YAP Qax rayon təşkilatının məsləhətçisi
44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfər nəticəsində torpaqlarımız, o cümlədən doğma Xocalımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu Zəfər, eyni zamanda, Xocalı qurbanları da daxil olmaqla, bütün şəhidlərimizin qisasının alındığını bütün dünyaya nümayiş etdirdi. Soyqırımı cinayətlərində iştirak etmiş bir qrup erməni separatçısının Azərbaycanda məhkəmə qarşısına çıxarılması isə ədalətin bərpasının və dövlət iradəsinin təntənəsidir.
Bu gün Xocalıda soyqırımı qurbanlarının əziz xatirəsinin ehtiramla anılması dövlətimizin gücünün və qüdrətinin bariz göstəricisidir. Bu, eyni zamanda, hər birimizə Xocalı soyqırımına fərqli yanaşma ilə, tarixi Zəfərə aparan yolda sınmaz iradə və milli qürur nümayiş etdirmiş xalqın mənəvi dirənişinin simvolu kimi baxmaq imkanı yaradır.
Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin düz iki il əvvəl imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Açılış mərasimində iştirak edən ölkə başçısı xocalılarla görüşərək mərasimdə geniş çixış edib. O, ilk növbədə bildirib ki, bu Memorial silinməz yaddaşımızın təcəssümü olacaq. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Dövlət başçımız bildirdi ki, “Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam. Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir”.
Xocalıda Xocalı Soyqırımı Memorialının açılışı Azərbaycan gerçəkliklərinin tarix fonunda ehtiramın, Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin bəşəriliyinin rəmzi kimi tarixləşdi. Xalq tarixi Zəfərdən sonra tarixi ədalətin rəmzini də ehtiramlarla yaşadacaq!..
