Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvləri Aydın Hüseynov və Naqif Həmzəyev Astara rayonuna səfərləri çərçivəsində YAP Astara rayon təşkilatında olublar, ərazi partiya təşkilatlarının fəalları, eləcə də Astara Pedaqoji Kollecinin rəhbərliyi, pedaqoji heyəti və tələbə-gəncləri ilə görüşüblər.
"Atributinfo.az" xəbər verir ki, deputatları YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov qarşılayıb. Görüş zamanı partiyanın rayon təşkilatının fəaliyyəti, həyata keçirilən təşkilati işlər, üzvlərlə əlaqələrin gücləndirilməsi, eləcə də ərazi partiya təşkilatlarının fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, dövlətçilik maraqlarının qorunması, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının siyasi və ictimai müstəvidə təbliği istiqamətində partiya strukturlarının üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.
Qeyd olunub ki, partiyanın gücü yalnız onun təşkilati strukturunun genişliyi ilə deyil, eyni zamanda, cəmiyyətlə qurduğu səmərəli münasibətlər, üzvlərinin fəallığı, ictimai proseslərdə iştirakı və qarşıya qoyulan vəzifələrin ardıcıl icrası ilə ölçülür. Bu baxımdan yerli təşkilatların fəaliyyətinin əlaqələndirilməsi, partiya fəallarının təşəbbüskarlığının artırılması və vətəndaşlarla davamlı ünsiyyətin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində deputatlar ərazi partiya təşkilatlarında YAP fəalları ilə də görüşüblər. Görüşlərdə partiyanın qarşısında duran vəzifələr, yerlərdə aparılan təşkilati işlər, üzvlərin ictimai-siyasi proseslərdə iştirakı və yerli təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə olunub.
Aydın Hüseynov və Naqif Həmzəyev partiya fəallarının fikir və təkliflərini dinləyib, onların qaldırdıqları məsələlər ətrafında müzakirələr aparıblar. Belə görüşlərin partiyadaxili həmrəyliyin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və təşkilati fəaliyyətin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Deputatların Astara səfəri çərçivəsində növbəti görüşü Astara Pedaqoji Kollecində baş tutub. Burada kollecin direktoru Kamran Kazımovla görüş keçirilib, təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesinin təşkili, pedaqoji kadr hazırlığı və gənclərin peşəkar mütəxəssislər kimi formalaşması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra YAP Təftiş Komissiyasının üzvləri kollecin pedaqoji heyəti və tələbə-gəncləri ilə görüşüblər. Görüşdə təhsilin cəmiyyətin intellektual potensialının formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətin davamlı inkişafında mühüm rolu vurğulanıb. Gənclərin bilikli, dünyagörüşlü, vətənpərvər və müasir çağırışlara cavab verən mütəxəssislər kimi yetişməsinin ölkənin gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıdığı qeyd olunub.
Deputatlar tələbələrlə söhbət zamanı gənclərin ictimai-siyasi proseslərdə fəallığının, dövlətçilik prinsiplərinə bağlılığının, milli maraqların qorunmasında və cəmiyyət həyatında məsuliyyətli mövqe nümayiş etdirməsinin vacibliyinə toxunublar. Eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların gələcək fəaliyyətləri üçün geniş imkanların yaradılması məsələləri diqqətə çatdırılıb.
Görüşdə pedaqoji kollektivin nümayəndələrinin fikir və təklifləri dinlənilib, təhsil və gənclər siyasəti ilə bağlı məsələlər ətrafında səmimi fikir mübadiləsi aparılıb.
Ümumilikdə, Astara rayonunda keçirilən görüşlər Yeni Azərbaycan Partiyasının yerli strukturları ilə əlaqələrin möhkəmləndirilməsi, partiya fəallarının fəaliyyətinin əlaqələndirilməsi, eləcə də təhsil ictimaiyyəti və gənclərlə dialoqun genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu səfər partiyanın cəmiyyətin müxtəlif təbəqələri ilə qarşılıqlı təmaslarının gücləndirilməsi, ictimai-siyasi həmrəyliyin və dövlətçilik dəyərlərinin təşviqi istiqamətində aparılan işlərin tərkib hissəsi kimi diqqət çəkir.
Bəradər Səməndərli
"Atributinfo.az"
