Mövzu ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, müharibədə qalib gəlmək tam qələbə demək deyil: “Müharibəni uda bilərsən, lakin yeni müharibə, revanş ehtimalı və gərginlik qala bilər. Tam qələbəyə nail olmaq üçün diplomatik masada da uğur qazanmaq lazımdır. Bu da sülh müqaviləsinin imzalanmasından keçir".
Deputat qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından beş il keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsi imzalanmayıb. Onun sözlərinə görə, 8 avqustda Vaşinqtonda sülh sazişinin 17 maddədən ibarət layihəsi paraflansa da, bəzi prinsipial məsələlər prosesin uzanmasına səbəb olub.
“Sülh müqaviləsini ləngidən əsas məqamlar ATƏT-in Minsk qrupunun və onun strukturlarının ləğvi, həmçinin Ermənistan konstitusiyasına edilməli dəyişikliklərlə bağlı idi. Hər iki məsələ Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdü və son dərəcə prinsipial xarakter daşıyırdı. Birinci məsələ artıq həllini tapdı, həmsədrlik institutu ləğv olundu".
Deputat əlavə edib ki, Ermənistanın konstitusiyasında dəyişikliklərin edilməsi zəruridir: “Ermənistanda referendum keçirilməli və qonşu dövlətlərə qarşı ərazi iddialarını ehtiva edən maddələr konstitusiyadan çıxarılmalıdır. Əminəm ki, bundan sonra sülh müqaviləsi imzalanacaq. Kommunikasiyalar tamamilə açılacaq, iqtisadi münasibətlər bərpa olunacaq. Bu da tam diplomatik qələbə deməkdir".
Nəsib Məhəməliyev sonda vurğulayıb ki, Azərbaycanın diplomatik uğurları hər bir müzakirə platformasında öz təsdiqini tapır:
“İndiyədək müxtəlif platformalarda aparılmış sülh danışıqlarının hər birində Azərbaycan diplomatiyası uğur qazanıb. Belə də olmalıdır – müharibəni udan dövlət, masa arxasında da şərtləri diktə etməlidir".
