Sizin reklam burada
Sizin reklam burada

Cəbrayıl Dostluq Meşəsi üçün Türkiyədən Qarabağa tinglər və toxumlar yola salındı

Cəbrayıl rayonunda yaradılacaq Azərbaycan-Türkiyə Dostluq Meşəsi üçün Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsi (OGM) tərəfindən hazırlanmış ting və toxumlar Azərbaycana göndərilib.
Türkiyə KİV-ə istinadən xəbər verilir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatında müasir texnologiyaların ötürülməsi və aqrar təlim sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi çərçivəsində müxtəlif addımlar atılır. Bu kontekstdə OGM tərəfindən Azərbaycanın Qarabağ və Cəbrayıl bölgəsində meşə təsərrüfatı layihəsi həyata keçirilir.
Konya, Əskişəhər, Mardin və Mərsin meşələrindən eldar şamı, qırmızı şam, qara sərv, sarı şam, sidr şamı, Hələb şamı, türk çiyələyi, yemişan, yabanı armud, ağcaqayın, kül ağacı, akasiya və digər növlər daxil olmaqla 44 min ting 65 hektar sahədə qurulacaq Azərbaycan-Türkiyə Dostluq Meşəsi üçün yola salınıb.
Tinglərlə yanaşı, Konya, Əskişəhər, Mardin və Mərsin meşə tingliklərindən fıstıq, sarı şam, qara şam, Hələb şamı, qırmızı şam və akasiya növlərindən 150 kiloqram toxum da Azərbaycana gətiriləcək.
"Cəbrayıl Qarabağda yenidən dalğalanan Azərbaycan bayrağı altında yaradacağımız meşə ilə yenidən, kökündən canlanacaq”, - deyə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin meşə təsərrüfatı şöbəsinin müdiri Bəkir Karacabəy açıqlamasında bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ