Uzun illər Azərbaycan mədəniyyətini Türkiyədə layiqincə təmsil etmiş Mayis Əlizadənin vəfatından sonra onun ailə üzvləri, əqidə, məslək və qələm dostları tərəfindən yazılmış xatirələ: bu kitabda toplanmışdır. Kitabın möhtəşəm təqdimatı 12 dekabr 2025-ci il tarixində Bakı şəhərində, “Alis” otelində keçirilmişdir. Təqdimatda Mayis müəllimin ailə üzvləri, tanınmış elm adamları, millət vəkilləri, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova, jurnalistlər, şairlər və s. iştirak etmişdilər. Qeyd olunmuşdur ki, kitabın növbəti təqdimatı Mayis müəllimin yaşadığı və məzarının yerləşdiyi Türkiyədə baş tutacaqdır.
Bu məqaləni yazmağı bir qələm sahibi kimi özümə mənəvi borc bildim. Çünki Mayis Əlizadə kimi vətənpərvər, əqidəli, Turan düşüncəli, sözün həqiqi mənasında milli ziyalı olan bir şəxsiyyət haqqında yazmaq və onu oxuculara tanıtmaq hər bir qələm sahibinin məsuliyyətidir.
Məqalədə müsahibə götürdüyüm Mayis müəllim haqqında yazılan kitabda öz xatirələrini bölüşən dəyərli insanların fikirlərinə toxunacağam. İlk olaraq isə kitabın müəllifi Jalə xanım Cəfərovanın Mayis Əlizadə ilə bağlı xatirələrini diqqətinizə çatdırmaq istəyirəm:
“Bir yaz səhəri, Ramazan ayının altıncı günü -6 mart 2025-ci il tarixində yayılan “Canım babam Mayis Əlizadə vəfat etmişdir” xəbəri onu sevənlərin qanını dondurdu. Mən də çoxları kimi bu ağır xəbərin yanlış olması ümidi ilə başsağlıqlarını dönə-dönə oxudum və əmin olduqdan sonra bir neçə gün özümə gələ bilmədim.
Mayis bəyin “Facebook” səhifəsində yazılan səmimi fikirlər məni bir tərəfdən silkələdi, digər tərəfdən isə içim yana-yana hər cümlədə səmimiyyət, qəfil və vaxtsız itkinin ağrısı məni darmadağın etdi. Bütün deyilənlər mənim də içimi eyni dərəcədə yandırdığı üçün ustaddan bir yadigar olaraq dostlarının, onu sevənlərin, tanıyanların Mayislə bağlı xatirələrindən ibarət bu kitabı hazırlamaq qərarına gəldim. Elə bu səbəbdən də “Mayis Əlizadə sənin üçün kim idi?” sualını öncə özümə ünvanladım.
Jurnalistikamızdan söz düşəndə dilimin uzandığı, səsimin gur eşidildiyi, adını çəkərkən isə böyük məsuliyyət hiss etdiyim bir imzadır Mayis Əlizadə. Onun yazarlar aləmində varlığı mənim üçün bir hadisə idi. O, yazılarında heç vaxt “təxminən”, “mənə elə gəlir ki”, “dəqiq olmasa da” kimi qeyri-müəyyən ifadələrlə fikrini sığortalayan naşı yazarlardan olmadı.
Əlbəttə, onun heç kəsə bənzəməyən özünəməxsus xüsusiyyətləri çox idi.
2019-cu ilin aprel ayının sonları idi. Həmyerlimiz, dünya şöhrətli rəssam, 20 yaşından Türkiyədə mühacir həyatı yaşamış İbrahim Safi haqqında tədqiqat işinə başlamışdım. Rəssamın həyat və yaradıcılığı ilə bağlı ən xırda məlumata görə belə dünyanın o başına getməyə hazır idim. İbrahim Safi artıq 38 il idi ki, dünyasını dəyişmişdi və onun yaradıcılığı haqqında məlumat tapmaq çətin idi. Rəssamın yaxın qohumlarından Elşad Səfiyev mənə Mayis Əlizadə adlı jurnalist olduğunu söylədi və onu tapmağı tövsiyə etdi.
Sosial şəbəkə vasitəsilə Mayis bəylə əlaqə qurdum. Üzünü görməsəm də, onu hansı məqsədlə axtardığımı biləndə o qədər səmimi və içdən cavab yazdı ki, sevincdən saatlarla özümə gələ bilmədim. Məlum oldu ki, Mayis bəy İbrahim Safi ilə bağlı onun ən yaxın sənət dostu, İzmirdə yaşayan Naci Tərzi hoca ilə dəfələrlə müsahibələr almış, radio üçün bir neçə reportaj hazırlamışdır. Müəllifin icazəsi ilə həmin müsahibələrdən sonuncusunu bu kitaba sevə-sevə daxil etdim.
Elə həmin vaxtdan Mayis Əlizadə imzası ilə tanışlığımız və dostluğumuz başladı. O, dünyada gedən bütün proseslərə çevik və dərin təhlil verən nadir qələm sahiblərindən idi.
Nə qədər arzulasaq da, həyatda bircə dəfə də görüşə bilmədik. Vəfatından cəmi on iki saat əvvəl bir neçə məqaləsini mənə göndərmişdi. Mən də rəy bildirmişdim…
Mayis Əlizadə həm sözü, həm də özü ilə daim axtarılacaq, xatırlanacaq böyük bir şəxsiyyət olaraq yaddaşımızda yaşayacaqdır. Ruhunuz rahatlıq tapsın ustad. Siz cəsarət, mərdlik, dürüstlük, peşəkarlıq örnəyi idiniz. Qoy bu əmanətə xəyanət olmasın.
Vəfa, etibar, sayqı, minnətdarlıq duyğusunu itirməyən şəxslər mənim üçün ən böyük insanlardır. Sadəcə və sadəcə hocama bir vəfa borcum olsun istədim.
Ruhuna əbədi sayğılar İşıq ADAM….”
Mayis müəllimin xatirələri haqqında növbəti götürdüyüm müsahibə isə şair Səttar Qarağaclı oldu.
Səttar müəllim Mayis müəllim haqqında öz səmimi və dəyərli fikirlərini müsahibəsində belə bölüşərək belə qeyd etdi: “Mən, Mayis müəllimi uzun bir zamandır tanıyıram. Mayis müəllim Sabirabad rayonunun Qalağayın kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi çalışmışdır. Bizim rayonda bütün fənlər üzrə həmişə bölgə iclasları keçirilərdi və onun da ordan tanıyırdım. Mayis müəllim həqiqətən öz peşəsinin ustası idi, ədəbiyyat fənnini gözəl bilirdi, söz adamı idi. Mayis müəllim tədqiqat yolunu seçərək, Türkiyəyə qədər yol keçdi və əsl turançı kimi, araşdırmaçı, tədqiqatçı kimi öz sözünü dedi. Çox heyif ki, həyatdan tez köçdü. Mayis Əlizadə unudulmaz bir insan kimi xatirələrdə yaşayacaqdır. Xatirəsinə əbədi sayğılar diləyərək, ruhu şad olsun dedi.”
Mayis Əlizadə kimi şəxsiyyətlər xalqın yaddaşında sadəcə xatirə olaraq qalmamalıdır. Onlar oxunmalı, öyrənilməli və gələcək nəsillərə ötürülməlidir. Mən bu məqaləni yazmaqla bir vətəndaş və qələm sahibi kimi öz payıma düşən vəfa borcunu ödəməyə çalışdım. Mayis Əlizadə də elə insanlardandır ki, onu tanıyan hər kəsin qəlbində bir boşluq, bir səs, bir söz qoyub getdi. Mən bu sətirləri yazarkən bir daha hiss etdim ki, biz hələ də onun sözünü və özünü axtarırıq. Ruhunuz şad olsun, ustad! Sözünüz bizə və gələcək nəsillərimizə əmanətdir!
Səbuhə Rəfail qızı Hüseynova
ARTİ-nun əməkdaşı, tədqiqatçı, jurnalist-şair,
“Qızıl qələm" mükafatçısı
