Azərbaycan Jurnalistlər Birliyinin və SSRİ Jurnalistlər İttifaqının üzvü
Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə qarşıya qoyulan prioritet vəzifələrdən biri də ölkənin demokratik prinsiplərinin inkişafına xüsusi önəm verməsi oldu. Müstəqil dövlətlərin dünya birliyinə inteqrasiyasının əsas meyarlarından biri məhz demokratiyanın bəqrərar olması idi. Demokratiyanın əsas atributlarından biri də söz, fikir azadlığının formalaşması, müstəqil mətbuatın fəaliyyətinə geniş meydan verilməsi idi. Müstəqil Azərbaycanda da bu istiqamətdə ilk addımlar atılırdı. Artıq mətbuat aləminə müstəqil qəzet, jurnal və portalların daxil olması başlanıldı. İllər keçdikcə müstəqil mətbuatın təsis olunması daha da asanlaşdırıldı. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə mətbuat üzərində senzuranın ləğv edilməsi demokratik prinsiplərin inkişafına xüsusi önəm verdi.
Etiraf edək ki, müstəqilliyimizin ilk illərində təsis edilmiş mətbuat vasitələrindən daha çox qisasçılıq mənbəyi kimi istifadə olunurdu. İnsanların şərəf və ləyaqəti alçaldılır, ayrı-ayrı şəxslər təhqir olunur və reketçilik baş alıb gedirdi. Ona görə də məhkəmə çəkişmələri çoxalır və bəzi media vasitələri yarı yolda qalır, fəaliyyətini dayandırmalı olurdu. Bunun əsas səbəblərindən biri də mətbuat vasitələrində savadsızlığın baş alıb getməsi, təhqirlə tənqidin bir-birindən fərqləndirilə bilməməsi idi. Bu baxımdan mətbuatda obyektiv tənqiddən çox, təhqirlər yaranarıdı. Bəziləri isə mətbuata “qaz vurub, qazan doldurmaq” kimi baxırdı.
Belə çətin və mürəkkəb dövürdə, düz 22 il öncə mətbuat aləminə “Atribut” qəzeti də daxil oldu. Təbii ki, bir qəzet üçün 22 il fəaliyyət göstərmək o qədər də asan deyil. Qəzetin çap xərclərini, dərc olunan məqalələrin cəmiyyətdə necə qarşılanması və qəbul olunması, düzü-düz, əyrini-əyri kimi qələmə vermək, qəzetdə ölkənin ictimai-siyasi həyatını və digər sahələri dolğun əhatə etməyi nəzərə alsaq, qəzetçiliyin nə qədər çətin olduğu bir daha aydın olar. “Atribut” qəzeti bu işlərin öhdəsindən layiqincə gəldiyindən 22 illdir ki, çətin və şərəfli yolda inamla, qətiyyətlə irəliləyir və ildən-ilə oxucu kütləsini artırır.
Hər dəfə qəzeti və onun portalını izlədikcə belə qənaətə gəlirəm ki, bu gün Milli Məclisin tədbirlərini, iclaslarını, parlament rəhbərliyinin səfərlərini, görüşlərini, həmçinin deputatların müəyyən hadisələrlə bağlı şərhlərini “Atribut “ kimi əhatəli və vaxtında işıqlandıran ikinci bir mətbuat vasitəsi yoxdur. Bunu qəzetdə dərc olunan müsahibələr, şərhlər və xəbərlər də təsdiqləyir. Bununla yanaşı, qəzetdə şeir, poeziya həvəskarlarına vaxtaşırı yer ayrılması da oxucular tərəfindən maraqla qarşılanır.
Bu gün “Atribut” qəzeti özünün 22 yaşını qeyd edir. Bəli, 22 il çətin və şərəfli yol qət etmək hər media vasitəsinə nəsib olmur. Ancaq “Atribut” bu yolda inamla addımlayır. Təbii ki, bu uğurlarda qəzetin və portalın təsisçisi və baş redaktoru şair Bəradər Səməndərlinin əməyi xüsusi qeyd edilməlidir. İnanıram ki, “Atribut”un səsi-sədası daha yükəsk zirvələrdən eşidiləcək. Bu çətin və şərəfli yolda "Atribut" ailəsinə uğurlar diləyirəm.
