Sənsiz bayramlar, şənliklər, düyünlər keçdi, sənsiz güllər-çiçəklər açdı, sən isə bundan darılmadın, incimədin, küsmədin. Çünki sən Vətən aşiqi idin, sən Vətən Qəhrəmanı idin!
Vətən Müharibəsi Qəhrəmanları sırasında gizir Əsgərli İntiqamın adını hər dəfə oxumaq fəxarətini kaş sən də duya biləydin, hiss edəydin... O qədər möhtəşəm, o qədər qürürverici bir andır ki, insan sanki nəfəs belə almaq istəmir... Bu vətənin qəhrəmanın yaxını olmaq, bu vətənin qəhrəmanı sənin bir parçandır düşünmək kimi bir fəxarəti bizlərə sən bəxş etmisən. Sağ ol...
Ruhun qarşısında müntəzirik, boynumuza borc yükləyib, haqq dünyasına qovuşdun. Borcumuzu yəqin heç zaman qaytara bilməyəcəyik...
Bu gün yəqin Şuşanın dağlarında ruhun dolaşır, azad torpaqlara baxıb qürurlanır, pərvazlanır... Sənin və sənin kimi Qəhrəmanların sayəsində ölkəmizə bu payız fəsilində bahar gəlib, zəfər sözü dillərə pərçim olub, məğlüb kəlməsini yadırğamışıq. Göz yaşı, qaçqın-köçkün ah-naləsi, anaların fəryadı kəsilib, yox olub...
Sizlər, Nurlanlar, Pəncəlilər, Mübarizlər bizi təkrar özümüzə qaytardız, başımızı dik saxlamağa, qamətimizi düzəltməyə, bükülmüş belimizi, əyilmiş, sınmış qürurumuzu bərpa etməyə nail oldunuz. Qarşınızda baş əyirik!!! Ruhunuz şad olsun!
Etibar Savalan,
hüquqşünas-jurnalust
