Sizin reklam burada
Sizin reklam burada
  • SƏN DÜNYAYA GƏLƏNDƏ…

    SƏN DÜNYAYA GƏLƏNDƏ…

    ÖMÜR QATARININ 65-Cİ VAQONUNDA XOŞ GÖRDÜK SİZİ, NATELLA XANIM!

    Acılı-şirinli, gecəli-gündüzlü, gəlimli-gedimli ömür dastanımız dərk etdikcə dərinləşir, zənn etdikcə gözəlləşir, duyub-düşündükcə mənalanır, məzmunlaşır. Fəqət, gerçək mənada hər insan ömrü bir kitablıq filmdir. Janrından asılı olmayaraq hər kəs bir filmin süjetini, obrazını, məzmununu yaşayır həyatda.
    Haqqında söz açacağım “film qəhrəmanı” çoxlarına nümunə olacaq tərzdə Tanrı, Torpaq, Vətən, millət, dövlət haqqını həyat kredosuna çevirərək bu amal uğrunda çalışır, “vuruşur”, mübarizə aparır, yazır, yaradır, yaşayır, yaşadır.
    Dəyərli oxucular, sizləri çox da intizarda qoymayaraq tədqimata keçmək istəyirəm. Söhbət Azərbaycan mediasının sevilən-seçilən, tanınan simalarından biri, əməli sözündə, sözü əməlində tamamlanan, dəmir iradəli, aslan ürəkli, qızıl qələmli Natella Asenadan gedir. Xaraktercə pozitiv insan olan Natella xanımı fərqli baxışlarla, hərə bir cür tanıyır. Ömür qatarının 65-ci vaqonunda qərar tutan

    SƏN DÜNYAYA GƏLƏNDƏ…

    BU XANIM KİMDİR?

    1955-ci il iyun ayının 5-də Naxçıvan MR Şərur rayonunun Siyaqut kəndində dünyaya vəsiqə alan Natella Yadulla qızı Bayramova doğuluşu ilə Bayramovlar ailəsinə sevinc, təbəssüm, səadət, işıq, nur, ruzi-bərəkət, yeni nəfəs, yeni ruh gətirdi. Könül dünyası təzələndi, çiçək açdı, ətir saçdı, gözü güldü Bayramovlar ailəsinin.

    Günlərin bir günündə,
    Bayramovlar evində,
    Qeybdən çıraq yandı,
    Könüllər duyğulandı.
    Soraq yayıldı kəndə,
    Sən dünyaya gələndə.

    Kədər dodaqdan qaçdı,
    Günəş gülüşün saçdı.
    Bənövşələr gül açdı,
    Yasəmənlər oyandı.
    Yaşıllaşdı çəmən də,
    Sən dünyaya gələndə.

    SƏN DÜNYAYA GƏLƏNDƏ…

    Təkcə sözə, ədəbiyyata, qəzetə – mətbuata doğulmadı Natella, o, həm də haqqa-ədalətə, doğruluğa, düzgünlüyə, saflığa, insanlığa, mərdliyə, cəsarətə doğuldu, çətin cığırlar adladı, ağır sınaqlarından keçdi, əzildi, sıxıldı, fəqət əyilmədi, sınmadı, büdrəmədi…
    Əl qərəz. Şərur rayonunun Siyaqut kəndində dünyaya göz açan Natella Asena 1961-ci ildə həmin rayonun Kürtçülü kənd məktəbinin birinci sinfinə qədəm qoydu.
    …1971-ci ildə isə doğulduğu Siyaqut kənd orta məktəbini müvəffəqiyyətlə başa vuraraq sənədlərini M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna verdi və “İngilis dili” fakültəsi üzrə instituta qəbul olundu... İstər orta məktəbdə, istərsə də ali məktəbdə Natella xanım xüsusi istedadı, bilik və bacarığı, ictimai-siyasi dünyagörüşü, nümunəvi davranışı, qabaqcıllığı, novatorluğu ilə başqalarından, həmyaşıdlarından, sinif və tələbə yoldaşlarından seçildi.
    Hələ orta məktəbdən əlinə qələm alan Natella xanım oxuduğu məktəbin divar qəzetinin rəhbəri olub, maraqlı yazılarla məktəb rəhbərliyinin, müəllim və şagirdlərin diqqətini cəlb edib.

    MƏKTƏB HƏYATINDAN HƏYAT MƏKTƏBİNƏ

    SƏN DÜNYAYA GƏLƏNDƏ…

    O, 1975-ci ildə təhsil aldığı SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitunu yüksək göstəricilərlə başa vuraraq həm “diplom” aldı, həm də həmin il həyata vəsiqə aldı – ailə həyatı qurdu.
    Yetərincə idraklı, anlamlı, duyumlu, düşüncəli Natella xanım həyatın ali pilləsinə – ailə həyatına və taleyin sonrakı müjdələrinə kamil şəkildə, iradəli şəkildə çoxdan hazır idi. Beləliklə, o, 1976-cı ildə Daxili İşlər Nazirliyində ilk əmək fəaliyyətinə başlasa da, sonralar fəaliyyətini “Azərkitab”da davam etdirdi.
    Natella Asena çoxşaxəli fəaliyyəti boyunca “Neftayıran” qəzetində müxbir, “Humay” və ardınca isə “İstintaq” qəzetlərində baş redaktor, “Müxalifət” və “Ədalət” qəzetlərində xüsusi müxbir işləyib. Ölkənin ictimai-siyasi həyatında baş verən haqsızlığa qarşı barışmaz olub, peşəkar yazılarla oxucu rəğbəti qazanıb. Nəhayət, topladığı yüksək qəzetçilik təcrübəsinə əsaslanaraq, 2003-cü ildə Respublikada “Zəfər Qalası” adlı ilk müstəqil hərbi-vətənpərvərlik qəzetini təsis edib dövriyyəyə buraxılmasına nail oldu. Təbii ki, belə bir adda, bəlli məqsəd-məramda qəzet təsis etməsi Natella xanımın vətəninə, torpağına, dövlətinə, dövlət başçısına, millətinə sədaqətin, sarsılmaz bağlılığın nümunəsi idi.

    Hər an döyüş bölgəsin
    Yada salası idi.
    Əlində imkan olsa,
    Zəfər çalası idi.

    Qalardı həftələrlə,
    Səngərdə əsgərlərlə.
    Göstərdiyi hünərlə
    Yadda qalası idi.

    Söz deməz hər yetənçün,
    Yolun azıb-itənçün.
    Lazım gəlsə, vətənçün
    Şəhid olası idi.

    Bu bacarıq, bu savad,
    Kimdə var ki, bu saat?
    Yerbəyerdən mükafat
    Aldı, alası idi.

    Düşmənlə üz-üzəydi,
    Hər sözü ox-nizəydi.
    Onunçün də qəzeti
    “Zəfər qalası” idi.

    NAİLİYYƏTLƏRİ, MÜKAFATLARI

    SƏN DÜNYAYA GƏLƏNDƏ…

    …Və adı kimi məqsədi, məramı, yolu, yolçuluğu, haqsızlığa, ədalətsizliyə, düşmənçiliyə qarşı mübarizədən keçən “Zəfər qalası”, onun baş yazarı insan hüquqlarının ən güclü müdafiəçisi Natella xanım Asena Azərbaycan mətbuat tarixinə iri hərflərlə həkk olunaraq yaddaşlara əbədi vəsiqə aldı. Elə bu səbəbdən də ardıcıl olaraq ünvanına axın-axın, fəxri fərmanlar, mükafatlar, fəxri diplomlar bu gün də ünvanlanmaqdadır. Onların sırasında “Fəal qadın”, “Vətən”, “İnam və şərəf”, “Xan qızı Natəvan”, “Araz”, “Nailiyyət”, “Peşəkar jurnalist” diplomlarını, eləcə də hərbi vətənpərvərlik sahəsində əlinə qələm alaraq cəbhə bölgələrindən canlı-canlı, isti-isti peşəkar yazılar yazdığına, bu istiqamətdə göstərdiyi nümunəvi xidmətlərinə görə sabiq müdafiə naziri general-polkovnik Səfər Əbiyevin “Hərbi vətənpərvərlik və əsgər mənəviyyatı” birinci mükafatına layiq görüldüyünü xüsusi qeyd etmək yerinə düşərdi.
    Natella xanımın həyatdan qazancı 3 oğul anası, 7 nəvə nənəsi olmasıdır. N.Asenanın

    O, təkcə ana deyil,
    Həm də nənədir, nənə.
    Övladları özü tək
    Xidmət edir Vətənə.

    Cismi 65-də,
    Ruhu 15 yaşında.
    Hələ yazıb-yaratmaq,
    Eşqi coşur başında.

    Maddiyyat sarıdan,
    Gözləri toxdur onun.
    Yaşından çox cavandır,
    Qaməti şuxdur onun.

    Tərəzi bürcündənəm,
    Haqq yolunu gedirəm.
    Yubilyarı ürəkdən
    Mən də təbrik edirəm.

    Bəradər, qoy bu yazı
    Çoxuna örnək olsun.
    Natella Asenamız,
    Yaşın mübarək olsun!

    Bu da son

    Yazının sonuna gəlsəm də, ömrüm sonuna hələ çox var, dəyərli dostum, qız qardaşım Natella xanım. Tanrı sizi qorusun! Vətən torpaqları tezliklə işğaldan azad olsun, “Zəfər qalası”nın daha mükəmməl sözünü Şuşa qalasından, Qarabağ torpaqlarının ruhumuza sərinlik gətirəcək qoxusunu duya-duya, qələbə sevincinin gözəlliyini yaşaya-yaşaya dilə gətirəsən, deyəsən, əlinə qələm alasan, yazasan. İnşallah!

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ