Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan müsəlman dünyasında yeni təşəbbüslərlə çıxış edəcək?-Deputat AÇIQLADI


    Ölkəmiz son illərdə müsəlman dünyasında sülh, həmrəylik və əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal və ardıcıl siyasət yürüdür. Azərbaycanın  siyasi-diplomatik təşəbbüsləri, müsəlman dövlətləri ilə münasibətlərin inkişafına verdiyi önəm və müxtəlif beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər bu sahədə mühüm rol oynadığını göstərir. Milli Məclisin deputatı Cavanşir Paşazadə ölkəmizin bundan sonra da müsəlman ölkələri arasında əməkdaşlığın, təhlükəsizliyin və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində hansı təşəbbüsləri irəli sürəcəyi ilə bağlı fikirlərini bölüşüb.

    Mən hesab edirəm ki, Azərbaycan bu məsələdə təkcə siyasi bəyanatlarla kifayətlənən ölkə deyil. Son illərdə Azərbaycan müsəlman dünyasında həm siyasi, həm də diplomatik baxımdan özünəməxsus və fəal mövqe ortaya qoyur. Cənab Prezident İlham Əliyevin müxtəlif beynəlxalq görüşlərdə səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycan müsəlman ölkələrinin taleyinə yalnız ayrı-ayrı dövlətlərin problemi kimi deyil, ümumi məsələ kimi yanaşır.

    Bu gün dünyada baş verən proseslər, xüsusilə müsəlman ölkələrində yaşanan münaqişələr və təhlükəsizlik problemləri hamımızı ciddi narahat etməlidir. Çünki bir ölkədə baş verən hadisənin təsiri artıq yalnız həmin ölkənin sərhədləri daxilində qalmır. Ona görə də müsəlman dünyasının vahid bir ailə kimi daha sıx əməkdaşlıq etməsi, bir-birinin təhlükəsizliyinə, iqtisadi inkişafına və siyasi sabitliyinə daha böyük dəstək verməsi zamanın tələbidir.

    Məncə, Azərbaycan burada təşəbbüslərini daha da genişləndirə bilər. Söhbət hansısa hərbi blokun yaradılmasından getmir. Söhbət müsəlman ölkələri arasında təhlükəsizlik sahəsində məsləhətləşmə və məlumat mübadiləsi mexanizmlərinin, iqtisadi əməkdaşlığın daha güclü platformasının yaradılmasından gedir. Ticarət, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyi, investisiya, müdafiə sənayesi və yeni texnologiyalar sahəsində əməkdaşlıq müsəlman ölkələrinin bir-birindən asılılığını və qarşılıqlı gücünü artıra bilər.

    Azərbaycanın öz təcrübəsi də göstərir ki, siyasi iradə və iqtisadi imkan bir araya gələndə regional əməkdaşlıq real nəticələr verir. Biz hesab edirik ki, Azərbaycan bundan sonra da bu istiqamətdə aparıcı təşəbbüslər irəli sürəcək.

    Əsas məsələ budur: müsəlman ölkələri bir-birinin probleminə yalnız hadisə baş verəndən sonra münasibət bildirməməli, əvvəlcədən birgə fəaliyyət mexanizmləri formalaşdırmalıdırlar. Məncə, Azərbaycanın gələcəkdə verə biləcəyi ən böyük töhfələrdən biri də məhz bu əməkdaşlığın siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sistemli qurulmasına təşəbbüs göstərməkdir”.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ