Tədbirin məqsədi gənc nəslin milli dövlətçilik ənənələrinə, hüquqi düşüncəyə və vətəndaş məsuliyyətinə daha dərindən yiyələnməsini təmin etmək, Konstitusiyamızın mahiyyəti və suveren dövlətimizin müstəqilliyi barədə maarifləndirici müzakirələr aparmaq idi.
Dəyirmi masada kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak edirdi. Tədbiri giriş sözü ilə açan direktor muavını t.f.d Murad Muradov Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin əsas qanunu kimi əhəmiyyətindən, onun xalqın iradəsini və dövlət suverenliyini ifadə edən tarixi sənəd olmasından danışdı. Qeyd olundu ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya Azərbaycan dövlətçiliyinin əsas dayağı, insan hüquq və azadlıqlarının təminatçısıdır.
Sonra çıxış edən müəllimlər və tələbələr suverenliyin mahiyyəti, onun qorunması və möhkəmləndirilməsində gənclərin rolu haqqında fikirlərini bölüşdülər. Qeyd edildi ki, suverenlik hər bir xalqın müstəqil yaşamaq, öz taleyini azad şəkildə müəyyənləşdirmək hüququdur. Azərbaycan xalqı bu hüququ Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bərpa edib və Prezident İlham Əliyevin rəhbərliyi altında onu daha da gücləndirərək beynəlxalq aləmdə öz layiqli yerini tutub.
Tədbir zamanı tələbələr tərəfindən hazırlanmış məruzələr, sitatlar və video-çarxlar nümayiş etdirildi. Xüsusilə Konstitusiyanın əsas bölmələri, vətəndaş hüquq və vəzifələri barədə təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılandı.
Dəyirmi masanın sonunda vurğulandı ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də milli kimliyimizin, müstəqilliyimizin və suverenliyimizin rəmzidir. Gənclər bu dəyərləri qorumalı, ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməməlidirlər.
Tədbir səmimi, yüksək vətənpərvərlik ruhunda keçdi və tələbələrdə dərin təəssüratlar yaratdı.
Aybəniz Quliyeva
