Noyabrın 26-da Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunda seçicilərlə mütəmadi görüşlərin təşkili, vətəndaş müraciətlərinin dinlənilməsi və onların qaldırdıqları məsələlərin həlli istiqamətində fəaliyyətini davam etdirib.
"Atributinfo.az" xəbər verir ki, deputat həmin gün Şabran rayonu Səməndər Musayev adına Uzunboyad kənd tam orta məktəbində vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbul zamanı rayon sakinlərinin müraciətləri, onları narahat edən sosial və məişət məsələləri, eləcə də müxtəlif sahələrlə bağlı təklif və problemləri diqqətlə dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlərin mahiyyəti araşdırılıb, onların həlli imkanları ətrafında müzakirələr aparılıb. Müvafiq araşdırma və tədbirlərin görülməsi tələb olunan müraciətlərlə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqələrin yaradılması və məsələlərin nəzarətdə saxlanılması istiqamətində müvafiq addımların atılacağı bildirilib.
Mahir Süleymanlı vətəndaşlarla birbaşa ünsiyyətin, onların problemlərinin yerində öyrənilməsinin və müraciətlərə həssas yanaşılmasının deputat fəaliyyətində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, seçicilərlə mütəmadi görüşlər ictimai ehtiyacların daha yaxından öyrənilməsinə, mövcud problemlərin aidiyyəti qurumların diqqətinə çatdırılmasına və onların həlli istiqamətində əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsinə imkan yaradır.
Deputat məktəblilərlə də fikir mübadiləsi aparıb
Vətəndaş qəbulundan sonra Mahir Süleymanlı Səməndər Musayev adına Uzunboyad kənd tam orta məktəbinin şagird kollektivi ilə görüşüb.
Görüş zamanı deputat şagirdlərlə səmimi söhbət apararaq onların təhsilə münasibəti, dərslərə marağı, gələcək hədəfləri, seçmək istədikləri peşələr və maraq dairələri ilə maraqlanıb. Məktəblilərin fikir və düşüncələrini dinləyən Mahir Süleymanlı onların sualları və gələcəklə bağlı planları ətrafında fikir mübadiləsi aparıb.
Deputat gənc nəslin keyfiyyətli təhsil almasının, müasir bilik və bacarıqlara yiyələnməsinin, müstəqil düşüncə qabiliyyətinin formalaşmasının ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, şagirdləri vaxtlarını səmərəli keçirməyə, mütaliəyə, elmə və innovasiyalara maraq göstərməyə, qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün əzmlə çalışmağa təşviq edib.
Görüşdə məktəblilərin gələcək peşə seçiminə şüurlu yanaşmasının, bilik və dünyagörüşlərini daim inkişaf etdirmələrinin vacibliyi də ön plana çəkilib.
Qeyd edək ki, bu cür görüşlər bir tərəfdən deputatla seçicilər arasında birbaşa ünsiyyətin möhkəmləndirilməsinə, digər tərəfdən isə gənclərin ictimai həyata marağının artırılmasına, onların fikir və təşəbbüslərinin diqqətdə saxlanılmasına xidmət edir. Mahir Süleymanlının Şabran rayonunda keçirdiyi görüşlər vətəndaşlarla dialoqun davam etdirilməsi və təhsil mühitində gənclərlə ünsiyyətin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Bəradər Səməndərli
"Atributinfo.az"
