Sizin reklam burada
Sizin reklam burada
  • Hüsü kişinin gördükləri eşitdikləri və dedikləri

    Hüsü kişinin gördükləri eşitdikləri və dedikləri Akif Təvəkküloğlu
    Əməkdar jurnalist

    IV YAZI


    İnsan təbiətin bir parçasıdır. Havamızı, suyumuzu, qidamızı təbiətdən alırıq. Siyahını uzatmaqda olar. Təbiətdən aldığımız zövq başqa aləmdir. Bu, ruhumuzun qidasıdır. Hər kəs öz rahatlığını və dincliyini təbiətin əsrarəngiz gözəlliyində, dilbər guşələrində tapır. İstirahət günlərini təbiət qoynunda keçirməyə can atmağımız da yəqin ki, elə bundan qaynaqlanır. Yaşıllıqlar, meşələr, dağlar, dərələr, çaylar insanı özünə cəlb edir, qoynuna səsləyir. İnsan zaman və imkan daxilində bəzən bu çağırışa məmnuniyyətlə cavab verir....
    Mayası torpaq olan təbiətə insan əlinin sığalı çəkildikdə isə o daha da gözəlləşir, bərəkətli olur. Deməli, bu təbiətin bir parçası olan insana da aiddir. “Ana torpaq” deyimi elə-belə yaranmayıb ki... Bir deyim də var: “Torpaq deyər, sən mənə tər ver, mən sənə zər verim.”
    Fiziki qidanın da böyük əksəriyyətini torpaqdan alırıq. İnsan öz əli ilə torpağa sığal çəkdikcə həm ətraf mühit daha da gözəlləşir, həm də bərəkət artır. Torpaqla, təbiətlə düzgün rəftar çox mühüm amil, torpağın dilini bilmək vacib şərtdir. Naşı adamların naşı rəftarı təbiətdə böyük fəsadlar yarada bilir.
    ...Hüsü kişi torpağı sevən adamdır. Onun bu barədə çox söhbətlərini eşitmişəm. Yeniyetməlik çağlarında ondan eşitdiyim bir söhbətə o vaxtlar yaşıdlarımla bərabər mən də gülmüşdüm. Amma sonralar həmin hadisənin mahiyyətini dərk edəndə başa düşmüşdüm ki, həqiqətən də “çörək bişirməyi çörəkçiyə tapşırmaq” lazımdır.
    Hüsü dayı söyləyirdi ki, günlərin bir günü sovxozların birinə yeni gənc sədr gətirilir. Sovxozda əsasən meyvəçiliklə məşğul imiş. Gənc sədr kənd camaatını yığır sovxozun klubuna və gələcək işlərdən, öz planlarından söhbət açır. Odlu-alovlu danışırmış. Amma elə mürəkkəb cümlələr və dolaşıq fikirlər işlədirmiş ki, kənd adamlarının çoxusu anlaya bilmirmiş.
    - A kişi, o nə dedi?
    - Ay qız, o nə danışır?
    - A bala, bir sakit olun, görək söhbət nədən gedir?
    Nəisə... İclasın əvvəlindən sonuna kimi bu cür sualların sayı-hesabı olmayıb. Sonda isə məlum oldu ki, bir-iki adamdan başqa heç kim heç nə anlamayıb. Yaşlı bir kişi xeyli adamı ətrafına toplayaraq onlara suallar yağdırıb:
    - A bala, siz bir şey anladınız. Bəlkə mən qanmıram. Vallah rəhmətlik Məşədi İbadın sözü olmasın mən “Tarixi-Nadir”i yarıya qədər oxumuşam, amma bu cavan sədrin danışığından bir şey qanmadım...
    “Allah Kərimdi, görək nə olur” deyən camaat evlərinə dağılışır.
    Hüsü dayı deyirdi ki, səhər tezdən işə gedən adamlar qəribə bir mənzərənin şahidi olurlar. Meyvə bağlarındakı ağaclar kütləvi şəkildə kəsilib, böyrü üstə yıxılıbmış... Camaat heyrətlə, maddım-maddım bir-birinin üzünə baxıb baş verənləri anlamağa çalışırmış. İşçilər ağac kəsənlərdənniyə belə etdiklərini soruşanda cavab bir olub: “Sovxozun təzə sədrinin göstərişidir!”
    Camaat ağackəsənlərdən dərhalbu qəddarlığı dayandırmağı tələb edir və onları bağdan qovur. Sonra sovxoz idarəsinə üz tutur, amma sədri orada tapa bilmirlər. Çünki gənc sədr hələ səhər yeməyinibitirməyibmiş...
    Günortaya yaxın yeni sədr idarəyə yaxınlaşanda burada xeyli adamların yığışdığını görür. Yan - yörəsindəkilərdən bunun səbəbini soruşur. Onlar isə həqiqəti demək əvəzinə toplaşanları boşboğaz və araqarışdıranlar kimi təqdim edirlər. Adamların dağılışmadığını görən sədr bir neçə ağsaqqalı qəbul edir və bu hay-küyün səbəbini öyrənmək istəyir. Ağsaqqallardan biri:
    - Bala, bunu sən özündən soruş. Bar verən ağacları niyəböyrü üstə qoydurmusan, kütləvi şəkildə qırdırırsan?
    - Mən orada təzə ağaclar əkdirib, yeni bağlar salacağam...
    Bu cavabdan heyrətlənən ağsaqqallar:
    - A bala, bu harada yazılıb, hardanoxumusan bunu? Bu bağlar uzun illərin zəhmətinin bəhrəsidir. Ağacların bol bar verən vaxtıdır. Onların hər birinin ərsəyə gəlməsi üçün illər lazım olub. Camaat min bir əzab-əziyyət hesabına bu bağları salıb.İndi sən gəlib özündən hoqqa çıxardıb bar verən bağları məhv edib yerində təzə körpə ağaclar əkdirəcəksən? Harada görünüb bu? Yeni bağ salmaq istəyirsən, sal! Amma hazırkı bağların yaxınlığında. Körpə ağaclar bar verən ağaclar vasitəsi ilə tozlansınlar. Yeni bağların bar verməsi üçün illər lazım olacaq...
    Sədr deyir:
    - A kişilər, siz nə danışırsınız, toz nədir, mən qoymaram o ağaclar çirklənsin, üzərlərinə toz qonsun. Mən hər gün onları yuduzduracam...
    Ağsaqqallar gördülər ki, bu həna o hənadan deyil. Gənc sədr biologiya, botanikaelminin “b”-sını bilmir, elmi-ürfandan, dünyadan xəbərsizdir. Mübahisənin xeyri yoxdur. Üz tuturlar lazım olan yerlərə...
    Söhbətin bu yerini Hüsü kişi çox baməzə şəkildə tamamlayırdı:
    - Bilirsiniz, o gənc sədrin aqibəti necə oldu? Yerlə-yeksan etdiyi bağların taleyi kimi...



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ