Sizin reklam burada
Sizin reklam burada
  • Hər üçündə mənəvi borcun qabardıldığı kitablar

    Sosial şəbəkələrdən məlum olduğu kimi mayın 13-də, saat 15-də Mətbuat Şurasının akt zalında Əməkdar jurnalist İttifaq Mirzəbəylinin son il yarımda tərtib etdiyi üç kitabın təqdimatı keçiriləcək. Biz “Xalq qəzeti”nin kitabxanası” seriyasından olan həmin kitablarda hansı məsələlərdən söz açıldığını, mövzuların nə üçün aktual olduğunu öyrənmək üçün İttifaq Mirzəbəyliyə müraciət etdik. O isə bizə adı çəkilən layihənin rəhbərinin qeydlərini təqdim etdi.

    Ödəməli olduğumuz çoxlu mənəvi borclar var
    Ən mühümü isə mərhumların ruhu qarşısındakı borcumuzdur
    Hələ heç bir insan dəqiqləşdirə bilməyib ki, onun əməllərinə görə gözlədiyi, daha dəqiq desək, umduğu, arzuladığı maddi cavablar, yaxşılıqlar, mükafatlar çoxdur, yoxsa özünün ödəməli olduğu borclar. Kiminsə gözlədiyi mükafatlarla ödəməli olduğu borcların “balanslaşdırılmasına” cəhd etdiyini də görməmişik. Amma bir faktı qətiyyətlə deyə bilərik ki, hər bir soydaşlarımız mərhumların ruhu qarşısındakı borcu ödəməyə çalışır. Kim nə qədər bacarırsa, o qədər də ödəyə bilir.
    Yeri gəlmişkən, bizim maddi həyatdakı borclarımıza nisbətən mənəvi borclarımız min dəfələrlə çoxdur. Valideynlər, müəllimlər, soy-kökümüzün görkəmli simaları, övladlarımız, el-oba, qonşular qarşısında olan borclarımızdan əlavə həmkarlarımız və iş yoldaşlarımız qarşısında da çoxsaylı borclarımız var. Həmin borcları çiynimizə öz əməllərimiz yazıb. Dünyasını dəyişmiş həmkar və ya iş yoldaşlarının ehtiramla anılması, onların xatirəsinin müntəzəm şəkildə yad edilməsi bu addımları atanların mənəvi kamilliyindən xəbər verir.

    ... Mən başqa vəzifədən ayrılıb “Xalq qəzeti” rəhbərliyinə göndəriləndən sonra kollektivlə ilk görüşümdə demişdim ki, bu redaksiya XX –XXI əsrlər tariximizin ən dəyərli abidələrindən biridir. Hamımız bu abidənin daha da zənginləşdirilməsinə öz töhfəmizi verməliyik. Töhfə verməyi bacarmayanlar isə ən azından bu qəzetin nüfuzunu qorumalı, bir əsrdən çox yaşı olan redaksiyamızda çalışmış yüzlərlə görkəmli qələm sahiblərinin, tarixi simaların ruhunun ( bu qısa yazıda onların tam siyahısını qələmə almaq sadəcə mümkün deyil) şad olması üçün hansısa addımı atmalıdır. Soruşmuşdum ki, biz nə üçün geridə qalan yüz ildə bu mötəbər mətbuat vasitəsinə rəhbərlik etmiş şəxslərin adını yaşatmayaq, nə üçün burada çalışıb dünyasını dəyişmiş mərhum həmkarlarımızın ruhunu şad etməyək?
    İş elə gətirdi ki, redaksiyamızın siyasət şöbəsinin müdiri (artıq o səhhəti ilə əlaqədar olaraq redaksiyamızda çalışmır) Əməkdar jurnalist İttifaq Mirzəbəyli “Xalq qəzeti”nin kitabxanası” seriyasından iki kitab tərtib etdi. Mənim təşəbbüsüm və irəli sürdüyüm layihə ilə onun tərtib etdiyi “And və əməl” adlı birinci kitab ulu öndər Heydər Əliyevin siyasi kursunu böyük uğurlarla davam etdirən Prezident, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin liderliyinin 20 illiyinə və işğalçı ölkə üzərindəki şanlı Zəfərimizə həsr olunmuşdu.

    “Baş redaktorlarımız haqqında yazılanlar” adlı ikinci kitab isə balavasitə mənim kollektivlə ilk görüşdə səsləndirdiyim suallardan birinin cavabı idi. Xatırladaq ki, bu kitabda qəzetimizin yarandığı dövrdən Əli Vəliyevə qədər olan redaktorlar haqqında ümumi məlumat verilib. Həm də tədqiqatçı alimə istinad edərək. Əli Vəliyevdən sonrakı dövr isə ayrı-ayrı müəlliflərin qələmə aldığı yazılarda öz əksini tapır.
    Bu ilin əvvəlində isə İttifaq Mirzəbəyli bildirdi ki, bizim kollektivlə ilk görüşümüzdə mənim səsləndirdiyim digər suala da cavab olaraq kitab tərtib edir. Bu qocaman həmkarımızın “Xalq qəzeti”nin kitabxanası” rubrikasından olan “Unudulmazlar redaksiyası” adlı üçüncü kitabı Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən və qəzetin adının dəyişdirilməsindən sonra burada çalışmış və vəfat etmiş həmkarlarımıaz haqqında qələmə alınmış yazılardan ibarətdir.
    Mən yeni kitabın əlyazmasını vərəqlədim. Qeyd olunan dövrdə rəhmətə getmiş mərhum həmkarlarımız barədə müxtəlif illərdə, müxtəlif mətbuat vasitələrində olduqca dəyərli yazılar qələmə alınıbmış. Ən başlıcası, kitabda verilmiş yazıların heç biri quru tərcümeyi-hal, yaxud Vikipediya materialı deyil. Bütün yazılar səmimi münasibətin, insani hisslərin təzahürüdür.
    Mən bu kitabda verilmiş – əlli ildən çox qəzetimizin foto-müxbiri olmuş Cahangir İbadov haqqında olan “Baharın yetmiş beş anı” ( müəllif Qüdrət Piriyevdir) , son 35 ildə bütün jurnalistlərin və oxucuların çox yaxşı tanıdığı Məmməd Nazimoğlu haqqında olan “ Bi ağ bulud kimi zərif, ziyansız...” ( müəllif İttifaq Mirzəbəylidir), həm Kommunist”, həm də “Səhər” qəzetlərində, eləcə də, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisində səmərəli, məsuliyyətli fəaliyyəti ilə hamının rəğbətini qazanmış Məzahir Süleymanzadə haqqında olan “Bizim dost itirən vaxtımızdı...” ( müəllif Səməd Məlikzadədir), eləcə də Azərbaycan musiqi mədəniyyətinə ən yaxın mətbuat təmsilçisi kimi tanınan Rafiq Salmanov haqqında qələmə alınmış “Mənalı ömrün akkordları” (müəllif Tahir Aydınoğludur) adlı məqalələri maraqla oxudum.
    Amma etiraf edim ki, məni daha çox məmnun edən fakt yeni kitabın müstəqilliyimizin ilk illərində bu qəzetə rəhbərlik etmiş, bizim hamımızın müəllimi, sadə insan, mükəmməl qələm sahibi olan Tofiq Rüstəmov barədə qələmə alınmış çox gözəl bir yazı ilə başlanmasıdır.
    Bu dəyərli yazıları tapıb-toplamış, mükəmməl bir kitab kimi ərsəyə gətirmiş qocaman həmkarımıza təşəkkür edir, ona uğurlar arzulayırıq.
    Əlavə edim ki, İttifaq Mirzəbəyli mənim “Xalq qəzeti”ndə çalışdığm dövrdə “Yaddaşlarda yaşayanlar” rubrikası açmış və redaksiyaya tanınmış simalar haqqında qələmə aldığı sırf – öz görüş və təmasları haqqında olan 110-dan çox xatirə yazısı təqdim etmişdir. Hamımız şahidik ki, həmin yazılar olduqca maraqla oxunur. Ona görə də əminəm ki, bu həmkarımızın “Xalq qəzeti”nin kitabxanası” rubrikasından tərtib edəcəyi növbəti kitab məhz “Yaddaşlarda yaşayanlar” olacaq.
    Əflatun AMAŞOV,
    “Xalq qəzeti”nin baş redaktoru, “Xalq qəzeti”nin kitabxanası” layihəsinin rəhbəri, Əməkdar jurnalist

    İndi isə tərtibçi haqqında
    Dövlətçiliyin əsgəri, mətbuatın fəhləsi, sözün cəfakeşi...
    Fikrimcə, 1976-cı ildən tanıdığım İttifaq Mirzəbəylinin (Qaçayev İttifaq Məmmədcan oğlu) sosial mühitdə, mətbuat səngərlərində və söz aləmindəki varlığını olduğu kimi ifadə etmək üçün bu üç obrazdan dəqiq nə isə demək mümkün deyil. Çünki onu hamı belə tanıyır. İddiasız, yorulmaz və fədakar.
    Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Moskvadan Bakıya qayıtmasından sonra onun siyasi fəaliyyətinin ən prinsipial təbliğatçılarından biri məhz İttifaq Mirzəbəyli olub. Ulu öndərin Naxçıvandan Bakıya gəlməsindən sonra isə İttifaq Mirzəbəyli həm Dövlət Radiosunun “Son xəbərlər” şöbəsinin müdiri, həm də “Xalq qəzeti”nin operativ müxbiri kimi o böyük siyasət xadiminin bütün görüş, qəbul və digər tədbirlərinə dəvət olunan jurnalistlərin sırasında olub. O, bəzən bir gündə Prezidentin üç rəsmi tədbirində iştirak edərək rəsmi dövlət qəzeti üçün məqalə hazırlayıb.
    O işlədiyi kollektivlərin hamısında ictimai fəal kimi daim öndə olmağı bacarıb. İttifaq, həm siyasət meydanında həqiqi sözü deyib, həm də bədii sözün özünəməxsus çalarlarını yaradıb. Onlarca xarici səfər təəssüratları da daxil olmaqla çoxsaylı kitabların müəllifi olan bu dostumun sözlərinə xeyli mahnılar yazılıb.
    İndi oxuculara təqdim edilən bu kitab isə İttifaq Mirzəbəylinin mərhum həmkarlarının xatirəsinə hörmət və ehtiramının göstəricisidir.
    73 yaşlı “gənc dostuma” yeni yaradıcılıq uğurları arzulayıram.

    Telman HAQVERDİYEV,
    Fəlsəfə elmləri namizədi, İttifaq Mirzəbəylinin ali məktəb müəllimi.

    Şəkildə: İttifaq Mirzəbəyli redaksiyada ən çox əməkdaşlıq və dostluq etdiyi foto-müxbir – vaxtilə İosif Stalin və Səməd Vurğunun fotolarını çəkmiş Cahangir İbadovla ( mart, 1998-ci il).




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ