkçə saldı. Su və dəsmal qoydu. Sonra evə girib atasını qucağına aldı və bayıra çıxardı.
    Xəstə ilk dəfə əlil arabasına oturanda, hərçənd bunun nə olduğunu bilmir, ancaq uşaq kimi sevinmiş, oğlu onu evin qabağında sürəndə əllərini oynadıb, arabacığın tutacaqlarını şappıldadaraq vurur, qəribə bir zövq alırdı...
    – Ata? Araba xoşunuza gəldimi?
    Ata cavab əvəzinə zəifcə gülümsədi, sanki “Daha sür” demək istəyirmiş kimi bütün bədənini tərpətməyə çalışdı. Qulam müəllim arabanı asta-asta itələyir, atasının başı yırğalanır, arıq boynunun dərisi dartılır, qolları qalxıb-enir, barmaqları oynayırdı. Belə anlarda oğulun ürəyi dolub-daşar, qızı görməsin deyə boğazına dolan kədəri içinə çəkərdi. Get-gedə buna da alışdı. Arvadının yoxluğu, qızı ilə atası arasında qalmış acizliyi onu bəzən qızının saçlarını darayıb hörməyə, onu qucaqlayıb “Ana qızım, can sənə qurban...” deyə oxşamağa vadar edir, bununla öz həsrətini də, Nəsibənin darıxmasını da ovundururdu. Qızı da anasız həyata alışırdı...
    Qulam müəllim əvvəllər atasını arabaya mindirib, yalnız həyətin içində gəzdirirdi. Sonralar onu küçəyə də çıxarmağa və məhəllə güzərinədək aparıb dolaşdırmağa başladı. Bu gün isə atası qəfil əlini qaldırıb düzü göstərdi. Bu gözlənilməz dəyişiklik müəllimin ürəyini coşdurdu. Önünə keçib soruşdu:
    – Hara aparım sizi, ata?
    Atası cavab əvəzinə yenə də düzü göstərdi. Dediyini elədi. Daş döşənmiş küçədə arabanı xırçıldada-xırçıldada sürdü. Xeyli yol getdi, ora-bura döndü, amma atası yalnız düzü göstərirdi. Axırda anladı, o qəbiristanlığa getmək istəyirmiş... Bədəni titrədi. Qəbiristanlığın darvazasına çatanda arabanı saxladı. “İndi görəsən, hansı tərəfi göstərəcək?” ümidilə atasının gözlərinə baxdı, amma hissiz baxışlarından heç nə oxuya bilmədi. O vaxt ata nə üçün bura gəldiyini unutmuş, biganə halda başını azacıq aşağı əyib susaraq otururdu.
    – Ata, içəri aparım?
    Atanın baxışları bir nöqtəyə yönəlmişdi. Kələ-kötür yolun yorğunluğundan taqəti kəsilmiş, tez-tez nəfəs alırdı. Qulam müəllim rezin qabın ağzını açıb atasına su içirdi. Ata suyu tökə-tökə içdi və qabı kənara atdı...
    – Ya Allahım... Özün səbir ver!..
    Qulam müəllim atasını qucağına aldı və büdrəyə-büdrəyə qəbirlər arasından yeriməyə başladı. Nənəsi ilə babasının yanaşı duran qəbirlərini tapanda onu çiynindən endirdi. Qoca ətrafına çaşqın-çaşqın baxdı. Anasının qəbirdaşını görəndə qəfil “Ana...” dedi və hıçqıra-hıçqıra ağlamağa başladı, başını qucaqlayıb yerə çökdü. Qulam müəllim əvvəlcə qorxdu. Sonra sevindi. Axı atası danışmışdı! Sonra onu qucaqladı.
    – Ana... – qocanın gözlərindən fasiləsiz yaş axır, amma başqa söz demir, yalnız bir nöqtəyə baxırdı.
    Qulam müəllim atasını ehtiyatla yerə əyləştirdi, özü də yanına çökdü. Atasını özünə söykəyib, pıçıltıla tilavət etməyə başladı:
    – Əuzu billahi minəş-şeytanir-rəcim...
    Dua edərkən gözlərindən axan yaş atasının boynuna düşüb, yaxasını islatdı. Qoca əli ilə boynunu sildi və oğluna baxdı. Qulam müəllim duanı da bitirə bilmədən atasını qucaqladı və atasının başı üzərində üzünə fatiha çəkdi.
    Ata-oğul qəbiristanlıqdan qayıdarkən Qulam müəllim atasının yenə danışmasını, nəsə deməsini, bir şey buyurmasını istəyir, lakin atasından səs çıxmırdı. O arabada başını əyib, gözlərini yumaraq yırğalana-yırğalana gəlirdi. Bu sanki tufandan əvvəlki səssizliyə bənzəyirdi...
    Evə çatmağa az qalmış möcüzə baş verdi. Ata qapı ağzında duran Nəsibəni görüb əllərini irəli uzatdı və “Su-u...” dedi. Qulam müəllim yerində dondu.
    – Ata?! – bədəni əsdi. – Ya Rəbbim, min şükür sənə! Atam danışdı! Atam danışdı! İki ildən sonra danışdı...
    Ətrafına baxdı. Qapı önündə duran qızından başqa heç kim yox idi. Amma ruhu yüngülləşdi. Gözlərini bürümüş zülmət geri çəkildi.
    – Ata? – Nəsibə qaçıb gəlib onun dizlərindən qucaqladı. – Babam danışdı?
    – Hə, balam. Baban danışdı. Tez su gətir.
    – Ata, sənə bir söz deyim?
    – Get, qızım, əvvəl suyu gətir!
    Nəsibə tələsərək getdi. Ata-oğul darvaza önündə bir az dincəldilər. Bir azdan qapı açıldı, bir qadın səsinin salam verdiyi eşidildi. Qulam müəllim cəld başını qaldırdı. Nə yaxşı ki, qapının ağzında arvadı çəkingənliklə bir piyala su tutaraq dururdu...

    Özbək dilindən Azərbaycan dilinə çevirən:
    Rəhmət Babacan

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ