Sizin reklam burada
Sizin reklam burada

Gilə Əliqızı: "Ürəyin sönməz közü..." (yenilənir)

Gilə Əliqızı: "Ürəyin sönməz közü..." (yenilənir)
Gilə Əliqızı
şairə,
laçınlı

Laçın

Bu gecə torpağın çiçək açacaq,
Bahar gələcəkdi qışına, Laçın.
Həkərin sevincdən aşıb daşacaq,
Dönəcək gözünün yaşına, Laçın.

İllərdir gözümüz yoluna sarı,
Səndən ayrılalı qalmışıq yarı.
Bu gecə güllü yaz əridib qarı,
Gələcək dağına, daşına, Laçın.

Perik ruhlar dinclik tapar bu gecə,
Xayin əllər səndən qopar bu gecə.
Azadlığın oba-oba, küçə-küçə,
Gələcək bəxtinin tuşuna, Laçın.

Dönəcək qoynundan ayrılan köçün,
Gələcək əvvəlki,şöhrətin, gücün.
Alındı qisasın, alındı öcün,
Qurbanam bəlalı başına, Laçın...

Vətən

Başın açılmadı dumandan, çəndən,
Çox düşdün tufana, borana, Vətən.
Keçsin qara günlər, gəlsin sabahın,
Düşmə qaranlığa, torana, Vətən.

Yazılsın tarixə zəfərin, öykün,
Dərs olsun xainə qisasın, görkün.
Əzəldən düşmanı bitmədi türkün,
Yol aç qardaşlığa, turana, Vətən.

Tanrı olsun haqq savaşda dayağın,
Çəkilsin üzünə zəfər boyağın.
Büdrəməsin daşa dəyən ayağın,
Qurbanam qanayan yarana, Vətən...

Gəlir

Gücüm yetmir bu sevincə,
Qelbim köksümə dar gəlir.
Nə gözəl gəlir bu payız,
Vətənə bəhər, bar gəlir.

Alışır sönmüş ocaqlar,
Boyanır nura çıraqlar.
Sürgün eldən xoş soraqlar,
Töhvə gəlir, nübar gəlir.

Qol açım sarılım göyə,
Sərkərdəmi öyə-öyə.
Vətən adlı xəzinəyə,
Qarabağ tək gülzar gəlir...

Az qalıb

Gözü yaşlı gəldiyimiz yolları,
Gülə-gülə gedəçəyik, az qalıb.
Haqq gücünün köməyindən güc alıb,
Otuz ilin həsrətini.
Bir qələmdə siləcəyik, az qalıb,
Duyacaqdır Xuda bizi.
Salacaqdır yada bizi,
İgid əsgər, şanlı ordu.
Aparacaq yurda bizi,
Bir səhər günəşlə birgə.
Bir axşam ayla bərabər,
Vətən, sənə gələcəyik.
Vətən, sənə dönəcəyik, az qalıb...

Zalım

Bilirsənmi, halım sənsiz necədir,
Düz yolum düşübdür yoxuşa, zalım.
Qış gəlib könlümə, gözümə sənsiz,
Düşmüşəm dumana, yağışa, zalım.

Bürüdün başıma dumanı, çəni,
Getdin, ömür boyu gözlədim səni.
Qoymusan intizar, həsrətdə məni,
Bir şirin kəlməyə, baxışa, zalım.

Neylədim fələyə mən bəxdi qara,
Böldü ürəyimi eylədi para.
Ömürlük könlümdə olmusan yara,
Dönmüsən üzümdə naxışa, zalım...

Düşmüsəm

Düşmüşəm dünyanın əyri üzünə,
Yol tapa bilmirəm düz tərəfinə.
Ümidim bir qələm,bir kağız olub,
Sığınıb qalmışam söz tərəfinə.

İlahi,ürəklər kədərlə dolu,
Eşit bu biçarə,bu qərib qulu.
Nə ola, açıla Laçının yolu,
Gedəm bu dünyanın biz tərəfinə.

Zalımın zülümü heddini aşıb,
Məzlumun səbiri, dözümü daşıb.
Rəbbim, bu dünyanın fələyi çaşıb,
Gəl apar məni də öz tərəfinə...

Keçirəm

Ürəyimə min dağ çəkən fələyin,
Qarşısından gülə-gülə keçirəm.
Bu dünyanın ömür adlı yolundan,
Göz yaşımı silə-silə keçirəm.

Dönəcəyik bir gün ruha, mələyə,
O gün Xuda mərhəmətin ələyə.
Ayağımın ölüm adlı tələyə,
Düşəcəyin bilə-bilə keçirəm.

Çox görmüşəm ömrün qarlı qışını,
Çox yemişəm bəxtin soyuq aşını.
Mən atmışam yaşamağın daşını,
Bu dünyadan elə-belə keçirəm..

Ürəyin sönməz közü...

İllər ötüşüb keçir,
İzi ürək titrədir.
Ömürdən hər keçən gün,
Bizə bir xatirədir.
Səssiz,dilsiz şəkillər,
Yaddaşda naxış olur.
Ürək acısın çəkir,
Tutulan baxış olur.
Şəkillər tarix edir,
Bəxtəvər zamanları.
Oğurlayıb həyatdan,
Həbs edir xoş anları.
Şəkillər bizə qalan,
Keçmişin həsrət izi.
Nisgil uzu həyatın,
Ürəyin sönməz közü...

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ