Sizin reklam burada
Sizin reklam burada
  • Bakı görür və hesablayır: İrəvan hansı oyunun içindədir?



    “Cənubi Qafqazda postmünaqişə dövrünün əsas çağırışı sülhün yalnız sənədlərdə deyil, real siyasi davranışda möhkəmləndirilməsidir. Azərbaycan uzun müddətdir bölgədə davamlı sülhün, təhlükəsizliyin, sabitliyin və qarşılıqlı əməkdaşlığın formalaşması üçün siyasi iradə nümayiş etdirir. Lakin təəssüf ki, İrəvanın bəzi addımları hələ də söylənilən sülh niyyəti ilə praktiki davranış arasında ziddiyyətin qaldığını göstərir”.



    Bunu  Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

    O bildirib ki, Hindistanın müdafiə naziri Rajeş Kumar Sinqin Ermənistana səfəri də məhz bu kontekstdə diqqət çəkir: “Səfər çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanla görüşlər keçirilib, müdafiə və hərbi-texniki əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər iki ölkənin silahlı qüvvələrinin baş qərargahları arasında əməkdaşlığın yeni formatını müəyyənləşdirən sənədləri də mübadilə ediblər”.

    A.Nağıyev əlavə edib ki, səfəri ilk baxışda iki ölkə arasında adi müdafiə əməkdaşlığının genişləndirilməsi kimi qiymətləndirmək olar: “Ancaq Cənubi Qafqazın mövcud reallıqları fonunda məsələyə yalnız ikitərəfli münasibətlər çərçivəsində baxmaq kifayət deyil”.
    Deputat bildirib ki, burada söhbət artıq təkcə silah alışından getmir: “Ermənistan son illərdə müdafiə tərəfdaşlarını şaxələndirmək siyasəti həyata keçirir. Bu prosesdə Hindistan xüsusi yer tutur. SIPRI məlumatlarına istinad edən Reuters-in 2025-ci ildə yaydığı məlumata görə, 2022-2024-cü illərdə Ermənistanın silah idxalının 43 faizi Hindistanın payına düşüb. Bu, iki ölkə arasında hərbi münasibətlərin artıq epizodik xarakter daşımadığını göstərən ciddi göstəricidir.
    Hindistanın Ermənistana müdafiə sistemləri ixracının miqyası da tərəfdaşlığın strateji xarakter aldığını göstərir. Müxtəlif mənbələr 2020-ci ildən etibarən imzalanmış müqavilələrin ümumi dəyərini təxminən 2 milyard dollar səviyyəsində qiymətləndirir. Burada əsas məsələ Hindistanın Ermənistanla əməkdaşlıq etməsi deyil. Azərbaycan bölgədə bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa açıq olan ölkə kimi çıxış edir. Məsələ əməkdaşlığın hansı siyasi məqsədlərə xidmət etməsidir. Əgər hərbi tərəfdaşlıq yalnız müdafiə qabiliyyətinin artırılması və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyırsa, bu, dövlətlərin suveren qərarıdır. Lakin belə əməkdaşlıq regionda yeni qarşıdurma xəttlərinin formalaşdırılmasına, revanşist yanaşmaların güclənməsinə və ya Azərbaycanla Ermənistan arasında yeni rəqabət mərhələsinin yaradılmasına çevrilərsə, artıq məsələ ikitərəfli münasibətlər çərçivəsindən çıxır”.

    Komitə sədrinin fikrincə, Hindistanın Ermənistanla münasibətlərini yalnız İrəvana siyasi dəstək kimi izah etmək də düzgün olmazdı. “Yeni Dehli üçün Cənubi Qafqaz geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyətli məkandır. Ermənistan Hindistan üçün yalnız silah bazarı deyil. Cənubi Qafqazda möhkəmlənən siyasi və hərbi əlaqələr Yeni Dehliyə regiondakı prosesləri daha yaxından izləmək, öz geosiyasi maraqlarını irəli aparmaq imkanı verir. Hindistanlı nazirin irəvana səfərinə də məhz bu prizmadan yanaşmaq lazımdır. Bu səbəbdən Hindistan-Ermənistan münasibətlərinin genişlənməsinə yalnız Bakı-İrəvan münasibətlərinin prizmasından baxmaq da doğru olmaz. Burada Hindistanın Pakistan, Türkiyə, Mərkəzi Asiya, İran və Avropa ilə bağlı daha geniş strateji hesablamaları da mövcuddur”.

    Yaranmış durum və Ermənistan-Hindistan arasında hərbi-texniki sahədəki əməkdşalığa Bakının mövqeyinə gəldikdə deputat deyib ki, Azərbaycanın mövqeyi bundan sonra yalnız Ermənistanla ikitərəfli münasibətlər kontekstində qiymətləndirilə bilməz: “Bakı Cənubi Qafqazın nəqliyyat, enerji və iqtisadi əlaqələrində mühüm aktora çevrilib. Şərq-Qərb və Şimal-Cənub bağlantılarının inkişafı, Zəngəzur istiqamətində kommunikasiyaların gündəmə gəlməsi və Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında artan rolu regiondakı geosiyasi çəkisini daha da artırır. Ona görə də İrəvanın hərbi əlaqələri genişləndirmək hüququ olsa da, bunun Azərbaycanla yeni qarşıdurma məntiqinə çevriləcəyini düşünmək ciddi yanlışlıq olardı. Çünki Bakı bölgədə baş verən prosesləri diqqətlə izləyir və təhlükəsizlik mühitinə təsir edə biləcək istənilən dəyişiklikləri nəzərə alır. Azərbaycanın cavabı isə yeni silahlanma yarışının alovlandırılması deyil, milli təhlükəsizliyinin və regional maraqlarının qorunmasına yönəlmiş adekvat siyasi, diplomatik və strateji addımlar ola bilər”.

    Cənubi Qafqazın onilliklər boyu davam edən qarşıdurma və etimadsızlıq mühitində yaşadığını qeydən edən Arzu Nağıyev bildirib ki, indi regionda regionda dayanıqlı sül, təhlükəsizlik və sıx əməkadşlıq üçün fürsət yaranıb:

    “Belə bir mərhələdə Ermənistanın bir tərəfdən sülhdən, regional əməkdaşlıqdan və sabitlikdən danışması, digər tərəfdən isə müxtəlif istiqamətlərdə hərbi potensialını sürətlə artırması təbii olaraq suallar yaradır.

    Hindistanın Ermənistana hərbi texnologiya və müdafiə sistemləri təqdim etməsi özlüyündə regional sülhün pozulması demək deyil. Lakin bu əməkdaşlığın siyasi istiqaməti və gələcəkdə hansı məqsədlərə bağlanacağı mühüm məsələdir. Əsas məsələ də məhz budur: Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası qurularkən silahlanma deyil, qarşılıqlı etimad əsas prinsip olmalıdır.

    İrəvan isə artıq bir həqiqəti anlamalıdır: Cənubi Qafqaz əvvəlki Cənubi Qafqaz deyil. Burada yeni reallıqlar yaranıb və heç bir hərbi-siyasi kombinasiya Azərbaycanın bölgədə formalaşmış strateji çəkisini nəzərə almadan nəticə verə bilməz.

    Bölgənin gələcəyi isə silahlardan deyil, dövlətlərin siyasi iradəsindən asılıdır. Cənubi Qafqaz üçün ən doğru yol yeni qarşıdurma balansı yaratmaq deyil, mövcud imkanları davamlı sülhə, təhlükəsizliyə, sabitliyə və regional əməkdaşlığa çevirməkdir”.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ