Bu sözləri Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin də iştirak etdiyi Sülh Şurasının ilk iclasında beynəlxalq sülhün, təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təşviqi geniş müzakirə edilib:
“Bu məqsədlə Sülh Şurasında müxtəlif ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, ekspert icması birlik nümayiş etdirdi.
Səfər çərçivəsində dövlətimizin başçısı ilə yanaşı, nümayəndə heyətinin üzvləri də iclasın işində iştirak etmiş, qlobal və regional təhlükəsizlik gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparmışlar. Bu bir reallıqdır ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanan yanaşmasi bu gün ən yüksək səviyyədə təqdir olunur. Məhz bu reallıqda davamlı sülhün təmin olunması yalnız dialoq, konstruktiv əməkdaşlıq və beynəlxalq hüququn norma və prinsiplərinə riayət yolu ilə mümkün olduğu bir daha bəyan edilib.
Azərbaycanın son illər regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar bu gün diqqət mərkəzindədir”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün post-münaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma layihələri regional əməkdaşlıq üçün yeni imkanlar açır:
“Bu gün ölkəmizin irəli sürdüyü humanitar təşəbbüslər, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya layihələrinin beynəlxalq tərəfdaşlıq baxımından əhəmiyyəti olduqca böyükdür.
Sülh Şurasının ilk iclası çərçivəsində keçirilən müzakirələr zamanı da qlobal çağırışlar – silahlı münaqişələr, iqlim dəyişiklikləri, enerji və ərzaq təhlükəsizliyi məsələləri geniş şəkildə təhlil olundu. Bu kontekstdə Azərbaycan beynəlxalq platformalarda fəal iştirak etməklə yanaşı qlobal problemlərin həllinə töhfə verməyə hazır olduğunu bir daha bəyan etmiş olur”.
