Daha sonra anım tədbiri Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masa ilə davam edib.
"Atributinfo.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-idarəetmə və İctimai-məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimiş və öz torpaqlarından qovmuşlar.
Təəssüf ki, bu hadisələrə uzun illər ərzində obyektiv hüquqi-siyasi qiymət verilməyib. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələyə dövlət səviyyəsində yanaşma formalaşıb. Məhz Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verildi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan olundu. 1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, həmin gün soyqırımı qurbanlarının anım tədbirləri keçirilir.
Dövlətimiz tərəfindən bu amansız vəhşilik və cinayətlərin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması üçün bu gün də ardıcıl siyasət həyata keçirilir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında Heydər Əliyev Fondu tərəfindən “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Rəşədətli ordumuz Müəzffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə, eləcə də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində soyqırım qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı. Tarixi ədalət bərpa olundu, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük müharibədə Ermənistan Azərbaycan qarşısında diz çökdü. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Bu gün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır.
Tədbirdə digər çıxış edənlər erməni millətçilərinin törətdikləri vəhşiliklərin, zorakılıqların, faciələrin xalqımızın qan yaddaşında dərin izlər buraxdığını və heç vaxt yaddaşlardan silinməyəcəyini diqqətə çatdırbılar.
Bəradər Səməndərli
"Atributinfo.az"
