Sizin reklam burada
Sizin reklam burada
  • 44 günlük müharibənin 6 il sonra görünən əsas dərsi – “Üstünlük təkcə silaha malik olmaqdan deyil”


    27 Sentyabr – Anım Günündən 6 il ötür. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.

    Bəs 44 günlük müharibənin gedişinə ən ciddi təsir edən hərbi amillər hansılar idi? Azərbaycan Ordusunun həmin müharibədə qazandığı təcrübə sonrakı illərdə ordu quruculuğuna necə təsir göstərdi və bu müharibənin hərb tariximizdə, eləcə də gələcək nəsillərin yaddaşında yeri necə qiymətləndirilməlidir?

    Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev qeyd edib ki, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən müharibəyə 6 il sonrakı perspektivdən yanaşanda onun nəticəsini yalnız səngərlər, silah, taktiki gedişlər və uğurlarla izah etmək düzgün olmaz:

    "Məlum məsələdir ki, burada cənab Prezidentin qətiyyəti, şəhidliyi şərəf sayan Azərbaycan valideyninin mövqeyi, eyni zamanda rəşadətli Azərbaycan Ordusunun şücaəti əsas məsələlərdəndir. Eyni zamanda müasir texnologiya, kəşfiyyat məlumatları, atəş imkanları, qoşunların koordinasiyası, dislokasiyanın dəyişdirilməsi imkanı, idarəetmə və şəxsi heyətin hazırlığı – bütün bunlar bir sistem idi.
    Müharibənin gedişinə ən ciddi təsir edən amillərdən biri, təbii ki, pilotsuz sistemlərin və kəşfiyyatın inteqrasiyası idi. Yəni PUA-ların idarə edilməsi, PUA-lardan istifadə və bunun üçün vaxtında yetişdirilmiş milli kadr potensialının olması. İkinci mühüm məsələ müxtəlif qoşun növlərinin koordinasiyalı hərəkəti idi. İstər artilleriya, istər xüsusi təyinatlı qüvvələr, istərsə də müxtəlif zirehli texnika ilə tamamlanmış qüvvələr olsun, bunların bir-birinin fəaliyyətini tamamlayan və koordinasiyalı şəkildə iştirakı mühüm rol oynadı".

    Arzu Nağıyev vurğulayıb ki, eyni zamanda əvvəlki illərdə aparılmış hazırlıq və modelləşdirmə də xüsusi qeyd edilməlidir:

    "Məlumdur ki, 2016-cı ilin Aprel döyüşləri, Tovuz döyüşləri, Günnüt əməliyyatı... Bu proseslərin hamısı 44 günlük müharibəyə bir hazırlıq kimi qiymətləndirilməlidir.
    Yalnız ön xətt deyil, eyni zamanda arxada aparılan informasiya müharibəsi, cənab Prezidentin özünün apardığı informasiya müharibəsi, bir neçə dildə həqiqətin nə olduğunu dünyaya çatdırması da mühüm amillərdən idi. Və təbii ki, Azərbaycan Müdafiə Nazirliyi sonradan qiymətləndirmədə bir daha qeyd etdi ki, əməliyyatların idarə edilməsi hansı yüksək səviyyədə həyata keçirilirdi. Cənab Prezidentin mütəmadi olaraq Baş Qərargahda görüşlər keçirməsi, müharibənin idarə edilməsində rolu - bütün bunlar mühüm məsələlər idi.

    Ordu quruculuğuna da, təbii ki, təsir edən amil budur ki, bizim ordumuz təkcə təlimlərdə formalaşan bir hərbi qüvvə deyil. Biz müharibəni, münaqişələri görə-görə gəlmiş bir orduyuq. Vaxtilə Azərbaycanın hərbi liseylərində oxumuş müdavimlər sonradan NATO standartlarına uyğun təlimlərdə iştirak etdilər və ordunun qabağında gedən generallara çevrildilər. Müasir texnologiyalardan istifadə etməyi bacardılar. Peşəkar kadr potensialımız oldu. Yeni döyüş şəraitini qiymətləndirməyi bacardıq.
    Yəni hərb tarixində, düşünürəm ki, Azərbaycan Ordusunun etdiyi qədər heç bir ordu belə bir addım atmamışdı. Təbii ki, insan amili, tarixi yaddaş - bunlar hamısı çox mühüm məsələlərdir.

    Bir mühüm məsələni qeyd etmək istərdim ki, 2020-ci ilin əsas hərbi dərslərindən birini belə ümumiləşdirmək olar: müasir müharibədə üstünlük təkcə silaha malik olmaqdan deyil, kəşfiyyatı, texnologiyanı, atəş gücünü, idarəetməni və digər insan resurslarının idarə edilməsini vahid sistemə çevirməkdən keçir. Təbii ki, Ali Baş Komandanın apardığı informasiya müharibəsi də əlavə olaraq yüksək səviyyədə qeyd edilməlidir. Biz real döyüş sınaqlarından keçə-keçə qələbə çaldıq".


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ