Sizin reklam burada
Sizin reklam burada
  • “Onun yazılarına yaşıl işıq yandıran ilk yazılı mətbuat vasitəsi “Atribut” qəzeti olmuşdur”

    “Onun yazılarına yaşıl işıq yandıran ilk yazılı mətbuat vasitəsi “Atribut” qəzeti olmuşdur”
    Yaxud, tənhalığı addımların kölgəsindəki ümid öldürür
    “Onun yazılarına yaşıl işıq yandıran ilk yazılı mətbuat vasitəsi “Atribut” qəzeti olmuşdur”
    Hörmətli baş redaktor Bəradər Səməndərli!
    Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetinin sonuncu kurs tələbəsi – mən bilən, artıq məzunu da demək olar -- İmran Əliyevi bir neçə aydır ki, tanıyıram. Bu qısa müddətdə onun sadəliyinin, səmimiyyətinin, sözün qədrini bilməsinin, tutarlı bədii ifadələrinin və ən başlıcası, özünəməxsus yazı tərzinin şahidi olmuşam. Hətta bu il may ayının ortalarında saytlardan birində onun “Yaşıl işıqlı bina” povesti haqqında yığcam mülahizələrinmi də bildirmişəm.
    İmranın rəftarını və yazılarını ona görə müsbət qiymətləndirə bilirik ki, o, yaşıdlarına nisbətən daha çox mütaliəlidir və tanış olduğumuz yazıları sübut edir ki, tam orijinal deyim tərzi var. Onun tanınmış qələm sahibi olacağına inanıram. Ona da inanıram ki, gələcəkdə İmran Əliyev haqqında yazı hazırlayan müəlliflər bu cümlədən də istifadə edəcəklər: “Onun yazılarına yaşıl işıq yandıran ilk yazılı mətbuat vasitəsi “Atribut” qəzeti olmuşdur”. Gənc soydaşımızın iki yığcam yazısını “Atribut”un oxucularına təqdim edirəm.
    Uğur olsun!
    İttifaq Mirzəbəyli
    Əməkdar jurnalist


    Gələcəyəm, əsrlərin birində...

    Əsrlərdir başlamaq istəyirəm,
    Əsrlərdir bitməsini gözləyirəm başlamadan.
    Nəyə gərək ahəngdarlıq
    sətirlərə başlamadan?
    Başlamadan necə bilim hansı cümlə bitirəcək?
    Necə qoyum nöqtəsini əvvəlindən?
    Necə susum, səssizləşim boğazımı yaşlamadan?
    Yaşlamadan mürəkkəbi lələyimi qoyum yerə?
    Bu lələyi mən tapmışam heç bir quşu daşlamadan.
    Daşlamadan insanları necə görüm?
    Necə bilim, necə çatım yalnızlığa?
    İnsanların küləyidir yalnızlığı unutduran.
    Hiss edirəm yalnızlığı heç külək yavaşlamadan..
    Sanki daha əvvəl də mən yaşamışam yalnızlığı.
    Daha əvvəl də durmuşam qaranlığın ortasında.
    Tanıyıram onu. Bəs o?
    O da tanıyırmı məni?
    Dizlərimi atıb təslim olanda
    sevinirmi məni gördüyünə?
    Darıxırmı mənsiz?
    Tərk etdiyim zamanlarda
    yalnızmı qalır yalnızlığım?
    O da hiss edirmi məni?
    Göz yaşlarımı tanıyırmı görəsən?
    Cavab verirmi suallarıma pıçıltıyla?
    Görə bilirmi gördüklərimi?
    Bilirəm, sükutunu pozur sükutum.
    Hər məni görəndə yox olmağın
    qorxusu bürüyür varlığını.
    Heç bezirmi məndən?
    O, hər gün məni gözləyir.
    Bilirəm, inanır xoş sözlərimə.
    Yalan danışmaqdan çox yorulmuşam.
    Daha yalan deməyəcəyəm ona.
    Qoy hər şeyi bilsin.
    Deyəcəyəm, əslində, sevmirəm onu.
    Əslində, hər gün istəyərək gəlmirəm görüşünə.
    Amma yenə gələcəyəm.
    Mütləq.
    Gələcəyəm!

    Vaxtsız ölür… yalnızlığım

    Küçələrin döngəsində
    Hər addımın kölgəsində
    İnsanların cərgəsində
    Mənimlədir yalnızlığım.
    *
    Gözlərimə baxan gözdür,
    Qəlbimi yandıran közdür,
    Sükutumu pozan sözdür
    Dilə gəlir yalnızlığım.
    *
    Dilə gəlir, dinə bilmir
    Qopur fəryad, dinə bilmir
    Sevincimi görə bilmir
    Vaxtsız ölür yalnızlığım.

    İmran ƏLİYEV

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ