Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər SƏMƏNDƏRLİ: ÖZÜN BİLİRSƏN NİYƏ...

    Bəradər SƏMƏNDƏRLİ: ÖZÜN BİLİRSƏN NİYƏ...

    ÖZÜN BİLİRSƏN NİYƏ...

    Sənə nifrət edirəm,
    Özün bilirsən niyə.
    Elə bilmə, xoşbəxtəm,
    Bu gün mənimsən deyə,
    Özün bilirsən niyə.

    Dəyişdin tez-tez "donu",
    Ayrılıq oldu sonu.
    Açıb-ağartsam bunu,
    Səbəb olar səs-küyə,
    Özün bilirsən niyə.

    Niyə "gəldin" görmədən,
    Mənə könül vermədən?
    Ucaldığın zirvədən
    Başlamısan enməyə,
    Özün bilirsən niyə.

    Sənlə üzüm gülmədi,
    Dərdim ilmə-ilmədi.
    Ürəyin də gəlmədi
    Mənə könül verməyə,
    Özün bilirsən niyə.

    Götür Şeytana daş at,
    Ağla, ürəyini boşalt.
    Bacarırsansa, yaşat,
    Nə var ki, öldürməyə,
    Özün bilirsən niyə.

    Bəradər baş qatmadı,
    Qız, səni aldatmadı.
    Cəsarətin çatmadı,
    Özünü sevdirməyə
    Özün bilirsən niyə.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ