Sizin reklam burada
Sizin reklam burada
  • Aya, sənin adın admıdır ki, onu da deyə biləm?

    Aya, sənin adın admıdır ki, onu da deyə biləm?Aya, sənin adın admıdır ki, onu da deyə biləm?
    Bu iradı mənə “Adəmdən Akif Səmədə” qədər heç kəs tutmamışdı…

    Qar elə sürətlə yağırdı ki, hərəkətin çox olduğu teleşirkətin həyətində də izlər tez yox olurdu. Akif elə asta –asta gəlirdi ki, sanki bütün buludlar onun çiynində idi. Amma çiynində olan bir ovuc qar idi. Qar onun lopa bığı kimi boz papağını da ağartmışdı. O, təzə qar üstündə adladıqca sanki hansısa kədərli, həzin simfoniyanın sonuna yaxın astadan və seyrək vurulan zərb alətlərinin səslərini eşidirdim: “Xı-rıp, xı-rıp.”
    Maraqla baxdığımı görüb gülümsündü: – Aya, adamın 15 il əvvəlki vaxtı ola, ya da bir az sağlamlığı, nə yaxşı gəzməli havadır. Bakıda belə küləksiz günlər az-az olor.
    … Kimsə Mövlud Süleymanlıdan xahiş etmişdi ki, Akifi işə götürsün. Mövlud müəllim də Akif üçün ölkə üzrə folklor nümunələri toplayan müxbir ştatı yaratmışdı. Radioda o vaxta qədər belə stat olmamışdı. Yəni ölkədə bölgə müxbirləri çox olsa da, ilk ölkə müxbiri Akif Səməd olmuşdu. Yeri gəlmişkən, radiodakı Publisistika şöbəsi də konkret ünvanlı – bilavasitə Qulu Ağsəs üçün yaradılmışdı və Mövlud müəllim o ilkə də imza atmışdı.
    … Söhbət doxsanıncı illərin birinci yarısından gedir. Bir dəfə “Səhər” verilişini lentə yazdırmaq üçün studiyaya getdim. Operatorun otağına girəndə Akifin səsini eşitdim. Lənkəran tərəfdən qayıtmışdı və topladığı folklor nümunələrindən ibarət veriliş hazırlanırdı. Mənim üçün çox maraqlı idi. Oturub qulaq asmağa başladım. Həm bayatıların kövrəkliyi, həm Akifin Qazax ləhcəsinin şirinliyindən əl çəkə bilməməsi, həm onun üz-gözündən xəstəliyinin ağırlığının oxunması, həm də mənim əsəb sistemimin o qədər də sağlam olmaması səbəbindən … his etdim ki, kövrəlirəm. Operator qız ( Allah onun şəhid qardaşına rəhmət eləsin!) mənim kövrəldiyimi görməsin deyə, üzümü yana çevirmək istədim. Yana çevriləndə gördüm ki, rəhmətlik Şəmşad Rza hıçqıraraq ağlayır. Mən operator otağında oturub studiyadan gələn səsə necə aludə olmuşdumsa, Şəmşadın otağa daxil olduğunu hiss etməmişdim.
    … Akif hər dəfə mənə “qağa” deyə müraciət edirdi. Elə bilirdim ki, yaşca böyük olduğumu nəzərə alır. Bir dəfə dedim ki, Akif, bizim elə də böyük yaş fərqimiz yoxdur ( mən ondan yeddi yaş böyüyəm), adımı deyə bilərsən.
    “Aya, sənin adın admıdır ki, onu da deyə biləm?” – dedi və dərhal da güldü ki, inciməyim.
    Akif də, Şəmşad da çoxdandır ki, rahat dünyadadılar. Halal söz adamları onsuz da cənnətlik olurlar. Allah rəhmət eləsin!
    … Bu il Şuşada keçirilən “Vaqif poeziya günləri”ndə Akifin oğlunun da şeir oxuduğunu gördüm. Allaha şükür!
    Aya, sənin adın admıdır ki, onu da deyə biləm?

    İttifaq Mirzəbəyli
    Əməkdar jurnalist

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ