İnsan var, dövrü sadəcə yaşayır, insan da var ki, dövrü çiynində daşıyır. Bəradər Səməndərli zamanı içindən keçirən, onun ağrısını sözə çevirən adamlardandır. Onun şeirlərini oxuyanda hiss edirsən: bu misralar masa arxasında yox, həyatın özündə, günün tozunda, dərdin içində yoğrulub. Yazdıqları gözəllik xatirinə deyil, içində yığılan sözlər susmağa imkan vermədiyi üçün kağıza köçürülüb.
Bəradər Səməndərlini otuz ildən çoxdur tanıyıram. Bir yerdə işləmişik, çörək kəsmişik, eyni qayğıları bölmüşük. Zəhmətkeş, təvazökar, halallığa önəm verən adamdır. Yaxşı dostdur, sözün çəkisini bilən şairdir, peşəkar jurnalistdir. Bir kitabının redaktoru olmuşam, oğlunun toyunu mən idarə etmişəm. Bunları sadalamaq üçün demirəm. Demək istəyirəm ki, onun sözünü kənardan tanımış biri kimi yox, içindən bilən biri kimi oxuyuram. Aramızda həmişə hörmət olub, səmimiyyət olub, düz söz olub.
Bəradərin şeirləri bu günün aynasıdır. O aynada bəzən özümüzü görmək istəmirik, amma şair gördüyünü gizlətmir. “Qabağında”, “Hər şey var, heç nə yoxdu”, “Baş açmıram oyunundan dünyanın” kimi şeirlərdə dövrün dərdi, adamların halı, cəmiyyətin əyri-üyrü yolları açıq görünür. Bu şeirlərdə bəzək-düzək yoxdur, amma ağrı var, narahatlıq var, vicdan var.
“Bu necə cığırdı, bu necə yoldu,
Bütün qıfılların açarı puldu” deyəndə Bəradər sadəcə misra qurmur. O, gördüyünü deyir. Pulun hər qapını açdığı, vəzifənin məqsədə çevrildiyi, insanın insana yad olduğu bir zamanda susmaq ona yaddır. Ona görə də şam kimi köz qabağında yanır, amma işıq verməkdən vaz keçmir.
Bu şeirlərdə yaxşılıq çox vaxt uduzur, pislik meydan sulayır. Canavar çobana ağıl öyrədir, tülkü baş rola keçir. Amma bütün bunlara baxmayaraq, şair insanlıqdan umudunu üzmür. Acı istehza ilə yazsa da, misraların alt qatında bir arzu var ki kaş bu yol az da olsa düzələ.
“Ölüm” şeirində Bəradər tamam başqa bir sakitliklə danışır. Burada qışqırıq yoxdur, qorxu yoxdur. Ölüm həyatın bir həqiqəti kimi qəbul olunur. “Bu dünya fanidi” deməklə, sanki bizi tələsdirmir, əksinə, ayıldır: "vaxt azdır, insan kimi yaşamaq gərəkdir" deyir. Bu şeirdə həyatın mənası, ömrün qiyməti, insanın özünə verəcəyi hesabat hiss olunur.
“Gərək” şeiri isə Bəradərin daxili mövqeyidir. “İnsan insanlıqla tanına gərək” misrası onun həm şeirinin, həm də həyatının açarıdır. O, yaxşılığa inanır, xeyirxah əməlin gec-tez sahibinə qayıdacağına ümid edir. Bəlkə də bu gün çox şey tərsinə gedir, amma insanlıq itməməlidir. Şair dostumun demək istədiyi budur.
“Hər şey var, heç nə yoxdu” şeiri oxuyanda adamın içi üşüyür. Bolluq içində yoxsulluq, imkan içində çarəsizlik, söz içində səssizlik… Bəradər sual verir, amma cavabı da hamımız bilirik. Sadəcə deməyə cəsarət tapmırıq.
“Baş açmıram oyunundan dünyanın” şeirində isə bu çaşqınlıq açıq etirafa çevrilir. Namərdin üzdə, mərdin kənarda qalması şairi incidir. Ona görə də susmur. Çünki susmaq razılaşmaq kimidir.
Bəradər Səməndərli səsini qaldırmadan danışan, amma dediyi yerə dəyən şairlərdəndir. Onun şeirləri oxucunu əyləndirmək üçün deyil. Oxucunu silkələmək, düşündürmək, bəzən də narahat etmək üçündür. Məncə, əsl şeir də elə belə olmalıdır.
Belə şairlər dövrün yaddaşıdır. Zaman dəyişir, adamlar dəyişir, amma vicdanın səsi dəyişmir. Bəradər Səməndərlinin şeirlərində eşitdiyimiz səs də məhz budur – dost səsi, dərd səsi, düz sözün səsi!!!
...Zaman dəyişir, adamlar dəyişir, amma sözün vicdanı dəyişmir. Bəradər Səməndərlinin sözündə də həmin vicdan yaşayır. Arzu edək ki, bu səs kəsilməsin, bu işıq sönməsin. Çünki zamanı içindən keçirən şairlər olduqca, zaman da insanı tam uda bilməz.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.
