Sizin reklam burada
Sizin reklam burada
  • ALTERNATİV XIDMƏT NƏDİR?

    Eldar Əsgərov (Şəkibəyov),
    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

    2-Cİ HİSSƏ

    Bir çox ölkələrdən fərqli olaraq, Finlandiyada elə indinin özündə bildiriş proseduru mövcuddur - məsələn, hər hansı əqidənin mövcudluğunu sübut etməyə ehtiyac da yoxdur. Anketdəki sualı yoxlamaq kifayətdir: “Hansı xidmət növünə daxil olmaq istəyirsiniz - alternativ və ya hərbi?”. Artıq heç nəyə ehtiyac qalmır.
    Müstəqillik qazanmış Finlandiyanın hərbi vəzifəlilərlə bağlı ilk qanunu 1919-cu ildə qəbul edilmişdir, lakin bu qanunda əqidəsinə görə həqiqi hərbi xidmət keçə bilməyən şəxslərlə bağlı hər hansı müddəa yox idi. 1922-ci ildə qanuna edilən dəyişikliklər dini səbəblərə görə Silahlı qüvvələrdə əllərində silah olmadan xidmət etməyə imkan verdi.
    Elə həmin vaxtda da, əqidəsinə görə həqiqi hərbi xidmət keçə bilməyən şəxslərlə bağlı vicdanına görə hərbi xidmətdən ilk imtina edənlər meydana çıxmışdı, lakin onlar ciddi şəkildə cəzalandırıldılar.
    Arndt Juho Pekurinen (1905 - 1941) pasifist və vicdan səbəbi ilə hərbi xidmətdən rəsmi olaraq azad edilən ilk fin idi. 1926-cı ildə Pekurinen dəfələrlə orduda xidmət etməkdən imtina etmiş, bunun üçün 1929-1931-ci illərdə həbs cəzasına məhkum edilmişdir. Gənc Pekurinen qatı dindar idi. Müasirləri Pekurinenin kommunist olduğunu düşünürdülər, lakin siyasət onu qətiyyən maraqlandırmırdı. Militarist 30-cu illərdə pasifist baxışlarına görə Pekurinen təqiblərə məruz qaldı. 1930-cu ildə Finlandiyanın müdafiə naziri Juho Nyukkyanenin adına Britaniya parlamentinin altmış deputatı: Albert Eynşteyn, Henri Barbüs və Herbert Uells kimi tanınmış ictimai xadim, yazıçı və elm adamları tərəfindən imzalanmış müraciət daxil olmuşdur.
    Artıq 1931-ci il aprelin 14-də Finlandiyada alternativ xidmət institutunu yaradan “Pekurinen Qanunu” qəbul edilmiş və dini zəmində hərbi xidmətdən imtinanın cinayət sayılmağı dayandırılmışdır. Bu normativ hüquqi sənəd yalnız sülh dövrü üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, Finlandiya qanunvericiləri alternativ xidmət üçün yerləri “dövlətə və cəmiyyətə fayda verən” və dini inancları olan vətəndaşların xidmət edə biləcəyi yerlər kimi müəyyən etmişdir.
    1939-cu ildə qış müharibəsi başlayanda Pekurinen yenidən həbsxanada “peyda oldu”. Oradan da hakimiyyət hərbi forma geymək və silah götürmək əmrini verərək onu cəbhəyə göndərdi. O, hər ikisindən imtina etdiyindən məhkəmə prosesi olmadan 5 noyabr 1941-ci ildə komandirin əmri ilə onu edam etmişdilər. Güllələnmə prosesində iki əsgər onu güllələməkdən imtina etmişdir, yalnız üçüncü əsgər əmrə tabe olmuşdur.
    Müharibədən sonra başlamasına baxmayaraq Pekurinenin ölümünün istintaqı sona çatdırılmamışdır. Yazıçı, jurnalist, tarix tədqiqatçısı Erno Paasilinnanın “Cəsarət: Arndt Pekurinenin həyatı və edamı” kitabı nəşr olunana qədər onun adı 1998-ci ilə qədər unudulmuşdur. Helsinkidə pasifistin şərəfinə park salınmışdır.
    Pasifist inanclar - hərbi və hər hansı digər münaqişələrə qarşı və onların sülh yolu ilə həllinə tərəfdar olmaq, silah götürmək, başqalarını öldürmək və hərbi əməliyyata hazırlaşmamaq deməkdir. O, hər cür müharibəni, o cümlədən milli azadlıq, unqilabi və başqa ədalətli müharibələri inkar edən, siyasi konfliktlərin həllinin hərbi üsullarına, xüsusən də bu cür metodların əxlaqsızlığını pisləyən müharibə əleyhinə qarşı çıxan siyasi cərəyandır.
    1959-cu ildə Finlandiya dövləti bütün vətəndaşlarına əllərində silah olmadan, xidmət keçmək hüququ verdi. Onların ərizələri hakim, məmur, ictimai işlər nazirliyinin nümayəndəsi, keşiş və psixiatr daxil olan xüsusi komissiya tərəfindən araşdırılırdı.
    Hərbi xidmətdən imtina institutunun inkişafında növbəti addım 1985-ci ildə Yehovanın şahidlərinin hər hansı xidmətdən, o cümlədən alternativ xidmətdən azad edilməsi olmuşdur. Hakimiyyət belə bir qərarı cəmiyyətin bu dini qrup qarşısında günahı ilə izah edirdi. Belə ki, tarixən Yehovanın şahidləri Finlandiyada təqiblərə məruz qalırdılar, xüsusən də hərbi forma geyinməkdən imtina etdiklərinə görə onlar düşərgələrə yerləşdirilirdilər.
    Cəmi iki il sonra alternativ xidmət görünməmiş bir inkişaf əldə etmişdir. 1987-ci ildə finlər çağırışçılardan öz əqidələrini sübut etmələrini tələb etmək praktikasından imtina etmişdilər. Həmin andan vətəndaşın hansı fikirlərinin hərbi xidmətlə ziddiyyət təşkil etdiyini xüsusi blankda qeyd etməsi kifayət idi. Hətta bu qeyd onlayn vasitəsilə göndərilə bilərdi. Nə komissiya var, nə ilkin müsahibələr. Əslində, çağırışçılardan onların alternativ xidmətini seçmə səbəblərini soruşmaq belə qadağandır.
    Finlandiyada 18 yaşına çatmış kişi cinsli vətəndaşlar hərbi xidmət keçməlidirlər. Hərbi xidmətə çağırılan hər bir vətəndaşın hərbi xidmət əvəzinə alternativ xidmət keçmək hüququ vardır. Alternativ xidmət keçmə müddəti 347 gün təşkil edir və bu xidmətin keçiriləcəyi yeri şəxs özü seçir. Tipik iş yerləri -xəstəxanalar, kitabxanalar, sosial və tibb müəssisələri, məktəblər və kolleclərdir.
    İlk dörd həftə ərzində onlar Alternativ Dövlət Qulluğu Mərkəzində intensiv təlim keçirlər. Bu Mərkəzdə ilkin tibbi yardımın və yanğın təhlükəsizliyinin əsaslarını öyrənir, meşədə itkin düşənlərin axtarışı və xilas edilməsi və s. məsələləri öyrənirlər. Maraqlıdır ki, son modulun hazırlanması Ümumdünya Vəhşi Təbiət Fondunun təcrübəsinə əsaslanırdı. Bundan əlavə, Alternativ Dövlət Qulluğu Mərkəzində məsələn, böyük idman tədbirləri zamanı onlara ictimai təhlükəsizliyin monitorinqinə kömək edən təhlükəsizlik peşələri də öyrədilir. Mərkəz ildə təxminən 1400-1600 nəfəri qəbul edir ki, bu da ümumi çağırışçıların təxminən 7 faizini təşkil edir.
    Finlandiya təşkilatları alternativ xidmət keçmək istəyən işçiləri işə götürməyə maraqlıdırlar. Belə ki, hər bir belə işçinin saxlanmasının dəyəri ayda təxminən 1200 avro təşkil edir ki, bu da eyni vəzifə üçün adi işçinin işə götürülməsindən təxminən iki-üç dəfə azdır.
    Bununla belə, Finlandiyada 2015-ci ildən alternativ xidmətə maraq artmışdır. Bu ölkədə alternativ xidmətin lehinə ən güclü arqument silah götürməyə imkan verməyən dindir.
    Qeyri-dini əsaslara da baxılır və 1987-ci ilə qədər onlar hakim, məmur, sosial şöbənin nümayəndəsi və psixiatrın daxil olduğu xüsusi komissiya tərəfindən yoxlanılırdı. Sağlamlıq səbəbi ilə də alternativ xidmət keçmək mümkündür. Finlər digər avropalılar kimi xəstəxanalarda, qocalar evlərində və sosial mərkəzlərdə, eləcə də qeyri-kommersiya təşkilatlarında alternativ xidmətə göndərilirlər.
    Finlandiyanın Hərbi Xidmətə Çağırış haqqında Qanununda qeyd edilir ki, əqidəsinin ona silahla hərbi xidmət keçməsinə imkan vermədiyini iddia edən və silahsız hərbi xidmətə müraciət edən hərbi xidmətə cəlb olunan şəxs hərbi xidmətdən azad oluna və barəsində alternativ xidmət keçmək əmri verilə bilər.
    Əslində hərbi xidmətdən alternativ xidmətə keçid faktiki olaraq bir gün ərzində baş verir. Rusiya, Belarus, Litvada və bəzi digər ölkələrdə isə belə keçid ümumiyyətlə mümkün deyil.
    Bu ölkələrin qanunvericiliyindən fərqli olaraq ölkəmiz müstəqillik elan etməsinin ilk vaxtlarında 1992-ci il 31 iyul tarixdə qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında” Əsasnamənin 21-ci maddəsi alternativ xidmət (əmək mükəlləfiyyəti) keçərkən vətəndaşın hərbi xidmətə çağırılmaq istədiyi barədə hərbi komissarlığa ərizə ilə müraciət etmək hüququna malik olmasını nəzərdə tutmuşdur.
    Hazırda Almaniyanın və Fransanın peşəkar ordu sisteminə keçmələri ilə əlaqədar alternativ xidmət institutu ləğv edilmişdir.
    Tatixini, mahiyyətini, inkişaf yolunu anlamaq üçün bu ölkənin təcrübəsinə kiçik bir ekskurs etmək yaxşı olardı.
    Bu ölkələrdə alternativ xidmətin inkişafı dövlətin silahlı qüvvələrinin yalnız peşəkar hərbi qulluqçularla komplektləşdirilməsində və tədricən məcburi hərbi xidmət keçməyə dair tələbin tamamilə aradan qaldırılmasında mühüm rol oynamışdır.
    Almaniya vətəndaşlarının əlində silahla hərbi xidmətdən imtina etmək hüququ hələ 1949-cu ilin mayında ölkə Konstitusiyasında təsbit edilmişdir. 1956-cı ildə Almaniyada hərbi xidmət haqqında qanun qəbul edilmişdir. Əsas Qanunun 4-cü maddəsində qeyd olunurdu ki, heç kəs vicdanına qarşı silahla hərbi xidmətə cəlb edilə bilməz.
    1960-cı ildə Almaniya Federativ Respublikasında “Alternativ xidmət haqqında” Qanun qüvvəyə minmişdir. Alternativ xidmətə nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirdi. 1961-ci ildə, yəni hərbi xidmətə çağırışın tətbiqindən 5 il sonra Almaniyada həmin ölkənin konstitusiyasına uyğun olaraq alternativ xidmət tətbiq olundu. XX əsrin sonunda. Almaniyada hərbi xidmətdən imtina etdiklərini bəyan edən hərbi xidmətə cəlb olanların sayı 130 min nəfər olmuşdur. Alternativ xidmət keçmək istəyən vətəndaşlar üçün 170 min, o cümlədən 40 min ehtiyat iş yeri yaradılmışdır.
    Yalnız 1984-cü ildə gənc almanlar komissiyadan keçmək əvəzinə, silahla hərbi xidmətdən imtina etmək barədə yazılı ərizə vermək imkanı əldə etdilər. Onu 1973-cü ildə yaradılmış Alternativ Xidmət üzrə Federal İdarəsi həyata keçirirdi.
    Ölkədə alternativ xidmətin mövcudluğunun ilk illərində təxminən 1000 - 2000 “alternativ əsgər” var idi. Bundesverlə müqayisədə bu rəqəm çox az idi. 1961-ci ilin aprelində ilk 340 nəfər bu xidməti keçmək imkanı qazandı. Amma soyuq müharibə dövründə həmvətənləri onları “satqın” hesab edirdilər. O dövrdə “imtina” anlayışı açıq şəkildə mənfi bir məna daşıyırdı, insanlar bu xidmət haqqında çox az şey bilirdilər və buna görə də onları qorxaq, hətta vətən xaini adlandırırdılar. Zaman keçdikcə cəmiyyətin alternativçilərə münasibəti dəyişdi. Məs., 1999-cu ildə mülki xidmətdə rekord sayda gənc var idi - demək olar ki, 150 min, 2002-ci ildə isə orta illik göstərici təxminən 140 min nəfər təşkil etmişdir Alternativ Xidmət İnstitutu təkmilləşdirilməkdə davam etmişdir.
    Alternativ xidmət keçmək istəyən vətəndaşlardan hərbi xidmət keçməmək üçün özlərini əmin pasifist, yoxsa dərin dindar kimi göstərdiklərini diqqətlə öyrənən komissiyadan keçmələri tələb olunurdu. Bütün bu prosedur istintaqda olduğu kimi daha çox dindirilməni xatırladırdı.
    Alternativ xidmət keçənlər xidmətlərini əsasən xəstəxanalarda, xeyriyyə təşkilatlarında, xilasetmə xidmətlərində, qocalar və əlillər evlərində, səyyar sosial xidmətlərdə keçirdilər, onlar ağır əlilliyi olan insanlara qayğı göstərirdilər. Qanun çağırışçının əvvəllər əmək müqaviləsi ilə və ya könüllü olaraq işlədiyi, habelə yaxın qohumlarının işlədiyi yerlərdə dövlət qulluğunu keçməsini qadağan edirdi.
    Doğrudan da, cəmiyyət dərk etmişdir ki, hərbi forma geyinmək istəməyən gənclər də cəmiyyət üçün faydalı ola bilərlər.

    (Davamı var)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ