Sizin reklam burada
Sizin reklam burada
  • Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır

    Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Akustik kriminalistikanın hüquq pozuntularında sübutların əldə edilməsində rolu” mövzusu üzrə müzakirələr aparılıb. Bu barədə institutdan məlumat verilib.

    İnstitutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev və kiçik elmi işçi Lalə Əliyevanın həmmüəllifi olduqları elmi işi dosent Bikəs Ağayev təqdim edib. O, rəqəmsal kriminalistikanın mühüm istiqamətlərindən biri olan akustik kriminalistikanın bəzi texnoloji aspektləri, səs yazılışı və küylə bağlı qanunvericilik əsasları barədə danışıb, kriminalistik küy monitorinqi üzrə aparılmış təcrübi eksperimentləri təqdim edib. Bildirib ki, akustik küy insan sağlamlığı üçün ciddi risklər yaradır və bu səbəbdən küy səviyyələrinin normalaşdırılması beynəlxalq təcrübədə xüsusi yer tutur.

    Dosent Bikəs Ağayev bildirib ki, akustik kriminalistikanın əsas tədqiqat obyektlərindən biri də inzibati, mülki və cinayət işləri üzrə hüquq pozuntularının müəyyənləşdirilməsi və sübut olunması məqsədilə rəqəmsal səs, nitq və akustik küy siqnallarının araşdırılmasından ibarətdir. O, həmçinin audit analizi, akustik və linqvistik analiz kimi əsas metodlardan, ölkəmizdə küy problemləri ilə bağlı qüvvədə olan normativ-hüquqi sənədlərdən bəhs edib. Şöbə müdirinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ-nin Əmək və Sağlamlığı Mühafizə Milli İnstitutu və digər qurumların apardıqları araşdırmalara əsasən, akustik küy çirklənməsi insan sağlamlığına mənfi təsirinə görə atmosfer havası və su çirklənməsindən sonra üçüncü əsas amil hesab olunur. Bu baxımdan küy səviyyələrinin yol verilən hədlərinin normativ aktlarla tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır.

    Bikəs Ağayev tədqiqat çərçivəsində ölkəmizin inzibati ərazi bölgüsü nəzərə alınaraq akustik kriminalistika məqsədləri üçün küy normalarının pozulması hallarının aşkarlanması prosesinin avtomatlaşdırılmasına imkan verən lokal və qlobal akustik monitorinq sistemlərinin arxitektur həllərinin təklif edildiyini diqqətə çatdırıb.

    AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev akustik kriminalistika problemlərinə həsr olunmuş müzakirələrin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Alim müasir çağırışları nəzərə alaraq, “deepfake” texnologiyalarının imkanları və yaratdığı risklərin akustik kriminalistika kontekstində araşdırılmasının vacibliyini qeyd edib.

    Akademik Rasim Əliquliyev audioresursların identikliyinin qorunması, o cümlədən süni intellekt əsaslı akustik texnologiyaların dərindən tədqiq edilməsinin zəruriliyinə toxunaraq son illər nitqin sintezi və süni intellekt texnologiyaları əsasında yaradılmış sintetik audiomənbələrin artmasının yeni elmi çağırışlar formalaşdırdığını bildirib.

    AMEA-nın vitse-prezidenti institutda vaxtilə akustik küy texnologiyaları, o cümlədən biometrik identifikasiya sistemlərində nitqin tanınması texnologiyaları üzrə tədqiqatların aparıldığını və bu sahədə müəyyən elmi nəticələrin əldə olunduğunu qeyd edib.

    Rəqəmsal dövlətin institusional problemlərinə də toxunan akademik Rasim Əliquliyev bildirib ki, bu mürəkkəb kritik infrastrukturun dayaqlarından biri də akustik normalara və tələblərə əməl olunmasıdır. Bu baxımdan audiomənbələrin akustik küyünün idarə edilməsi, balanslaşdırılması və azaldılması istiqamətində tədqiqatların genişləndirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və mövcud problemlərin müəyyənləşdirilməsi zəruridir. Alim, həmçinin ölkədə milli akustik nəzarət sisteminin yaradılmasının vacibliyini vurğulayaraq, bu prosesdə müxtəlif yerlərdə, obyektlərdə generasiya olunan ictimai əhəmiyyətli audioverilənlərin toplanmasında vətəndaş cəmiyyətinin imkanlarından da istifadənin əhəmiyyətini qeyd edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ