
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
Regional məsələlər
komitəsinin üzvü
Zəngin, füsünkar təbiətə, müxtəlif coğrafi, iqlim xüsusiyyətlərinə malik Vətənimizin hər bir quşəsi, o cümlədən şəhər, rayon və kəndlərimiz bizim üçün, bütün Azərbaycan xalqı üçün canından belə əzizdir.
1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan Azərbaycan Respublikası artıq 35 ilə yaxın müddətdə davamlı olaraq inkişaf etməkdədir. Bu müddət ərzində ölkəmiz iqtisadi, sosial sahələr və beynəlxalq əlaqələrdə mühüm nailiyyətlərə imza atdı, hərtərəfli inkişafını təmin etdi.
Lakin, müstəqilliyimizin ilk illərində torpaqlarımıza göz dikmiş qəsbkar Ermənistan dövləti Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa hərbi təcavüz etdi. Təcavüz nəticəsində mədəniyyət incimiz Şuşa, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər və bir sıra digər şəhərlərimiz işğal altına düşdü, o dövrdə hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş qüvvələrin əli ilə torpaqlarımızın bir hissəsi düşmənin nəzarətinə keçdi. Bu işğal 30 il müddətində Azərbaycan xalqının dinməz ağrısına çevrildi.
2020-ci ildə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini rəhbər tutan Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin Azərbaycanın müzəffər Ordusuna etdiyi əmr qəhərman xalqımızın igid övladları tərəfindən 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində ilk dəfə olaraq torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda regionlarımızın idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi.
Təsadüfi deyil ki, keçdiyimiz beş ildə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi Şərqi Zəngəzur və Qarabağ İqtisadi Zonalarını regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Ümumiyyətlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılır, xalqımızın rifah halının yaxşılaşdırılması və əldə olunan nailiyyətlərə hər bir sahədə əlçətanlığın təmin olunması üçün ardıcıl, davamlı siyasət həyata keçirilməkdədir.
Bu günlərdə xalqımız Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Cəbrayıl şəhərinin işğaldan azad olunmasının beşinci ildönümünü qeyd edir. Birinci Qarabağ Müharibəsində Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb.
2020-ci il 4 oktyabr tarixində düşmən Cəbrayıl şəhərindən qovulmuş, rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edildi.
Artıq Azərbaycan xalqı böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Böyük Qayıdış çərçivəsində 2024-cü ildə 31 illik fasilədən sonra Cəbrayıl sakinlərinin öz doğma şəhərinə ilk qayıdışı baş tutdu. Azərbaycan Prezidentinin sakinlərlə görüşü, onlara evlərinin açarlarını şəxsən təhvil verməsi, ümumiyyətlə ölkə başçısının son 5 il ərzində Cəbrayıla 10 səfəri, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirak etməsi işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma və tikinti işləri nəinki diqqət mərkəzində olduğunu, eyni zamanda Azərbaycanın regionda sülhün, əmin-amanlığın təmin olunmasında qətiyyətini nümayiş etdirdiyini göstərir.
Bu gün Cəbrayılda həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Sevindirici haldır ki, Cəbrayıla səfər edən qonaqlar Azərbaycan hökuməti tərəfinfən hayata keçirilən abadlıq işləri ilə tanış olurlar. 2023-cü ilin 25 iyul tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Cəbrayılın əvvəlki şöhrəti bərpa olunmaqdadır. Burada məskunlaşma siyasəti uğurla icra olunur, həm böyük nəqliyyat, sənaye, turizm infrastrukturu, həm də dədə-baba yurdlarına qayıdan soydaşlarımız üçün lazımi bütün şərait yaradılır.
Xüsusilə bu gün dünyada məskunlaşma siyasəti və “2030 Gündəliyi”ndə yer alan Dayanıqlı İnkişaf Məqsədlərinin çağırışlarına cavab verən, həmin məqsədlərin icrasına nəzarət edən Birləşmiş Millətlər Təşkilatı da bu işlərə yaxından cəlb olunmalı və əzm göstərməlidir. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə beynəlxalq standartlara cavab verən fəaliyyətinin yeni müstəvidə davam etdirilməsinə öz töhfəsini verə bilər.
Təsadüfi deyil ki, dünyanın mötəbər tədbirlərinə ev sahibliyi edən Azərbaycan 2026-cı ildə sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platforma olan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək.
Həmin tədbirdə ölkəmiz doğma Qarabağımızda həyata keçirilən müasir və yeni texnologiyalarla zəngin şəhərsalma qaydalarının, məskunlaşma siyasətinin vacib prosedurlarının, eyni zamanda tarixi irsin qorunması işininin milli konsepsiya olaraq tətbiq olunması üçün imkan əldə edəcəkdir.