Sizin reklam burada
Sizin reklam burada
  • “Tovuz” Xeyriyyə Cəmiyyəti – 30

    “Tovuz” Xeyriyyə Cəmiyyəti – 30

    Ötənlərə nəzər salarkən

    Yəqin bizlərdən hər birimiz, eləcə də planet sakinlərindən heç kim son yeni il gecəsini keçirəndə düşünməzdi ki, 2020-ci ildə bəşəriyyət yeni növ koronavirus pandemiyası ilə üz-üzə qalacaq. Söhbətimizin mövzusu bu olmasa da, hazırda dünyada, yaxud ölkəmizdə baş verən ictimai-siyasi, iqtisadi məsələlər mütləq şəkildə ya birbaşa, ya da dolayısı ilə COVİD-19-la əlaqəlidir.
    Təbii ki, pandemiya Azərbaycan üçün də kifayət qədər problemlər yaratdı. Dövlət başçısı İlham Əliyevin, hörmətli Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın, Nazirlər Kabinetinin Operativ Qərargahının, “TƏBİB”in işçi heyətinin, həkimlərimizin, tibb bacılarımızın, polislərimizin gərgin və fədakar səyləri nəticəsində Azərbaycanda kifayət qədər işlər görüldü, önləyici tədbirlər həyata keçirildi. Bəlaya qarşı mübarizə bu gün də davam edir. Sevindirici haldır ki, ölkəmiz bu sahədə dünyaya nümunəvi dövlət kimi təqdim olunur. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəyləri də təsdiqləyir.
    Oxuyacağınız bu yazıda isə biz başqa bir məsələyə toxunmaq istəyirik. Bəli, pandemiya ilə mübarizə dövründə xalqımızın nəcib və xeyirxah xüsusiyyətləri bir daha özünü büruzə verdi. Əlbəttə, bunlar içində xeyriyyəçilik ənənələrinin yaşadılması daha çox diqqətçəkəndir. O xeyriyyəçilik ki, təkcə kasıblara əl tutmaqla, maddi yardımlar etməklə bitmir. Belə əməl sahibləri həm də vətəni necə sevmək, onu necə qorumaq kimi yüksək idealların daşıyıcılarıdır. Necə? Yaxşı olar ki, təxminən 30 il arxaya nəzər salaq…
    1990-cı illər Azərbaycan tarixinin ən gərgin illəri kimi yaddaşlara köçüb. Erməni qəsbkarlarının həmin illər ərazilərimizi işğal etməsi barədə çox yazılıb, çox deyilib. O dövrdə azğınlaşmış erməni quldurları Tovuz rayonunun Ermənistanla sərhəd kəndlərinə də aramsız hücumlar edirdilər. Təbii ki, bu, Tovuz ziyalılarını narahat etməyə bilməzdi. Xatırlatmaq yerinə düşər ki, o vaxt artıq rayonun bir sıra kəndlərində, o cümlədən Əlibəylidə, Ağdamda, Əsrik Cırdaxanda, Qaralarda, Koxa Nəbidə döyüşlər gedirdi. Düşmənlə üz-üzə duran tovuzlulara mənəvi-psixoloji dəstək olmaq, onları silahlandırmaq, ərzaqla, geyimlə təmin etmək ən vacib məsələlərdən idi. Elə bu səbəbdən Tovuz ağsaqqalları və ziyalıları bir araya gəldilər. O zaman mən “Tovuz” qəzetinin redaktoru olduğuma görə Tovuzda və rayonla bağlı kənarda baş verənləri diqqətlə izləyirdim.
    Xəbər tutmuşdum ki, Müseyib Müseyibov, Məmməd İsmayıl, Cəfər Quluzadə, İlham Rəhimov, Mikayıl Məhərrəmov, Çingiz Abbasov, Fətulla Hüseynov, Nəriman Sadıqov, Zakir Zeynalov, Zilli Rzayev, Mayıl Məhərrəmov, Mikayıl Əliyev, Qələndər Çobanov, Nəriman Şirinov, Məmməd Qarayev, Çingiz Müseyibov, Qənbər Hüseynov, Qamət Əliyev, Qəzənfər Paşayev, Ramiz Mirzəyev, Fuad Əsədov, Vilayət Quliyev, Məmməd Məmmədov, Zakir Həsənov, Əsgər Quliyev, Rəşid Heydərov, Babək Pənahov, Vilayət Hümbətov və başqaları 1990-cı ilin iyul ayında “Oğuz” Xeyriyyə Cəmiyyətini yaradıblar. Bu barədə rayon qəzetində məlumat da çap edilmişdi. Qısa zaman ərzində cəmiyyətin xətti ilə xeyriyyə aksiyaları keçirildi, ön cəbhəyə kömək üçün xeyli vəsait toplandı.
    Cəmiyyət yarandığı ilk günlərdən əməli fəaliyyətə başladı. Xüsusilə hücuma məruz qalan kəndlərə səfərlər, yardım karvanları təşkil etdi və s. Diqqət çəkən məqamlardan biri bu idi ki, Bakıda, Sumqayıtda, Gəncədə, eləcə də Tovuzun özündə yaşayan ziyalılar, demək olar ki, gecə-gündüz Ermənistanla həmsərhəd kəndlərə baş çəkir, döyüşçülərimizə hər cür maddi-mənəvi köməkliklər göstərirdilər. Onlar cəbhə bölgəsini kəndbəkənd gəzir, gəncləri döyüşə ruhlandırırdılar.
    1990-cı ildən başlayan bu səfərlər bir neçə il – Müdafiə Nazirliyi tam formalaşıb Tovuza öz qüvvələrini yerləşdirənə qədər davam etdi. Cəsarətlə demək olar ki, Tovuzun sərhəd kəndləri müharibənin ilk illərində məhz adı çəkilən Xeyriyyə Cəmiyyətinin dəstəyi və yerli özünümüdafiə dəstələrinin qəhrəman döyüşçülərinin sayəsində erməni işğalından qurtula bildi. Mənfur qonşularımız Tovuz istiqamətində nəinki bir qarış da olsun torpağımızı işğal edə bilmədilər, hətta böyük itkilər verdilər.
    Məlumat üçün deyək ki, “Oğuz” Xeyriyyə Cəmiyyəti Təsisçilərinin 19 iyul 1990-cı il tarixli təsis konfransı Bakı şəhərində – Fialetovl adına klubda keçirilib.
    Sonralar Vartaşen rayonunun adının dəyişdirilərək Oğuz adlandırılması və Xeyriyyə Cəmiyyətinin də eyni ad daşımasının ictimaiyyət arasında çaşqınlıq yaradacağını nəzərə alaraq “Oğuz” XC-nin rəhbərliyi qurumun adının dəyişdirilərək bundan sonra “Tovuz” Xeyriyyə Cəmiyyəti adlandırılacağını bəyan etdi. Mövcud qanunvericiliklə əlaqədar zəruri prosedurların yaranması 1995-ci il martın 17-də Təşəbbbüs Qrupunun konfransının keçirilməsi ilə nəticələndi. Bu dəfə Məmməd İsmayıldan sonra Akif İsmayılov cəmiyyətin idarə heyətinin prezidenti seçildi. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası “İctimai Birliklər haqqında” Qanuna əsasən 6 sentyabr 1995-ci ildə “Tovuz” Xeyriyyə Cəmiyyətini qeydə alaraq, onun rəsmi fəaliyyətinə icazə verdi.
    Söhbətimizin davamını qəzetimizin növbəti sayında oxuya bilərsiniz.

    Bəhruzər Rüstəmov,
    Tovuz rayonu, ziyalı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ