Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ziyalılar, gənclər və YAP fəalları iştirak etmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri çıxış edərək tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən ermənilərin zaman-zaman xalqımızı soyqırıma məruz qoymasından danışaraq bildirib ki, 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz xarabalığa çevrilmiş, 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Vüqar İsayev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 31 mart soyqırımına prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” və 18 yanvar 2018-ci il tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı sərəncamlar bu istiqamətdə atılan mühüm addımlardan biridir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi barədə məlumat verib, ermənilərin Azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımları və törətdikləri vəhşiliklər barədə danışmışdır.
Daha sonra natiqlərdən, partiya veteranı Salman Balakişiyev, Şəhid anası Minayə Abbasova, müharibə iştirakçısı Sərdar Balyev, gənclərdən Sevinc Paşayeva, Ülkanə Mikayılova, Günay İsgəndərova və digərləri çıxış edərək, ermənilərin 200 illik tarix boyunca təkcə Azərbaycana deyil, bütün qonşu dövlətlərə - Türkiyəyə, İrana, Gürcüstana qarşı da, ərazi iddiaları irəli sürdüyünü və təcavüzkar siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırıb, bir sıra tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs ediblər.
Sonda “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub.
