İlhamə Məhəmmədqızı
ANA FƏRYADI
Şəhid anasının dilindən
Aman göynər sinəm, sızlar ürəyim,
Odlana-odlana yanar ürəyim,
Bəxtin bəlasını kimə söyləyim,
Taleyim kədərli ağlar qalmışam!
Zalım Fələk çəkdi çərxi tərsinə,
Zülm yazdı qismətimdə üzümə,
Hanı dedim, mil çəkdirdi gözümə,
Bala deyib, indi ağlar qalmışam.
Ömrüm üçün, günüm üçün olanım,
Mənə məndən bir təsəlli olanım.
Şəhid olub, gözlərimdə qalanım,
Bala deyib, indi ağlar qalmışam.
Xəzan ixtiyarı aldı əlimdən,
Əsdirdi sinəmdə qanlı küləyi,
Soldu həyatımın şəfqət çiçəyi,
Aman deyib, indi ağlar qalmışam.
İntizarla göz yaşlarım əbədi,
Nakam gedən balam dövran sürmədi,
Arzu-istəklərim, son ümidlərim
Daşa dəyib, indi ağlar qalmışam.
Kim anlayar anaların həsrətin,
Fəryadları zilə çəkər qəm səsin,
Bala dərdi sındırar sərv qamətin,
Qara geyib, indi ağlar qalmışam!
ŞƏHİDİN ALLAHDAN SON İSTƏYİ
Ağlamayın, bu yaralar mənimdi,
Görmək istəyirəm son dəfə üzün,
Həsrətli gözləri yollarda qalan
Əlacsız Anama çatdırın məni!
Solma gözlərimdə, Günəşim, solma,
Gündüzüm, qal bir az, hələ qaralma.
Sinəmdə döyünən ürəyim, susma,
Əlacsız Anama çatdırın məni!
Çəkil, duman, çəkil, tutma gözümü,
Bizi Yaradana deyim sözümü,
Son dəfə o yazıq görsün üzümü,
Əlacsız Anama çatdırın məni!
Arzu, istəyimdi mənim son ahım,
Getmə, bir an dayan sən, ruh karvanım!
Axı rəhimlisən, mənim Allahım,
Əlacsız Anama çatdırın məni!
BALAM GƏLMƏDİ
Söndü taleyimin, söndü Günəşi,
Susdu ürəyimin odu-atəşi.
Dünya gözlərimdə döndü zülmətə,
Gözlədim-gözlədim balam gəlmədi!
Göynədikcə sinəm qurudu dilim,
Sıxıldım-sıxıldım, əyildi belim,
Amanım, zamanım, mədarım! Neynim,
Səslədim, səslədim, balam gəlmədi!
Döyünür, az qala çıxa ürəyim,
Gümanım sənədir, səndən diləyim.
Yaradan, kömək ol, olum qurbanın,
Yolları izlədim, balam gəlmədi!
Sərvət, şöhrət mənim nəyimə gərək,
İndi göz yaşımdı mənimçün çörək.
Od vurdu, yandırdı, yurdumu fələk,
Ağladım, sızladım, balam gəlmədi!
Analar dəryadı, analar dağdı,
Gözünün önündə Şəhid olsa da,
Ananın qəlbində balası sağdı,
Odur ki, deyirlər balam gəlmədi!
Bəli, hərdən xəyal qonağım olar,
Qəlbim piyalətək dolar, boşalar.
Analar ah çəksə, dünya qocalar,
Hələ soruşurlar balam gəlmədi?!
HANI DEYİB CƏNAZƏMİ, AĞLAMA
Vəsiyyətim budur sənə, can ana,
Yana-yana göz yaşların axmasın.
Mən necə qıymazdım Vətənçün cana,
Hanı deyib cənazəmi ağlama.
Ağlamamaq yandıracaq düşməni,
O cürətin qandıracaq düşməni,
Dəyanətin sındıracaq düşməni,
Hanı deyib cənazəmi ağlama.
Mənə sən vermisən qanı, qeyrəti,
Mənə sən vermisən canı, qüvvəti.
Yaraşmaz bizlərə məğrur qaməti,
Hanı deyib cənazəmi ağlama.
Kimlər çatar, kimlər çatmaz bu ada.
Torpağın payıdı hamı dünyada.
Ağlamaz anası igid övlada,
Hanı deyib cənazəmi ağlama.
Aman istəmədim mən düşmənimdən,
Vursun sinəmdəki mərd ürəyimdən.
Yara almamışam mən kürəyimdən,
Hanı deyib cənazəmi ağlama.
Mən mərd oldum, mərd vuruşdum meydanda,
Vətənimə sadiq oldum hər anda.
Qürbət məni məzara tapşıranda,
Hanı deyib cənazəmi ağlama.
Allahımdam mən dilədim rəhməti,
İstədim ki, gedim görəm cənnəti,
Nə olsun, cəsədim seçdi qürbəti,
Hanı deyib cənazəmi ağlama.
Mələklər duracaq məzarım üstə,
Güllər qoxuyacaq məzarım üstə.
Bülbül oxuyacaq məzarım üstə,
Ana, məni, ana, məni ağlama,
Hanı deyib məzarımı ağlama!
YARALI ƏSGƏR
Vətənin uğrunda canından keçən,
Atadan-anadan, bacı-qardaşdan.
Dostundan, yarından aralı əsgər,
Uzanıb səngərdə yaralı əsgər.
Tor görür gözləri axdıqca qanı,
Ağrıdır yarası baxdıqca onu.
Silahı özündən aralı əsgər,
Əl atır götürsün yaralı əsgər.
Hələ eşitdikcə güllə səsləri,
Vətən qeyrətilə əsir əlləri,
Əsgər yoldaşlardan aralı əsgər,
Güllədən sinəsi yaralı əsgər.
Düşmən güllələri onu qorxutmur,
Qaldırır başını qaməti tutmur.
İndi güllələrdən aralı əsgər,
Sürünür su üçün yaralı əsgər.
Axır son damcı qan, yumulur gözü,
Titrəyir ürəyi, ağarır üzü,
Mən Vətən uğrunda! Oldu son sözü.
Dəyişdi dünyasın yaralı əsgər!
ŞƏHİDİN SON SÖZÜ
Yaxın gəlin mənə əziz qardaşlar,
Son sözümü sizə deyib gedirəm.
Ğmrümü fəth edib xoş arzularla,
Azadlıq donunu geyib gedirəm!
Vuruşdum düşmənlə ər meydanında,
Yaranı sinəmdən alıb gedirəm.
Azəri yurdumu canımdan əziz
Sanmışam, oduna yanıb gedirəm!
Vətən anamızdır, torpaq yadigar,
Mərdliyin toxumun səpib gedirəm.
Bu deyil ayrılıq, qovuşuram mən,
Qucaqlayıb onu öpüb gedirəm!
Vətənin uğrunda verdiyim canı,
Vətənin qurbanı bilib gedirəm,
Mələklər cənnətə aparır məni,
Müqəddəs varlığı sevib gedirəm!
İndi son laylamı mən eşidirəm,
Bilin, son arzuma çatıb gedirəm,
Vətən ruhlarına dediyi layla,
Şəhid beşiyində yatıb gedirəm"
ŞƏHİD BALAM, QAYIT, GƏL
Görən gözlərimin nuru səndədi,
Ömrümün bu günü, sabahı sənsən.
Mənim qismətimin varı səndədi,
Ümid çırağımsan, balam, qayıt, gəl!
Gedirsən cismimin ruhu səndədi,
Bəxtimin bir bağı, baharı sənsən,
Xoşumun kamanı, tarı səndədi,
Yanan ocağımsan, balam, qayıt, gəl!
Yaşamaq həvəsim, əhdim səndədi,
Həyatımım sevinc, mənası sənsən.
Varlığın xoş günü, bəxtim səndədi,
Axan bulağımsan, balam, qayıt, gəl.
Gözüm yaşlı qalar, taqətim olmaz,
Solar, rəngim solar, taqətim qalmaz,
Özümün özümə hörmətim olmaz,
Sən qol-budağımsan, balam, qayıt, gəl.
İndi hardasan sən, bilə bilmirəm,
Daha ağlayıram, gülə bilmirəm,
Son dəfə görməsəm, ölə bilmirəm,
Çünki sorağımsan, balam, qayıt, gəl.
Şəhid balam, aman balam, can balam,
Vərən üçün can verdi qurban balam,
Yuxuma gəl, gözümdə dayan, balam,
Səbr fərağımsan, balam, qayıt, gəl!
ŞƏHİDİN VƏSİYYƏTİ
Bu son nəfəsimdi! Son nəfəsimdə
Son sözüm, son arzum olacaq mənim.
Sizi and verirəm böyük Allaha,
Bu sirrim sizinlə qalacaq mənim.
Bir bulud görürəm Günəşdən parlaq,
Ruhum dərgahıdı bu parlaq ancaq.
Həsrətlim ağlasın baxıb doyunca,
Gizli ağlasın ki, anam görməsin!
Tabutu açmayın dəfn edəndə,
Saralmış yanaqlı solmuş üzümü,
Əbədiyyət dünyasına zillənib,
Yumulmuş gözümü anam görməsin!
Axı söz vermişdim, ağlama deyib,
Yenə də qayıdıb sağ gələcəyəm.
Birbaşa məzara aparın məni,
Cansız cənazəmi Anam görməsin!
Məni sağ görübdü sonuncu dəfə,
Bağrıma basıbdı sonuncu dəfə.
O gözəl anları xatirə qalsın,
Qanlı cəsədimi anam görməsin!
Sinəmdə yurd salan ölüm yarası,
Baxanda anamın qəlbinə köçər!
Dərdin zülümünə o dözə bilməz,
Sinəmin yarasın anam görməsin!
Mən Vətən eşqinə fəda oluram,
Sükut laylasında yatırın məni.
Şəhid karvanına çatdırın məni,
Karvanım gedəndə anam görməsin!
VƏTƏN EŞQİNƏ
Şəhidlərin dilindən
Cismimdi qürbətdə, ruhum Vətəndə,
Tabutum qoynuna alanmaz məni.
Azəri torpağın azad görməsəm,
Məzar girdabına salanmaz məni.
Vətən həm bu dünyam, həm o dünyamdı,
Keçmiş-gələcəyi unutmaz məni.
Vətənə dediyim qurban canımdı,
Həsrəti, kədəri qorxutmaz məni.
Yalançı şöhrətə yad olmuşam mən,
Vətənin eşqinə ad almışam mən.
Allah dərgahında ucalmışam mən,
Müxənnət nifrəti alçaltmaz məni.
İndi öz yurdumun səmasındayam,
Babək, Cavanşirin dünyasındayam,
Məsləkdaşlarımın sırasındayam,
Yaddaşlar xəzanla saraltmaz məni.
Vətən eşqi! Taleyimlə barışdım,
Arzuma, həm istəyimə qovuşdum,
Əbədiyyət üfüqündə alışdım,
Həqiqət Günəşim var, batmaz mənim.
YAŞASIN DÜNYA
Dünyayla yox savaşım. Axı niyə dalaşım? Zamanla üz-üzə dayanaraq, dərin fikrə dalaraq düşünürəm: axı dünyanın nədir günahı? Günahsızlığımı? İnsanların haqsızlığımı əridir onu? İnsansız məgər dünya dünyamı? Onun kədərinə şərik olan, sevincini bölə bilən canlılarda can sızlarmı, nur saçarmı? Özü böyük, dərdi böyük dünyanın dünyada qayğıya ehtiyacı var.Saflaşsa, parlasa, durulsa bütün insanlar nə olar?! Nə olar zirvə zirvəyə düşmən olmasa, naşılar öz yolunu azmasa,göz yaşı axmasa, torpaq alışmasa, yanmasa... Böyüklər qorusa böyüklüyünü, dillərdə yatmasa yalanlar, duyanlar səadətdən pay alsa, xeyirxah olsa bütün insanlar, dargözlər, xəbislər töhmətə çatsa, qəm ürəkdə düyünün açsa... dünya da hər zaman, hər vaxt sevinər, isinər, gülər, güldürər. Dünyanın taleyi, insanın taleyi oxşayır bir-birinə. İş qalıb Tanrının məsləhətinə. Dünyanın da, insanın da payı olmaz. İnsan ürəyindən, insan qanından laqeydlik tamam silinsə əgər, tələbkar yanaşsa hərə özünə, dünya da dünya boyda qürurlu olar, duyanlar arasında qiymət qazanar. Hansı gözlə baxarsan dünyaya, o gözlə də görərsən onu. Dünyadan yox, ürəyin sınmasından, şərəfsizin çoxalmasından, qatığa qara, oda kül deyilməsindən, xəbisin, xainin, vicdanını dananın artmasından... qorxa bilərsən yalnız.
Nəhayət, narahat dünyada əbədi rahatlıq tapanda da sən, ancaq bunu diləməlisən: Yaşasın dünya, yaşasın dünya!
VAR OLSUN YAXŞILAR, YAXŞILIQLAR
Dünyanı al-ver elə sürüyüb. Satan çox, alan az. Dünyanı döyüş meydanı bürüyüb. Namərd çox, mərd az. Dünya qarışıq rəngə bürünüb. Qara çox, ağ az. Dünyada yalan, yaman sürünüb. Yanan çox, qanan az. Hər kəsin bu dünyada öz qisməti, alın yazısı var. Kimisinə az pay düşür, kimisinə çox. Kimisi razı qalır, kimisi narazı. Çörək var ki, dünyada ona yağ çəkilir, çörəksizin ürəyinə dağ çəkilir. Bir əllə kəbin yazılır, bir əllə qəbir qazılır. Bu dünyada insanların Arazı var, bazarı var. Bu dünyada insanların Afrikası, Tiflisi var, başı taclı iblisi var. Gecəsi var, gündüzü var. Demək iki cür üzü var. İkiüzlülük elə bir libasdır ki, onun altından altındakı görünür. İnsan dünyaya gələndə bilmir havası nə, suyu nə. Ancaq qəbul edir özünə. Sonralar isə dərk edir ki, onlarsız yaşamaq heç nə. Bəs bu dünyanın insana hədiyyəsi nə?
Fəqət, bu dünyanın insanlarının arzusu çoxdur, nəhayətsizdir, sonsuzdur. Hamısını ifadə etmək mümkünmü? Əlbəttə, yox! Heyhat, bu dünyada Tanrı qənim kəsilsin paxıl, xəbis, pis adamlara. Bu dünyanın insanları fəlakət dəllalı olmasınlar. Bədbin, qara tablolar çəkəndə çıxış yolu, çarə, əlac axtarsınlar. Dünyada bütün təzadlar bir hesabat kitabıdır ki, onda olanları görəndə nə edək sualı silkələsin hər kəsi. Odsevərlik inamı olan ana Vətənimizdə Zərdüşt təqvimində “Azər”adlanan ay od və ildırım içərisində yaşayan mələk kimi təsəvvür edilib. Bu mələk sonralar səma odu olan Günəşin Yer üzərindəki vəkili adlandırılıb. Azərsevərlər həmişə “Nari-Azər”, yəni “Azər odu” yandırıblar. Onlara “azərkeş” deyiblər. Bu günün azərkeşləri qalxsınlar ayağa, artırsınlar dünyada sevinci. Maddi bir şeyi bölüşdürəndə azalır. Sevinci paylayanda isə, əksinə çoxalır. Sevincin artması əzabı azaldır. Dərdin çoxalması qəmi, kədəri artırır. Dünyada bunlardan hansı kimə çox çatır? “Sirli-sehrli, gəlimli-gedimli” dünyanın əvvəli nə, axırı nə? Diləyim büdür: müəmmalı, cavabsız suallar verilməsin heç kəsə. Dünya Yaradanındır. Yaradan yarananındır. Yarananlar yarısınlar bir-birindən. Qovuşsun xoş məramlar, arzular. Tükənməsin saf diləklər. Dünya durduqca var olsun yaxşılar, yaxşılıqlar!
AĞ XALATLI HƏKİMLƏR
Həyatı gözəlləşdirirsiniz təbiəti gözəlləşdirən gül-çiçək kimi. Ömrə nur çiləyirsiniz nurlu günəş kimi. Neçə-neçə ürəyə sevinc paylayırsınız xeyirxah müjdəçi kimi, ağxalatlı həkimlər!
Naümid baxışlara, nigaran doğmalara, üzüntülü körpəyə, gəncə, qocaya, bir sözlə, Sizə gümanı, ehtiyacı olanlara, Sizə tapınanlara bir vüqar rəmzi, bir çıraq, bir dayaqsınız, ağ xalatlı həkimlər!
Sizdən şəfa tapanların, xoş diləyə çatanların , saf istəyə qovuşanların minnətdarlıq hissidir ən böyük qazancınız!
Sağlam, gümrah görünmək hər kəsin diləyidir. Bu diləklə də Sizə üz tutanlara diqqət və qayğınız Sizi daha ucadan uca, doğmadan doğma edir. Bu inamı, bu etibarı qazanmağınız, şərəflə və fərəhlə sağlamlıq keşiyində dayanmağınız, şəfqət bəxş etməyiniz bəndəyə xoş olduğu qədər də, Tanrıya xoşdur! Tanrı Sizi qorusun, ağ xalatlı həkimlər, dağ vüqarlı həkimlər!
ÖZÜMƏ TƏSƏLLİ
Qəribə günlər,
Qəribə işlər,
Qəribə görüşlər,
Qəribə təsqdüflər!
Hamısı qəribədir. Bu qəribəliklər içərisində səbr tükənir, inam, ümid azalır, süallar çoxalır, cavablarsa haçalanır. Özlüyündə keçirsən geniş təhlilə və görürsən ki, özün də qəribələşirsən. Lakin gərək dözəsən, səbr edəsən. Bunuçün də lazımdır iradəli olasan. Yalnız və yalnız iradəli! Sonrası həlledici, intizarlı gələcəyin işidir!
