Azərbaycan hər zaman İslam həmrəyliyinin gücləndirilməsinə, Türk dünyasında birliyin möhkəmləndirilməsinə və dinlərarası dialoqun inkişafına xüsusi önəm verib. Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də bu siyasətin mühüm təzahürüdür.
Bu fikirləri Atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər həm İslam dünyasına, həm də Türk dövlətlərinə mühüm mesajlar verir. Azərbaycan tarixən Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlər yetişdirib. Bu zəngin irsin qorunması ilə yanaşı, ölkəmiz bu gün də İslam həmrəyliyinin əməli addımlarla gücləndirilməsinə çalışır.
Mircəlil Qasımlı bildirib ki, dövlət başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-quruculuq prosesinə xüsusi diqqət yetirilməsi mühüm məqamdır. Azad edilmiş ərazilərdə artıq 48 şəhər və kənddə insanların yaşaması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması Böyük Qayıdışın davam etdiyini göstərir. Ağdam məscidindən başlanan bərpa işləri, məscidlərin və digər dini-mədəni abidələrin yenidən qurulması xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığını nümayiş etdirir.
Deputatın sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh gündəliyini irəli sürüb. Prezident İlham Əliyevin çıxışında da Türk dünyasının və Qafqazın sülh şəraitində yaşaması, İslam aləmində həmrəyliyin gücləndirilməsi və xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi əsas çağırışlardan biri kimi səsləndirilib.
“Bu gün dünyada baş verən mürəkkəb proseslər fonunda birlik, qarşılıqlı dəstək və sülh çağırışları xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın seçdiyi sülh gündəliyi, Türk və İslam dünyasında həmrəyliyin gücləndirilməsinə verdiyi önəm regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”, – deyə deputat bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
