Ağlı kəsəndən torpaqlarımızın erməni işğalından azad olunması barədə düşünüb. Bu fikir bir an belə onu tərk etməyib. Axı, 13 yaşında elindən-obandan didərgin düşməyin bir uşaq üçün hansı məhrumiyyətlər yaratdığını təsəvvür etmək elə də çətin deyil…
Fariz də belə bir həyat yaşamalı oldu. 1993-cü ildə məcburi köçkün kimi Bakıya pənah gətirəndə uzun müddət doğma yurdu Cəbrayılı, doğulduğu Qumlaq kəndini unuda bilmədi. Şirin uşaq çağları onu nə qədər ağuşuna alsa da, böyüdükcə, yaşa dolduqca anladı ki, “yüz fikir bir borcu ödəmir”.
Ailəsi Bakıdakı Rəsulzadə qəsəbəsində məskunlaşdığından orta məktəb illərində oradakı 99 saylı orta məktəbdə təhsil aldı. Səbri 8-ci sinifi bitirməyə qədər çatdı. Nə mühəndis, nə hüquqşünas, nə iqtisadsı, nə də ki, digər peşələr onu cəlb etmədi. Çünki Cəbrayılın işğal edilməsi gözünün qarşısında baş vermişdi. Uşaq yaddaşı güclü olur, deyirlər, ona görə də Farizin ürəyində ermənilərdən qisas almaq, onları torpaqlarımızdan qovmaq arzusu daim alışıb yanırdı.
Bu istək, bu arzu onu 1994-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi litseyə gətirdi. Fikri qəti idi: hərbçi olmaq!
Litseyi bitirəndən sonra 1997-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil oldu. Hərb sənətinin sirlərinə bələd olduqca, anlayırdı ki, bütün bunlar bir gün ermənilərlə döyüşdə lazım olacaq. Möhkəm inanırdı ki, belə bir gün gələcək…
Fariz Rüstəmov 2002-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit hazırlığı kursunu da bitirdi və Müdafiə nazirinin 26 fevral 2002-ci il tarixli müvafiq əmrinə əsasən, tank bölüyünün tank tağım komandiri kimi işə başladı.
Bəlkə də bu, taleyin bir ironiyası idi. Axı 26 fevral Xocalının soyqırımı günü kimi anılır. Onsuz da Farizi düşməndən qisas almaq hissi rahat buraxmırdı.
Fariz Rüstəmovun sonrakı illərdə hərbi hissələrdə xidməti barədə söhbət açmağa ehtiyac yoxdur. Əsas məsələ onun arzusunun gerçəkləşməsi idi və Fariz hərbçi duyumu ilə həmin günün lap yaxında olduğunu anlayırdı. İkinci Qarabağ savaşı ərəfəsində müharibə haqqında düşüncələr gənc zabiti hey düşündürür və bəzən daxilində hətta səbirsizləşirdi də. Əmin idi ki, mənfur düşmənin başı əziləcək, ermənilər torpaqlarımızdan qovulacaqlar. İstər-istəməz düşünürdü: “görəsən biz bu zəfəri neçə günə, neçə aya qazanacağıq?”
Ölmək barədə fikirləşmək belə istəmirdi. Şəhid olmağa isə hazır idi, “Təki Vətən torpaqları azad olsun!” - deyə düşünürdü. Bilirdi ki, tarixdə ən qısa müharibə cəmi 38 dəqiqə davam edib. Bu müharibə 1896-cı il avqustun 27-də İngiltərə və Zənzibar sultanlığı arasında baş verib. İngilislir bu müharibədə çətinlik çəkmədən qalib gəliblər və bu, Ginnesin rekordlar kitabına ən qısa müharibə kimi düşüb.
Fəqət indi 1896-cı il deyil, XXI əsrin 2020-ci ili idi. Nəhayət, sentyabrın 27-də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin düşmənə qarşı əks-hücuma keçmək əmri verildi. Fariz həmin gün həm sevincək, həm də həyəcanlı idi. Çoxdan gözlədiyi gün gəlmişdi. Düşməni məhv etməyin əsl məqamı idi. Bu, həm də Azərbaycan xalqının illərlə ürəyində gəzdirdiyi bir arzu idi!
Təbii ki, müharibənin nəticələri çoxdan hamımıza bəllidir. İgid oğullarımız əsl hünər və şücaət göstərərək torpaqlarımızın əsas hissəsini yağı düşməndən azad etdi. Şəhidlər verdik, minlərlə qazilərimiz var. Canlarından keçən, sinəsini Vətən üçün sipər edən hərbçilərimizə Allah rəhmət eləsin, yaralanan qazilərimiz də tezliklə şəfa tapsınlar.
Fariz Rüstəmovun bu müharibədə öz döyüşçüləri ilə necə iştirak etməsi kiçik bir yazıya sığmaz. Bəlkə də bu qalın bir kitabın mövzusudur. Farizin əsas arzusu isə yerinə yetdi. Nəinki onun doğma Cəbrayıl, doğulduğu Qumlaq kəndi, üstəlik işğal olunan digər şəhər və kəndlərimiz də düşmən tapdağından azad olundu.
Polkovnik-leytenant Fariz Məhərrəm oğlu Rüstəmov döyüşlərə başlayanda nə mükafat, nə də təltif barədə düşünürdü. Ancaq onun təltiflərinə baxanda, igid oğlumuzun öz döyüşçüləri ilə Qarabağ savaşında hansı şərəfli bir yol keçdiyini görmək olar. Baxın, Fariz Rüstəmov Azərbaycan Prezidentinin sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və nəhayət “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Mən bu yazını sevilən şairlərimizdən olan Vahid Əzizin “Payız bilə-bilə özü yubanır…” adlı şeirindən bir bəndlə tamamlamaq istəyirəm:
Vətəni qoruyar igid ordular,
Əsgərə verilsin ən böyük dəyər!
Oğullar doğuran bizim analar,
Övladın Vətənə qurblanlıq deyər.
Bəradər SƏMƏNDƏRLİ
