tibb üzrə elmlər doktoru, millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi
Bu gün əməliyyatxana tibb bacısı, Qərənfilin (bizim Qalanın) ad günüdür.
Düzünü desəm, ad gününü çox gec saatda qeyd edirik. Çünki səhər tezdən girdiyimiz əməliyyatlardan ancaq indi çıxa bildi. Biz də gec də olsa onu ürəkdən təbrik etdik.
Artıq 20 ildir ki, demək olar hər səhər Qala ilə birlikdə əməliyyat otağına daxil oluruq. Bu illər ərzində minlərlə deyil, on minlərlə əməliyyatın hazırlığını, gərginliyini, sevincini və məsuliyyətini birlikdə yaşamışıq. Əməliyyatxana tibbi bacısı sadəcə bir tibb işçisi deyil. Əməliyyat otağında cərrah içəri daxil olana qədər o otağın kapitanı məhz odur. Bütün hazırlıq, sterilizasiya, təhlükəsizlik, xəstənin vəziyyətinə uyğun planlama, hər bir detal onların diqqətindən keçir. Bəzən 3–4 saat planlaşdırılan əməliyyatlar 12 saata, hətta daha uzun saatlara uzanır. Təsəvvür edin, ürəyi dayanaraq xəstəxanaya gətirilmiş və ya xəstəxanada ürəyi dayanmış insanların başında sanki müharibə meydanında imiş kimi saatlarla, bəzən günlərlə mübarizə aparan, gecələr səhərə qədər gözünə yuxu getmədən həmin insanların həyat uğrunda savaşının içində olan şəxslərdir onlar. Hər saniyənin, hər qərarın insan həyatı demək olduğu anlarda sakitliyini, diqqətini və peşəkarlığını itirmədən işinin başında qalmaq yalnız böyük məsuliyyət və böyük ürək tələb edir. Mən özümü xoşbəxt hesab edirəm ki, 20 ildir hər səhər tezdən yanımda belə etibarlı, sədaqətli və peşəkar insanlarla işləyirəm. Ən çətin anları birlikdə keçirdirik, ən gərgin əməliyyatlarda bir-birimizə güvənirik və bu gün on minlərlə xəstələrimizin qarşısında daha inamla dayanmağımızda onun (onların) böyük payı var.
Əzizimiz Qala!
Bu münasibətlə yalnız səni deyil, həm də 20 ildən çoxdur (Neftçilər, Diaqnostika, Gömrük) birlikdə fəaliyyət göstərdiyimiz bütün tibb bacı və qardaşlarımıza, əməliyyatxana komandalarına, anestezia texnikləri və reanimasiya kollektivinə dərin təşəkkürümü bildirirəm. Çünki tibbdə böyük əməliyyatları yalnız cərrahlar deyil, böyük komandalar həyata keçirir. Çox zaman əməliyyat otağında sizlərin adları görünmür, amma minlərlə insanın həyatında izi olan qəhrəmanlar məhz Sizsiniz.
Bir daha ad günün mübarək, əziz Qalamız!
Nə yaxşı ki, Varsan!
Nə yaxşı ki, Doğulmusan!
Nə yaxşı ki, Bizimləsən!
