"Atributinfo.az" xəbər verir ki, şəhidimizin il dönümündə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra mərasim iştirakçıları tərəfindən şəhid Rəşad Həsənlinin məzarı önünə tər gül dəstəsi qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad edilib.
Şəhidimizin ailə üzvləri hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlığlarını bildirib.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onun valideynlərinə və yaxınlarına ehtiramını bildirən Elmir Bağırov vurğuladı ki, Rəşad qardaşımızın timsalında müharibədə iştirak edənlər Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar. Azərbaycanı sevən, dövlətimizin atributlarına hörmətlə yanaşan, Vətəni düşmən təcavüzündən qoruyan cəsur və vətənpərvər oğullar millətimizin qürur mənbəyidir. Onlar Azərbaycan adlı bir məmləkətin, xalqımızın - ulu bir millətin varlığını yaşatmaq üçün şəhid olublar. Ölümləri və şücaətləri ilə tarix yazan bu igid oğullar Azərbaycana yeni Şanlı Tarix, yeni ölməz Qəhrəmanlar qazandırdılar. Bu cür vətənpərvər, qəhrəman oğulları bizə bəxş edən – dünyaya gətirən, kirpiyi ilə od götürə-götürə, gözünün nurunu, ürəyinin yağını yedirən Azərbaycan analarıdır. Yalnız bir Azərbaycan-türk qadını dünyaya belə igid, qeyrətli, Vətəni üçün canından keçən, eyni zamanda, humanist, insanpərvər övlad gətirə bilər. Nə çox oldu yaralı döyüş yoldaşını güllə yağışı altında savaş alanından çıxararkən, yaxud da partlayış zamanı dostunun üzərinə atılıb bədəni ilə onu örtərək ölümdən qoruyan, özü isə şəhid olan cəsur oğullarımız. Rəşad kimi qəhrəman, vətənpərvər övlad böyütdüyünüz üçün Siz Şəhid analarının qarşısında böyük ehtiram və minnətdarlıqla baş əyirik. Zəhmətinizlə Vətən sevgisini övladlarınıza ilk öncə siz aşıladınız. Siz həm mətanətli, həm də dəyanətlisiniz, əziz Şəhid Anaları!
Vətənimizin yolunda canını qurban verənlər həmişə qəlbimizdə yaşayır və bundan sonra da daim yaşayacaqdır!
Rəşad Həsənli 1997-ci il martın 29-da Saatlı şəhərində anadan olub. Rəşad lap kiçik yaşlarından vətənpərvərliyi və hərbə olan meyli ilə xüsusilə seçilib. Ailə üzvlərinin və yoldaşlarının istəklisi olub, çox mərd və fiziki cəhətdən sağlam olub..Nəşi bir müddət tapılmayıb, nəhayət Vətən Müharibəsi bitdikdən sonra nəşi tapılaraq yaşadığı doğma yurduna, Saatlıya gətirilərək dəfn olunub.
Azərbaycan Ordusunun giziri olan Rəşad Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Həsənli oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Həsənli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Bəradər
"Atributinfo.az"
