-Nəsib müəllim, BMT Baş Assambleyasının
Toplantısı dünyada problemlərin həllinə töhfə verə bilərmi?
-BMT, dünyada sülhün, əmin-amanlığın qorunması, ölkələr arasında dostluq, əməkdaşlıq münasibətlərinin inkişafı etdirilməsi və bir çox digər problemlərin həll olunmasında əsas söz sahibi olan Beynəlxalq Universal Təşkilatdır. Baş Assambleyanın sessiyalarında dünyada baş verən proseslər müzakirə olunur. Yekun həftədə isə, dəvət olunmuş dövlət, hökumət başçıları qlobal və regional problemlər, ölkələrin qarşısında duran vəzifələr barədə çıxışlar edirlər. Son illər, BMT öz nizamnaməsindən irəli gələn vəzifələri tam yerinə yetirə bilmədiyinə, beynəlxalq qanunların işləmədiyinə, ikili standartların mövcudluğuna görə kəskin tənqid olunur. Mən də hesab edirəm ki, BMT, müasir dövrün tələblərinə cavab vermir və bu Təşkilatda dərin islahatlar aparılmalıdır. İlk növbədə struktur islahatları. Ancaq demək olmaz ki, BMT tam fəaliyyətsizdir. Əksinə, bir çox beynəlxalq təşkilatlarla müqayisədə obyektivliyini qorumağa çalışır. Ən son misal, bu gün Vaşinqtonda, Qəzza ilə bağlı, İsrail-Fələstin qarşıdurmasında əldə olunan uğurlar, BMT Baş Assambleyasında keçirilən müzakirələrin nəticəsidir.
-Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı keçitdiyi görüşlər və BMT-nin toplantısına qatılması hansı dividentlər qazandıracaq?
-Prezident İlham Əliyevin ABŞ səfəri çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, dövlət və hökumət başçıları, iri biznes nümayəndələri ilə apardığı danışıqlar yüksək səviyyədə keçdi. BMT Baş Assambleyasındakı çıxışı isə, müsbət təəssüratlarla qarşılandı. Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regional və qlobal problemlərin həlli istiqamətində görülən işlər, ələlxüsus, COP-29, Xəzər dənizinin ekologiyası ilə bağlı həyəcan təbili çalması, beynəlxalq ictimaiyət tərəfindən maraqla qarşılandı. Divident məsələsinə gəldikdə isə, böyük siyasətdə müsbət nəticələr əldə olunması üçün vaxt lazımdır. Dövlət Başçımızın keçirdiyi hər bir görüş, əməkdaşlıq üçün yeni imkanlar açır. Cənab Prezident konkret olaraq hər bir dövlətlə, şirkətlərlə münasibətləri, strategiyanı müəyyənləşdirir. Taktiki addımlar isə, hökumət üzvlərinin çevikliyindən, yararlanmaqlarından asılıdır.
-ABŞ Azərbaycan münasibətlərinin perspektivini necə dəyərləndirmək olar?
-ABŞ-Azərbaycan münasibətləri, müəyyən dövrləri çıxmaq şərtilə, hər zaman qarşılıqlı hörmətə söykənmişdir. Əsrin neft kontraktlarının imzalanmasında, ixrac boru kəmərlərinin inşasında ABŞ Azərbaycana dəstəyini əsirgəməmişdir. Azərbaycan terror əleyhinə mübarizədə ABŞ-n yanında olmuş, Əfqanıstan, Yaxın Şərq logistik dəstək vermişdir. Əvvəlki Bayden administrasiyası zamanında ənənəvi, hər iki tərəfin maraqlarına cavab verən münasibətlər pozulsa da, Donald Trampın praqmativ davranışları, Prezident İlham Əliyevə olan şəxsi simpatiyası, münasibətlərdə 180 dərəcə dönüş yaratdı. Strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandı. ABŞ-Azərbaycan münasibətlərinin perspektivini müsbət dəyərləndirirəm.
-Paşinyanın partiyasının qurultayında səsləndirdiyi fikirləri sülh prosesinin perspektivi baxımından necə şərh etmək olar ?
-Paşinyanın, Partiyasının qurultayında səsləndirdiyi fikirlər, Ermənistan-Azərbaycan münasibətlərindəki bu günki reallıqlarla uzlaşır. Xüsusilə, “Qarabağ erməniləri Ermənistan vətəndaşlığını qəbul etməlidirlər”, onların geri qayıtmalarının mümkün olmamasını bildirməsi, diqqət çəkir. Məhz, bu bəyanat çoxsaylı diaspora və lobbi təşkilatlarının təxribatlarına cavabdır.
“Qarabağ Ermənistandır fikrinin, Qarabağ Azərbaycandır” fikri ilə əvəzlənməsinə aydınlıq gətirməsi, Vaşinqtonda imzalanmış bəyannamənin , Prezident İlham Əliyevin apardığı diplomatiyanın nəticəsidir.
Hesab edirəm ki, Paşinyanın açıqlamaları erməni cəmiyyətində dolaşan bir çox suallara aydınlıq gətirməklə, sülh prosesini yaxınlaşmasına xidmət edir.
-Musahibəyə görə təşəkkür edirəm!
Bəradər Səməndərli
"Atributinfo.az"
