Sizin reklam burada
Sizin reklam burada
  • Böyük SÖZün-SÖZün böyük ustadı!

    Hörmətli Sabir bəy Rüstəmxanlı, Sizi 80 illik yubileyiniz və bu münasibətlə dövlət başçısı tərəfindən təltif olunduğunuz "Şərəf" ordeni ali mükafatı ilə əlaqədar ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı və 100 illik yubileyinizi bu təravətdə keçirmənizi arzulayıram!

    Bəradər Səməndərli
    "Atributinfo.az"ın baş redaktoru


    AD GÜNÜM

    Bəlkə, min il yaşlı, on min il yaşlı
    Sirli bir mahnının ardınca bu gün
    Dağlara gəlmişəm yalqız, kimsəsiz
    Öz doğum günümü qutlamaq üçün!

    Ürək oxuyanın işləri müşkül,
    Gözlərdə göz alan dərinlik hanı?
    Onsuz da seyrəlir dost məclisləri,
    Sözlərdə əvvəlki şirinlik hanı?

    Yalqız zirvələrlə verim baş-başa,
    Məni onlar atdı burdan həyata.
    Görüm ucaların halı necədi,
    Dözə bilirlərmi bu gedişata?!

    Adımı köksünə həkk eləmişdim,
    Bilmirəm ağrısı dərindədirmi?
    Salam, çinar qardaş, nəğməm darıxır,
    Sənin mahnıların yerindədirmi?

    Əgər yerindəsə, bir ağız oxu,
    Ya da sağlıq söylə köklər eşqinə.
    Sən də badəyə dön, ay əlçim bulud,
    Qaldırım başıma göylər eşqinə!

    O göl qədəhini qaldır, qoca dağ,
    Nuş elə, olsa da nəfəs kəsəsi.
    Mən ömrüm uzunu səni öymüşəm,
    Sən də bir ağız de sağlıq əvəzi!

    Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
    Köhnə dostlarımdı – məclisimdə cəm.
    Şəhərin zəhəri ayıltdı məni,
    Şəkər bulaqlardan keflənəcəyəm!

    Elə sehir var ki, bu ucalıqda
    Ürəyi dəyişər, vaxtı çaşdırar.
    Dağlar ad günümə hədiyyə kimi
    Ruhumu yenidən cavanlaşdırar.

    Sabir Rüstəmxanlı
    20 may,2009.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ