AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor
Dünyanın əksər ölkələrində və Azərbaycanda unlu şeh tağlı bitkilərin ən geniş yayılmış və təhlükəli xəstəliklərindən biridir. Xəstəliklə həm örtülü, həm də açıq şəraitdə becərilən xiyar bitkisi, eləcə də Cucurbitaceae fəsiləsinə mənsub olan yemiş, qarpız, qabaq, patisson, balqabaq yoluxurlar. Tağlı bitkilərdə unlu şeh xəstəliyini iki göbələk törədir: 1. Golovinomyces cichoracearum DC f. cucurbitacearum Pot 2. Podosphaera fuliginea (Schltdi) U. Braun& S. Takam. Birinci göbələk əsasən örtülü və açıq qruntda becərilən xiyar bitkisin, ikinci göbələk fəsiləyə mənsub olan digər bitkiləri-qarpız, yemiş və s. yoluxdurur. Patogenlər bitkilərin əasən yarpaqlarını, zoğlarını, saplağı və az hallarda meyvələri yoluxdurur. Hər iki halda yoluxan yarpaqların alt və üstündə ağ, küləbənzər örtük inkişaf edir. Yoluxan digər orqanlarda da analoji simptomlar əmələ gəlir. Patogenlər obliqat, yəni həqiqi parazitlərdir, əsasən cavan orqanları sirayətləndirirlər. Yoluxan orqanların səthində formalaşan örtük göbələklərin konidi, yay mərhələsindən ibarətdir və vegetasiya dövrü xəstəliyin yayılmasını təmin edir. Vegetasiyanın sonuna yaxın yoluxmuş orqanların səthində qara nöqtə şəklində kleystotesilər əmələ gəlir. Göbələklər cinsi çoxalmada formalaşan kleystotesilərlə bitki qalıqlarında qışlayır. Erkən yazda onlar cücərir və ilkin sirayətlənməni təmin edirlər. Patogenlər 80-90% nisbi rütubət, 25-27C temperaturda fəal inkişaf edir və 4-5 gündən bir inkubasiya verirlər. Bəzi illərdə patogenlər 15-ə qədər inkubasiya verirlər. İstixana şəraitində becərilən xiyarda məhsul itkisi 60%, açıq sahədə becərilən xiyar, yemiş, qarpız və s. 30%_ə çatır.
Mübarizə tədbirləri:
1. Yüksək aqrofon təmin edilməli, istixanada dezinfeksiya, açıq sahədə növbəli əkin, infeksiya mənbəyi olan bitki qalıqları məhv edilməlidir. Suvarma ardıcıl və aramla həyata keçirilməli, kalium və fosfor gübrələrindən istifadə səmərəlidir.
2. Xəstəliyə qarşı kimyəvi mübarizə zamanı profilaktiki çiləmələrdə tərkibi əsasən kükürddən ibarət tiovit djet, kumulus, kolloid kükürd, müalicəvi çiləmələrdə isə sistem təsirli topaz, bayleton, skor, topsin-m, kvadris və istifadə edilə bilər. Kontakt və sistem təsirli fungisidlərin növbəli tətbiqi dərmanlara qarşı rezistentliyi aradan qaldıra bilir. Aqronom bu məsələləri tənzimləməlidir.



