Sizin reklam burada
Sizin reklam burada
  • Razı Nurullayev: "-20 ildir bələdiyyə institutu yaradılıb, hələ də bir çox bələdiyyələrin əllərindən tutub "əlifba" öyrədirik."

    Razı Nurullayev: "-20 ildir bələdiyyə institutu yaradılıb, hələ də bir çox bələdiyyələrin əllərindən tutub "əlifba" öyrədirik."Xəbər verildiyi kimi martın 9-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Gündəliyə daxil edilən 8 məsələdən biri də "Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın illik məruzəsi" haqqında idi. 2020-ci il üzrə illik məruzəni ənənəvi olaraq parlamentə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim etdi. Sonra məruzə ətrafında çıxışlara başlanıldı. Çıxış edən millət vəkillərindən Razı Nurullayevin səsləndirdiyi fikirlər ümumictimai baxımdan daha çox diqqət çəkdiyindən çıxışı olduğu kimi veririk:
    - O qədər qanunlar qəbul edilir, nə xeyri var ki, kağız-kuğuz işi çoxalır, amma nəticə dəyişmir.
    Ölkədə nümunəvi bələdiyyələr çox azdı. İş görmək, pul qazanmaq, problemləri həll etmək üçün resursları yoxdur. Onun üçün də bələdiyyələrə kömək edək ki, hər bir bələdiyyənin yerli resurslarına uyğun pilot layihəsi olsun. Layihəni həyata keçirmək üçün onlara dövlət tərəfindən iki-üç faizlik kredit də verilsin ki, iş qurub pul qazansınlar, vətəndaşları da razı salsınlar. Kənd yerlərində mal-qara var, kiçik sexlərdə süd məhsulları qəbulu var, yem istehsalı mümkündür, bitkiçiliklə-əkinçiliklə, arıçılıqla, meyvəçiliklə, gülçülüklə məşğul olmaq olar. Yoxsa, qəpik-quruşa yerləri satıb, başlarını atıb yatırlar.
    Qoy, bələdiyyələr özləri öz resurslarını kapitala çevirməyi öyrənsinlər və bunun üçün onlara kömək etmək lazımdır.
    Onlar, həm də bunu ona görə edə bilmirlər ki, ora seçilənlərin əksəriyyəti təsərrüfatçıdan çox siyasi düşüncəlidir. Elə bunun nəticəsidir ki, hesabatda pozuntulara səbəblərdən biri kimi bələdiyyə üzvlərinin passivliyi göstərilib. Passivliyin əsası təbii ki, seçkilərdə qoyulur. Vəzifəli şəxslər, yerli hakimiyyətlər öz adamlarını yerləşdirir. Arada fərqli fikir yoxdur. Baxın, partiya sədriyəm, niyə mənim bir nümayəndəm bələdiyyədə yoxdur? Mən bu qədər hörmətsiz, xalqın sevmədiyi bir sədr oldum ki, 10 milyonluq xalqın içində bir bələdiyyə sədri seçdirə bilmədim? Nə qədər ki, biabırçı, qeyri-şəffaf və yerli səviyyədə əvvəlcədən müəyyən edilmiş siyahılar üzrə nəticə olacaq, o fəallığı da gözləyə bilmərik.
    Bələdiyyə sədrlərinin rüşvət müqabilində sədr təyin edilməsi halları kütləvi hal daşıyaraq, rayon yerlərində 2 min manatdan 80 min manata, böyük şəhərlərdə yarım milyona qədər gəlib çatıb. Belə olan halda hansı fəallıqdan və şəffaflıqdan danışa bilərik? O boyda rüşvət verən bələdiyyə sədri necə şəffaf işləyə bilər? O, gərək birinci verdiyi pulu qaytarsın, sonra da seçiciləri barədə düşünsün.
    Hesabat normaldır.
    Mən Vilayət müəllimin məruzəsini çox obyektiv hesab etdim, mütaliə və statistika üçün də yaxşıdır. Bəs nəticə? Verdiyim təkliflərə ciddi yanaşılmasını rica edirəm. 20 ildir bələdiyyə institutu yaradılıb, hələ də bir çox bələdiyyələrin əllərindən tutub, əlifba öyrədirik. Günah isə onlarda deyil. Onun üçün də çox ciddi işləməyə ehtiyac var. Düşünürəm ki, burada olunan təklifləri də Vilayət müəllim nəzərə alar və bu onların kollegiyasında müzakirə olunar.

    Bəradər SƏMƏNDƏRLİ

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ