Sizin reklam burada
Sizin reklam burada
  • AQEM -in 7-ci Zirvə görüşü və bu görüşə göstərilən beynəlxalq diqqət, Azərbaycanın mühüm diplomatik mərkəz və mövqeyi nəzərə alınan regional güc kimi rolunu bir daha sübut edir


    İlkin Abbasov

    YAP Qax rayon təşkilatının sədr müavini


            15.10.2026 -cı il tarixdə ölkəmizin paytaxtında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilmişdir.       

     Bu təşkilat Asiya qitəsinin 90 faizini əhatə etməklə, 28 üzv dövləti bir araya gətirən, Asiyanın ən böyük dialoq platformasıdır. Bu Zirvədə cənab Prezident İlham Əliyev çıxış etmiş, beynəlxalq siyasət, iqtisadi inkişaf, təhlükəsiz beynəlxalq logistika və s. kimi günümüzün aktual məsələlərini ölkəmizin maraqları prizmasından dünyaya çatdırmışdır.

    Belə ki, cənab Prezident İlham Əliyev Azərbaycanın əlverişli coğrafi mövqeyinə, beynəlxalq əməkdaşlıq imkanlarına və regional təhlükəsizliyin təmin edilməsindəki roluna toxunmuş, Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmizin siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə qurduğu əlaqələrin onun beynəlxalq mövqeyini gücləndirən amillər olduğunu Zirvə iştirakçılarının diqqətinə çatdırmışdır. “Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır.” deyən cənab Prezident İlham Əliyev, ölkəmizin izlədiyi balanslı, qarşılıqlı etibara əsaslanan xarici siyasətinin indidən sonra da davam etdiriləcəyini bildirmişdir.

    Xüsusi fəxrlə qeyd etməliyik ki, Azərbaycanın sədrliyinin 2 ilində təşkilatda bir çox uğurlara imza atılmış, AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesində böyük yol qət edilmişdir. Üzvlərinin sayına və coğrafi əhatəsinə görə geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin davamlılığı və institusional mexanizmlərin effektivliyi ilə də ölçülməlidir. Bu baxımdan, AQEM-in İmtiyaz və İmmunitetlər haqqında Konvensiyasının qüvvəyə minməsi üçün zəruri ratifikasiya sayına Azərbaycan sədrliyi dövründə nail olunmuşdur ki, elə bu fakt təşkilatın gələcək fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb etməkdədir. Əlbəttə Azərbaycan sədrliyinin istiqamətləri bununla sərhədlənmir.  Belə ki, digər vacib istiqamətlər olaraq AQEM-in məşvərətçi orqanlarının fəaliyyətinin canlandırılması, yeni əməkdaşlıq mexanizmlərinin yaradılması, AQEM Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılması və s. saymaq olar.  Bununla yanaşı məhz Azərbaycanın təşəbbüsü ilə Şuranın Nizamnaməsinin hazırlanması və üzv dövlətlərlə razılaşdırılması bu istiqamətdə atılan konkret addımlardandır.

    Bakıda keçirilən AQEM -in 7-ci Zirvəsində Bakı Bəyannaməsi qəbul edilmiş, Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilmiş, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təkliflər və təşkil etdiyi tədbirlər alqışlanmışdır.

    Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev hər görüşündə, hər nitqi və ya çıxışında olduğu kimi, AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışında da ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini, Vətən müharibəsində əldə etdiyi qələbənin mahiyyətini və regionda davamlı sülhə nail olunması üçün sərf edilən nəhəng əməyi dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Cənab Prezident İlham Əliyev hər  çıxışında beynəlxalq hüququn aliliyi, dövlətlərin suveren ərazilərinə hörmət edilməsi, ikili standartlara qarşı mübarizə və beynəlxalq təşkilatların məsuliyyətinin artırılması kimi beynəlxalq problemlərin və bu problemlərin həll yollarına diqqət çəkir, bu məslələrin vacibliyini ölkəmiz adından, yorulmadan vurğulayır.

    Nəticə olaraq əminliklə deyə bilərik ki, AQEM -in 7-ci Zirvə görüşü və bu görüşə göstərilən beynəlxalq diqqət, Azərbaycanın mühüm diplomatik mərkəz və mövqeyi nəzərə alınan regional güc kimi rolunu bir daha sübut edir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ