Sizin reklam burada
Sizin reklam burada
  • Elnur Əbülfəzoglu

    Elnur Əbülfəzoglu Elnur Əbülfəzoglu

    İstərəm

    Mən aşiq olmuşam o əqli kamalına sənin,
    Gəl uzaq getmə gözlərimdən cananım, istərəm.
    Qoyma həsrətlə baxım hüsnü camalına sənin,
    Od tutub yanmasın eşq odunda canim istərəm.

    Gözəllər içində sən huri, mələksən gözəlim,
    Səni vəsf eyləsin eşq ilə yazdığım qəzəlim.
    Söylə harda qalmısan mən sənin yanına gəlim,
    Dövr eyləsin eşq ilə damarda qanım istərəm.

    Sənə həsr eləyirəm məhəbbət adlı qəzəli,
    Neyləyim ki aşiqəm ey gözəllərin gözəli.
    Tək səni istəyirəm sənsən eşqimin əzəli,
    Qoyma dəysin daşa atdığım ox,kaman istərəm.

    Sən vücudunla məni eyləmisən məsti xumar,
    Gəl ipək tellərinə əllərimlə çəkim tumar.
    Sənsiz eşq bağında əkdiyim çiçəklər də solar,
    Elnuram sevgi duyan sərvi Xuraman istərəm.

    Ey yar

    Vüsal şip-şirindir, həsrət acıdır,
    Neyləyirəm acı həsrəti ey yar.
    Sevdiyim başımın qızıl tacıdır,
    Sil öz qəlbindəki nifrəti ey yar.

    Sənsiz sevgi bağım susuz səhradı,
    Sənli gecələrim şirin röyadı.
    Sevgim bu həyatda sonsuz dəryadı,
    Üzmə aramızda hörməti ey yar.

    Eşqim şölə saçan şamdır,çıraqdır,
    Qəlbim qəm qüssədən,kindən uzaqdır.
    Sənsiz gələn yayım soyuq sazaqdır.
    Nur saç işıqlandır zülməti ey yar.

    Elnuram,sevginin qədrin bilənəm,
    Qəlbimdən kədəri,qəmi silənəm,
    Sənə söyləyirəm ay üzlü sənəm,
    Quraq sevgi adlı məbədi ey yar.

    Eşq ilə sevgi
    Doğan al günəşdir, sayrışan ulduz,
    Parlayan bir aydı eşq ilə sevgi.
    Uca bir zirvədir yolları sonsuz,
    Coşub daşan çaydı eşq ilə sevgi.

    O qardı,borandı soyuq sazaqdır,
    Közərən ocaqdır,qarlı zirvədi.
    Parlayan günəşdir,isti qucaqdır,
    Tanrı verən paydır eşq ilə sevgi.

    Ülviyyət məbədi, könül sarayı,
    Susuz bir səhradı,dağdı,yamacdır.
    Soyuqdur sərt qışı,istidir yayı,
    Sevənləri saydı eşq ilə sevgi.

    İlhamla addımlayır irəliyə Vətənim.

    Azadlığa çıxmışıq bəm-bəyazdır danımız,
    Xoş keçir hər günümüz, xoş keçir hər anımız.
    Yayılıbdır dünyaya şöhrətimiz, şanımız,
    İlhamla addımlayır irəliyə Vətənim.

    Üzümüzə açılır neçə aydın səhərlər,
    Abadlaşır günbə-gün həm kəndlər, həm şəhərlər.
    Geridə qalıb daha əzəlki "birtəhər"lər,
    İlhamla addımlayır irəliyə Vətənim.

    Qayıdıbdır Qarabağ-doğma yurd yerlərimiz,
    Bütövlüyü,birliyi göstərdi ellərimiz.
    Qələbə nəğməsini söylədi dillərimiz,
    İlhamla addımlayır irəliyə Vətənim.

    Bəs niyə

    Bilmədim aldatdın sən məni neyçün,
    Eşqinə bivəfa çıxdın bəs niyə?
    Dönmüsən xəyala indi mənimçün,
    Ümman tək çağlayıb axdın bəs niyə?

    Yoxsa sevgimizi sandın yalandı,
    Dərdimin üstünə dərdlər qalandı.
    Bax bu sevən ürək-qəlb yaralandı,
    De məni yandırıb,yazdın bəs niyə?

    İnsafın,mürvətin olmadı barı,
    Daha yollarımız düşübdür ayrı.
    Biryolluq unutdum sənin tək yarı,
    Könül sarayımı yıxdın bəs niyə.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ