Hacı OrucovBakı şəhəri 3 saylı Notariat Ofisinin notariusu
Notariatın imkanlarından istifadə edilməsi bütün mülki-hüquq münasibətləri iştirakçıları, o cümlədən icarədar və icarəçilər üçün səmərəli və təminatlı bir vasitədir. Müasir bazar iqtisadiyyatının infrastrukturunun ən mühüm elementlərindən biri icarə bazarıdır.
Son illər Azərbaycanda icarə münasibətlərinin səmərəli inkişafı üçün bir sıra mühüm normativ-hüquqi aktların qəbulu bu sahədə mühüm qanunvericilik bazasının yaradılması ilə nəticələnib ki, bu da icarə bazarının ölkədə formalaşmasında böyük rol oynayıb. Dünya çapında bazar iqtisadi münasibətlərinin dərinləşdiyi və o cümlədən Azərbaycanın daxili iqtisadiyyatında aparılan dərin yenilikllər, müasir tələblərə uyğunlaşma prosesləri uzun illər ərzində kök salmış və ənənəyə çevrilmiş yanaşmalardan imtinaya və çoxmülkiyyətçiliyə, birinin digərinin əmlakından qanuni şəkildə təsdiq edilmiş müqavilələr əsasında istifadəyə imkanın yaradılmasını tələb edir. İcarə müqaviləsi icarəyəverən ilə icarəçi arasında olan münasibətləri tənzimləyən əsas sənəd hesab olunur. AR Mülki Məcəlləsinin 700-705 maddələrinə görə, İcarə müqaviləsi ilə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, maddədən də gördüyümüz kimi, kirayə müqaviləsindən fərqli olaraq icarəçi icarəyə götürdüyü əmlakın bəhərindən istifadə edə bilər və gəlir götürə bilər. Bu səbəbdən də, icarə müqaviləsinin obyektini bəhər verə bilən obyektlər təşkil edir. İcarəyə iqtisadiyyatın bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər. İcarə münasibətlərinin obyekti ola bilən və bilməyən əmlakın dairəsi və növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
İcarə müqavilələrinin subicarə, mənzilin icarəsi, qeyri-yaşayış sahəsinin icarəsi, avtomobilin icarəsi, nəqliyyat vasitəsinin icarəsi, yaşayış sahəsinin icarəsi, avadanlığın icarəsi, torpağın icarəsi, qarajın icarəsi, maliyyə icarəsi, müəssisənin icarəsi, əmlakın icarəsini rəsmiləşdirən növləri mövcuddur. Müqavilənin predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə müqaviləsinin tərəfləri kimi icarəyə verən və icarəçi çıxış edirlər. İcarəyə verən - əmlakı, əvəzi ödənilməklə, icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürən şəxsdir. Əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə məxsusdur. İcarəçi - əmlakı, əvəzi ödənilməklə, müvəqqəti sahibliyə və istifadəyə götürən hər hansı hüquqi və fiziki şəxsdir. Tərəflər qismində mülki münasibətlərin bütün subyektləri çıxış edə bilərlər: fiziki və hüquqi şəxslər, dövlət qurumları. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin icarəsinə dövlət və bələdiyyə mülkiyyəti obyektləri yalnız mülkiyyətçinin razılığı ilə verilir. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. İcarə müqaviləsində icarəçiyə verilən əmlakı müəyyən etmək üçün əmlakın təsviri, tərkibi və dəyəri barədə geniş məlumatlar qeyd edilməlidir. Bir ildən artıq müddətə fiziki şəxslər arasında və ya tərəflərdən biri hüquqi şəxs olduqda icarə müqaviləsi yazılı formada bağlanılır. Daşınmaz əmlaka dair icarə müqaviləsi notarial qaydada təsdiq edilmiş yazılı formada bağlanmalıdır. Müqavilə bağlandıqdan sonra icarəyə götürülən obyektin üzərində icarəçiyə məxsus istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınır və icarəçi istifadə hüququnu təsdiq edən çıxarışı əldə edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanunu-nin 19.1 maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti 11 (on bir) aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Bundan başqa, "İcbari sığortalar haqqında" AR Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın sığortası icbaridir. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.
Qeyd etmək lazımdır ki, icarə müqaviləsinin müddəti müqavilənin vacib şərtlərindən hesab edilmir. İcarəyə verən icarə obyektini müqavilədə qeyd edilən vəziyyətlədə və tarixlərdə icarəçiyə təhvil verməlidir. İcarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, əmlak öz texniki pasportu, keyfiyyət sertifikatları və digər texniki sənədləri ilə birlikdə təhvil verilməlidir. İcarə obyektinin təhvil-təslimi icarə müqaviləsinin tərkib hissəsi olan "Təhvil-təslim Akt"-ı ilə sənədləşdirilir. İcarə haqqının məbləği və ödənilməsi qaydası da müqavilədə şərtləşdirilir. İcarə haqqı, əgər icarə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər icarə müddəti bir aydan çoxdursa, əmlak icarəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak icarəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Müqavilənin müddətinin bitməsi; tərəflərin müqaviləyə xitam verməsi; icarəçi və ya icarəyə verən hüquqi şəxsin ləğv edilməsi; tərəflərdən birinin məhkəməyə müraciət etməsi icarə müqaviləsinə xitam verilməsinə əsas yaradır. İcarə müqaviləsinin tərəflərdən birinin müqavilənin vacib şərtlərini pozması nəticəsində müqaviləyə məhkəmənin gərarı ilə vaxtından əvvəl xitam verilə bilər.
İcarədarların və icarəçilərin hüquq və mənafelərinin səmərəli şəkildə gerçəkləşdirilməsi baxımından müasir dövrün, hüquqi cəmiyyətin və artan mülki dövriyyənin dinamikasına uyğun olaraq, notariatın imkanlarından istifadə edilməsi bütün mülki-hüquq münasibətləri iştirakçıları üçün səmərəli və təminatlı bir vasitədir. Fikrimcə, bu istiqamətdə mövcud imkanlardan davamlı yararlanmaq hüquq sisteminin inkişaf istiqamətlərinə öz töhfəsini verəcək və vətəndaşlarımızın hüquq və mənafelərinin səmərəli şəkildə gerçəkləşməsinə öz müsbət nəticələrini verəcəkdir. Bu işdə hüquqi maarifləndirmənin, medianın böyük rolu vardır.
