Sizin reklam burada
Sizin reklam burada
  • Şuşa əməliyyatı: Qarabağ zəfərinin zirvəsi

          Vüqar İsayev,  

    Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

     

             Azərbaycan xalqının yaddaşına 8 Noyabr tarixi ərazi bütövlüyümüzün bərpasına aparan Zəfər yolunun zirvəsi günü kimi yazılıb. Məhz, 2020-ci ilin 8 Noyabrında Şuaş şəhərinin Ermənistanın işğalından azad edilməsi hərbi-strateji əhəmiyyəti ilə yanaşı, xalqımızın tarixi torpaqlarına qayıdış əzmini, dövlətimizin gücünü və milli birliyimizi nümayiş etdirdi. 

    Şübhəsiz ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan mədəniyyətinin beşiyi və Qarabağın tacı olan Şuşanın işğaldan azad olunması hər bir azərbaycanlının ən böyük arzusu, milli həsrətimizin və mənəvi mübarizəmizin əsas məqsədi olmuşdur. Azərbaycan xalqı heç zaman öz tarixi torpaqlarından imtina etməmiş, ədalətin bərpa olunacağına inamını itirməmişdir. Bu inamın gerçəkləşməsində Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, düşünülmüş strategiyası və güclü dövlət quruculuğu siyasəti həlledici rol oynadı. Dövlətimizin başçısı bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə müdafiə etdi. Eyni zamanda, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması, ordumuzun müasir standartlara uyğun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

    2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrildi. 44 gün davam edən müharibə zamanı Azərbaycan ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Sıldırım qayaları, keçilməz dağ yollarını aşan igid əsgər və zabitlərimiz şəhəri əlbəyaxa döyüşlər nəticəsində azad etdilər.

    Bu hadisə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin həlledici amillərindən biri oldu. Şuşanın işğaldan azad edilməsi döyüş meydanında əldə edilmiş tarixi nəticəni əks etdirməklə yanaşı işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən qurulmasına və bölgənin iqtisadi potensialının bərpasına yol açdı, azadlıqdan dirçəlişə, qayıdışdan dayanıqlı inkişafa aparan tarixi yolun rəmzinə çevrildi.

    Şuşa əməliyyatında ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövrün hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.  Həmin gün ermənistan ordusu və ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. 

    Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün Kapitulyasiya Aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Prezident İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi. Azərbaycan xalqının yaddaşına əbədi həkk olan 8 Noyabr tarixi möhtəşəm hadisənin təntənəsi olmaqla yalnız bir şəhərin işğaldan azad edilməsi günü deyil, həm də xalqımızın dəmir iradəsinin, milli birliyinin, qəhrəmanlığının və dövlətimizin qüdrətinin təcəssümünə çevrilib. Şuşanın azadlığı Azərbaycanın çoxəsrlik tarixində yeni bir səhifə açaraq xalqımızın öz tarixi torpaqlarına qayıdış arzusunu gerçəkləşdirdi və növbəti qələbələrimizin də yolunu açdı. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana təhvil veriləndən sonra ordumuz digər yüksəkliklərə nəzarəti həyata keçirdi. Nəhayət 2023-cü ilin sentyabrın 20-də ordumuz antiterror tədbirləri həyata keçirərək cəmi 23 saat ərzində bütün Qarabağı separatçılardan təmizlədi. Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda dalğalandı. 

    Bu gün cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında həyatını xalqımızın xoşbəxtliyinə həsr edən Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” ifadəsi tam reallığa çevrilib. Prezident İlham Əliyev ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirərək Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deməsi bu reallıqların təsdiqidir.   

    Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb-Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi kimi mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək. 

    Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 

    Sözün əsil mənasında Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirdi, inkişafa yol açdı. Sözünə düz, vədinə sadiq-Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev isə xalqımızın sınmış qürurunu, tapdanan ləyaqətini özünə qaytardı, suverenliyimizi təmin etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdı. 

    Odur ki, qədirbilən xalqımız Ulu Öndərin xatirəsini daim əziz tutaraq hörmət və ehtiramla anacaq, Prezident İlham Əliyevə böyük inam və ümid bəsləyərək, dövlətimizin daha da güclənməsi və xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü möhtəşəm işlərdə daim yanında olacaq, xalqımız bundan sonra da müzəffər xalq, dövlətimiz isə qalib dövlət kimi əbədi yaşayacaqdır.


          



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ