Sarı bildiriş xəbərdarlığın ən aşağı səviyyəsidir. Bu, proqnozlaşdırılan hava hadisəsinin ümumilikdə əhali üçün risk daşımadığını, lakin bəzi fəaliyyət növlərinə və ya xüsusilə həssas insanlara təsir göstərə biləcəyini bildirir. Məsələn, yüksək, amma ekstremal olmayan temperaturla müşayiət olunan isti hava dalğası və ya kiçik daşqın, habelə nəqliyyatda qısamüddətli fasilələrə səbəb ola biləcək lokal yağıntılar. Ehtiyatlı olmaq tövsiyə olunur, lakin adətən ciddi məhdudiyyətlər nəzərdə tutulmur.
Narıncı bildiriş; bu səviyyə əhəmiyyətli riskin mövcudluğunu nəzərdə tutur. Müşayiət edən hava hadisələri daha intensiv və ya genişmiqyaslı olur, ziyan vurmaq və ya gündəlik həyata təsir göstərmək ehtimalı yüksəkdir. Məsələn, sağlamlığa təsir göstərə biləcək çox yüksək temperatur, güclü küləklə müşayiət olunan fırtınalar və ya leysan yağışlar. Təlimatlara ciddi əməl etmək və mümkün fəsadlara və ya təhlükələrə hazır olmaq tövsiyə olunur.
Qırmızı bildiriş; ən yüksək səviyyədir və ekstremal riskdən xəbər verir. Gözlənilən hadisələr son dərəcə intensiv və təhlükəli olur, insanların, əmlakın və ya ətraf mühitin təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu, rekord istilər, güclü daşqınlara səbəb olan leysan yağışlar, infrastruktur üçün risk yaradan fırtınalar ola bilər. Qırmızı səviyyədə xəbərdarlıq elan edildikdə son dərəcə ehtiyatlı olmaq, zəruri olmayan səfərlərdən çəkinmək və hakimiyyətin tövsiyələrinə ciddi şəkildə əməl etmək vacibdir.
