Xüsusilə beynəlxalq tədbir çərçivəsində, ev sahibi ölkənin təhlükəsizlik perimetri daxilində belə təxribat törətmək Azərbaycanın imicinə zərbə vurmaqdan başqa heç nəyə xidmət etmir. Tarix də göstərir ki, bu cür radikal üsullar heç zaman nəticə verməyib. Əksinə, ölkəmizin artan nüfuzuna və diplomatik mövqelərinə xələl gətirmək cəhdindən başqa bir məna daşımayıb.
Hesab edirəm ki, dövlətçilik məsələsi siyasi baxışlardan üstündür. Azərbaycan dövləti və onun rəhbərliyi beynəlxalq platformalarda ölkəmizi təmsil edərkən, hər bir vətəndaş fərqli mövqedə olsa belə milli maraqları şəxsi və ya qrup ambisiyalarından üstün tutmalıdır. Bir siyasi partiya olaraq bu cür təxribatçı və radikal hərəkətləri qətiyyətlə pisləyirik. Siyasi mübarizə yalnız hüquqi çərçivədə, sivil və mədəni üsullarla aparılmalıdır. Dövlətimizin təhlükəsizliyinə və beynəlxalq nüfuzuna yönələn istənilən addım qəbuledilməzdir.
Azərbaycanın artan gücü və beynəlxalq mövqeyi bu cür ucuz təxribatlarla sarsıla bilməz. Dövlətçilik məsuliyyəti hər kəs üçün qırmızı xətt olmalıdır.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyası - MCP
Sədr müavini
