
Bəradər Səməndərli
(Xanəliyev)
QARŞISINDA
Ruhumu oynatma dedim yerindən,
Düşmən qabağında, yad qarşısında.
Qoparsan yarasın yatmış vulkanın,
Dayana bilməzsən od qarşısında.
Meşə də sənindi, orman da sənin,
Malın-malikanən hər yanda sənin...
Nə işin var axı xırmanda sənin,
Bu qədər var-dövlət, ad qarşısında?
Yolunu azırsan de, nədən belə?
Dağlama sinəmi belədən-belə.
Dünya Süleymana qalmadı lələ,
Nə "şah"lıq edirsən "mat" qarşısında?
Nədən çaşdırıbdı şöhrət, şan səni,
Bir gün tərk edəcək şirin can səni.
Bu çirkli oyundan çıxmasan, səni
Bəradər qoyacaq fakt qarşısında.
25.10.2022
ELƏ HƏMİN DÜNYADI
Ruh bədəndə nə gəzir,
Bizə qalıb hələ sirr.
Ömür yaman tələsir,
Uçub gedir quş kimi.
Yoxsa, dağılıb yuvan,
Nə haqq qalıb, nə divan.
İndi qocayla cavan
Olubdu tay-tuş kimi.
Qatır zəhərə balı,
Salır ürəyə xalı;
Bədniyyətlər əhvalı
Korlayır, bayquş kimi.
Dərdin-qəmin dəryadı,
Bəlkə yuxu, röyadı?
Elə həmin dünyadı,
Dayanıbdı daş kimi.
Ömrün ili, ayı da,
Çətin geri qayıda.
Daha yazı, yayı da,
Yaşayırıq qış kimi.
Yetmişi eylə səksən,
Qonaq deyilsən tək, sən.
Bəradər köçəcəksən
Bir gün, qaranquş kimi.
30.10.2022
YAŞADIN DEMƏK
Hər günün, saatın öz aləmi var,
Qədrini bildinsə, yaşadın demək.
Kədərlə sevincin arasındayıq,
Ürəkdən güldünsə, yaşadın demək.
Sevinc də sənindi, kədər də sənin,
Tale də sənindi, qədər də sənin.
Nə işin var axı şəhərdə sənin,
Kəndinə döndünsə, yaşadın demək.
Uzağı diqqətlə gözündən keçir,
Ocağın alovu közündən keçir.
Özgəyə məhəbbət özündən keçir,
Özünü sevdinsə, yaşadın demək.
Həyat başdan-başa səyahət yolu,
Ömür qatarımız edir qət yolu.
Tanrı dərgahıdı hidayət yolu,
Yolunu seçdinsə, yaşadın demək.
Düşünmə ki, şaha daim "at" qalır,
"Peşka" qarşısında şah da mat qalır.
Bəradər, insana yaxşı ad qalır,
Tarixə düsdünsə, yaşadın demək.
31.10.2022