Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirib ki, ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynayıb. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir. Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev tərəfindən həyata keçirilən ailə siyasəti Azərbaycan dövlətçiliyinin əsas sosial istiqamətlərindən biri hesab olunur. Ulu Öndər ailəni cəmiyyətin təməli, milli-mənəvi dəyərlərin qoruyucusu kimi qiymətləndirirdi. Onun hər iki rəhbərliyi dövründə ailənin müdafiəsi, qadın və uşaqların hüquqlarının qorunması, sosial rifahın gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. O, ailəni dövlətin və millətin gələcəyinin əsası kimi təqdim edirdi və bildirirdi ki:“Ailə cəmiyyətin əsas sütunudur.” Bu yanaşma nəticəsində ailə məsələləri dövlət səviyyəsində prioritet istiqamətə çevrildi.
Ulu Öndərin təşəbbüsü ilə qadınların dövlət idarəçiliyində, təhsildə və ictimai-siyasi həyatda fəallığı artırıldı. Qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atıldı.
1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə qadın siyasətinin institusional əsasını formalaşdırdı. Həmçinin uşaqların sağlamlığı, təhsili və sosial müdafiəsi istiqamətində dövlət proqramları qəbul edildi. Kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına xüsusi diqqət göstərildi. Azərbaycanın uşaqların hüquqlarına dair beynəlxalq konvensiyalara qoşulması da bu siyasətin mühüm hissəsi idi.
Onun formalaşdırdığı ailə modeli milli-mənəvi dəyərlərə söykənən, sağlam və güclü cəmiyyət quruculuğuna xidmət edən bir siyasət idi. Ulu Öndərin ailəyə verdiyi dəyər Azərbaycan xalqının mənəvi birliyinin və dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynadı.
Ulu Öndər tərəfindən əsası qoyulan ailə siyasəti bu gün də Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biri olaraq davam etdirilir. Cənab Prezident İlham Əliyev bu siyasəti daha müasir və geniş sosial proqramlarla həyata keçirir.
Ölkə rəhbəri çıxışlarında dəfələrlə vurğulayıb ki, güclü dövlətin əsasında sağlam ailə dayanır. Azərbaycanda milli-mənəvi dəyərlərin, ailə ənənələrinin qorunması dövlət siyasətinin mühüm istiqamətidir.
Şəhid və qazi ailələrinə xüsusi dövlət qayğısı bunu bir daha sübut edir. Şəhid ailələrinin sosial müdafiəsi, qazilərin mənzillərlə təmin olunması, ailə üzvlərinin sosial müavinətlərinin artırılması istiqamətində mühüm addımlar atılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vasitəsilə ailədaxili zorakılığın qarşısının alınması, erkən nikahlarla mübarizə, qadınların məşğulluğu, uşaqların hüquqlarının qorunması sahəsində geniş proqramlar həyata keçirilir.
Ümumilikdə bu gün Azərbaycanda ailə siyasəti sadəcə sosial məsələ deyil, milli təhlükəsizlik və mənəvi dəyərlərin qorunması məsələsi kimi həyata keçirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən də bu sahədə bir sıra maraqlı layihələr reallaşdırılır. Bu layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, eyni zamanda, onların firavanlığının təmin olunmasına xidmət edir. Mehriban xanım Əliyevanın ölkə Prezidenti ilə çiyin-çiyinə çalışması, bütün taleyüklü məsələlərin həllində onunla birgə olması, əslində, Ulu Öndərin ailə ənənələrinin ləyaqətlə davam etdirilməsinin sübutudur.
Mənəvi dəyərlər üzərində qurulan Azərbaycan ailəsi kiçik bir dövlət kimi çıxış edir. Bu model milli kimliyimizin qorunmasında, ənənələrimizin gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır. Məhz belə möhkəm təməl üzərində qurulan ailələr sağlam cəmiyyətin formalaşmasına zəmin yaradır. Bu gün Azərbaycanın milli varlığını qoruyub saxlamasında da həmin dəyərlərə sadiqlik əsas rol oynayır. Gənc nəslin milli ruhda, vətənpərvərlik hissi ilə tərbiyə olunması isə bu siyasətin məntiqi davamıdır. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət, igidlik və vətənpərvərlik ruhu məhz bu sağlam ailə tərbiyəsinin, milli-mənəvi dəyərlərə sədaqətin bariz nümunəsidir. Qəhrəman övladlar yetişdirən Azərbaycan ailələri bu gün qürur mənbəyimizə çevrilmişdir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Natiq Allahverdiyev ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışıb, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olmasını diqqətə çatdırıb.
Şəhid, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova çıxışında ailə dəyərlərinin qorunmasının, sağlam ailə münasibətlərinin və gənc nəslin bu dəyərlər ruhunda formalaşdırılmasının əhəmiyyətini vurğulayaraq bütün ailələrə xoşbəxtlik arzu edib.
Daha sonra tədbir geniş konsert proqramı ilə davam etdirilib.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributuinfo.az"
