YAP Qax rayon təşkilatının sədri
Fevralın 25-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı və Xocavənd rayonlarına səfər etdilər. Xocalı rayonunun Xanabad kəndində görülən işlərlə tanış oldular, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Dövlət başçısı İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə göründəki çıxışında bir daha diqqəti tarixi Zəfərimizə qədərki dövrün reallıqlarına, ərazi bütövlüyümüzün təmin edilməsi üçün görülən hazırlıq işlərinə yönəltdi. Hazırlıq dövrünün çox çəkdiyini və bunun təbii olduğunu qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, çünki güc yığmalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli, Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı, Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdi. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Hər gün, hər ay Qələbəyə doğru addımlayırdıq.
Bu Memorial Kompleksin məhz Xocalıda açılması da dərin rəmzi məna daşıyır. Çünki illərlə öz doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayan Xocalı sakinləri bu gün həm ədalətin, həm də dövlət qayğısının canlı şahidlərinə çevriliblər. Cənab Prezidentin çıxışında səsləndirilən fikir bir daha təsdiqlədi ki, Azərbaycan xalqı öz tarixini unutmur, düşmənin törətdiyi vəhşilikləri bağışlamır, lakin qisası da hüquq və ədalət çərçivəsində alır.
Prezident həmçinin inşa edilmiş Memorialı “sarsılmaz yaddaşın təcəssümü” kimi xarakterizə etmişdir. Bu kompleks yalnız faciənin xatirəsini əbədiləşdirməyəcək, eyni zamanda, gələcək nəsillərə tarixi dərs verəcək, xalqın əzmkarlığını və şərəfini yaşadacaqdır. Memorial kompleksinin Azərbaycanın güclü və suveren dövlət olduğunu göstərən mühüm simvoldur. Azərbaycan artıq 1990-cı illərdəki vəziyyətdə olmadığı, güclü ordu və sabit siyasətə malik olduğu bütün dünyaya nümayiş etdirilmişdir. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində dünyada dövlətimiz qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır. Bu gün xalqımız sülh içində yaşayır və bunun təminatçısı Azərbaycan dövlətidir, Ölkə Başçısının siyasətidir.
