Sizin reklam burada
Sizin reklam burada
  • DÜNYAYA KƏLBƏCƏRDƏN BAXAN MƏHƏMMƏD


    İndi dünyadan Kəlbəcərə baxır

    Mahmudu Kərəm, Kərəmi kül, Qeysi Məcnun eyləyib çöllərə salan, Tufarqanlı Abbası zəhər quyusuna atdıran, qaniçən yağılara qaynar samovarı Nəcəfin belinə bağlatdıran, Dədə Şəmşiri tüstüsüz-alovsuz yandıran, kəlbəcərli Məhəmmədi şair-publisist eyləyib, Borşalı Süleyman Səmədoğluynan qonşu, bu qonşuluğu dostluğa-qardaşlığa döndərən dünya, nələrin varmış sənin?!
    Gecələr yuxu əvəzinə gözünə həsrət dolduran, yeganə güvənc yeri həsrətinin özüdü, həsrətindən dikilən acıya, ağıya bələnmiş misralardı. O misralardakı nur sevdasını yaşadıb, sevdasında yaşayanların ömürünə ömür verir, bu sevdanın söz payı olan misraların odunda qızınanlardan biri də Məhəmməd Nərinanoğludu.
    İnsanı sevgi yaşadır. Dünyanın əl-ayağına dolaşan məni, səni, ümumiyyətlə, hər bir kəsi dən əvəzi üyütməyə meyillənmiş qoca dünyada yaşadan Göydə Allahdı, Yerdə Sevdadı. Tanrıdan savayı kimsəyə bəlli olmayan sevdasının söz közüdü, şeirləri, misraları, kəlmələri, deyimləri, yozumları... hərəsi bir ovqatın tərcümanıdır.

    Məhəmmədə verib dərdi,
    Bircə-bircə uddu mərdi.
    Başdan-başa dərddi, sərdi
    Ömürümün köçkün illəri.

    Bu şeirlərin misralarında şırpınan duyğuları bağayarpağı əvəzi həsrətinə bələyən şair dostum Məhəmməd Nərimanoğlu bir vaxtlar dünyaya Kəlbəcərdən baxırdı, indi isə dünyadan Kəlbəcərə baxır.
    Yazıb ərsəyə gətirdiyi kitabları dünyanın işləklərinə, torpaqlarımızı satanlara söz qılıncıdı, vətən, yurd həsrətilə yananlara hənirdi, məlhəmdi, təsəllidi. Həm də sevdasında yaşayan bir zavallının gündüzlər gözünün nuru, gecələr kipriklərində çırpınan yuxu payıdı, qəhərlənəndə dünyanı əridən, bir ümüd qədər sevinəndə göyləri ulduz-ulduz yerə ələyən ürək döyüntüsüdü. Söylədiyi bayatı-nəğmələr yurd həsrətilə göyüm-göyüm göynüyənlərin inamına bir sığaldı, təsəllidi, didərgin ruhlara bir ağı - layladı. İllərlə, zaman-zaman pərən-pərən düşmüş millət dərdi, el faciəsi, şəhid olmuş torpaqlarımızın, onun günahsız, didərgin övladlarının yurd həsrəti Məhəmmədin ürəyini sızlatmış, telli sazın yanıqlı nəvasıyla bu dərdləri gorun-gorun sinəsində közərtmişdir. Zəngin mənəviyyata, böyük dünyagörüşə malik olan, yüksək intellekt sahibi Məhəmməd Nərimanoğlu həm də yetimdir. Deyimləri, yozumları əsl həyatı qanana ibrətdir, qanmayana dərd! Hansı kəlməsini götürsək, ürəksiz bir misra, könülsüz bir hava yoxdur. Yetimlik dərdindən yoğrulan hər parça bir göz yaşıdır. Lakin bu yetimlik dediyim bir şəxsin, bir dərdin yetimliyi, ata-ana yoxluğu deyil. Bu, Vətən yetimliyi, el-oba həsrəti, yurd göynərtisidir ki, onu kitablarının birinin adında yaşadır.
    Ədəbi-bədii, ictimai-siyasi mövzularda qələmini daim sınayan jurnalist, publisist, şair Məhəmməd Nərimanoğlunu mənə sevdirən onun telli saza, sehrli sozə bağlılığı, səmimiliyi, sadəliyi, səxavəti, sədaqəti, bir sözlə, onun özünəməxsusluğudur. Dədə Qorqud bayraqlı, oğuz elli şair dostum, ozan qardaşım, sir-sirdaşım həm də divar qonşum hər kəlməsi dərin qatlardan çıxan bir bulağı xatırladır. Deyimlərində həyat var, həsrət var, yazılarında el-oba şənlikləri, dost qayğısı, yurd yanğısı aşkar görsənir. Dunyadan nakam gedən ata-anasını, dostunu, qardaşını itirən, sinəsi dağlı, gözü yaşlı insanların dərdi də Məhəmmədə bir dərddir. Deyirlər, dərd insanı təmizləyir, saflaşdırır, bir sözlə, insanlaşdırır. Yerində ağlayıb, yerində gülən, yeri gələndə sözü düz üzə deməyi sənətkarlıqla bacaran, üzündə haqqın nuru, ürəyində Allahın sevgisi, öz məramı və məqsədi olan, həyatdan mal, var-dövlət ummayan bir alovlu vətənpərvər, eloğlu şairin qəlbində dərvişsayağı bir təmizlik yuvası-yatağı var. Mən o təmizliyi görürəm, duyuram və hiss edirəm.
    Şair üçün mənim bu yazdıqlarım Tanrı segisindən, könül xoşluğundan illərlə qəlbimə yığılan yaxşılıqlardan, yaxşı insanların haqq nurundan bir paydır. Əlli illik ömür salnaməsinin xeyli hissəsini axar-baxarlı, göy yaylaqlı, buz bilaqlı Kəlbəcərin Dəli dag, Qoçdaş, Dikyurd, Otaqlı, Buzluq, Davudlu yaylağı, Çayqovuşan çayının sahillərində, Turşsu, İstisuyun səfalı guşəsində keçirən əhli-hal, həyatın bərkini-boşunu görmüş, lakin bərkindən qorxmayıb, boşundan xoşlanmayan bir həyat adamı - söz adamı, bir Allah bəndəsi, haqq yolçusu, şair dostuma yaxşılıq və xeyirxahlıq, uzun ömür, can sağlığı və yaradıcılığında müvəffəqiyyətlər arzulayıram!
    DÜNYAYA KƏLBƏCƏRDƏN BAXAN MƏHƏMMƏD
    Süleyman SƏMƏDOĞLU,
    fizika-riyaziyyat müəllimi,
    Borçalı mahalı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ